Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Ötən il Myanma yazıçıların həbsinə görə önə çıxıb


Myanma ordusu
Myanma ordusu

"The Guardian" "PEN America" ifadə azadlığını müdafiə təşkilatına istinadən yazır ki, ötən il Myanmada (Birma) başqa ölkələrdəkindən daha çox yazar, ictimai xadim və ziyalı həbs edilib.

36 ölkədən azı 277 yazıçı

"PEN America" hər il həbs olunan yazarların siyahısını tərtib edir və onu "Yazmaq azadlığı indeksi" (The Freedom to Write Index) adı altında dərc edir. Builki hesabatda deyilir ki, Myanmada hakimiyyətə nəzarət edən hərbi xunta 2021-ci il ərzində azı 26 yazıçını həbs edib. Məqsəd Aun San Su Çjinin demokratik seçilmiş hökumətini devirərək hakimiyyəti ələ keçirdikdən sonra hər hansı müxalif fikirləri boğmaq olub.

PEN-in araşdırmasına görə, ümumilikdə Myanma həbs edilən yazıçı və ictimai xadimlərin sayına görə dünyada yalnız Çin (85) və Səudiyyə Ərəbistanından (29) geri qalır. Çində həbsdə saxlanan yazıçıların çoxuna uzun həbs cəzaları verilib. Onların çoxu daha öncəki illərdə həbs edilib.

Ümumilikdə isə ötən il bütün dünyada yazılarına və ya düşüncələrini ifadə etdiklərinə görə 36 ölkədən azı 277 yazıçı həbs edilib. PEN-in hesabatında belə deyilir.

26 yazarın çoxuna hələ iş kəsilməyib

"PEN America"nın "azad ifadə risk altında" proqramlarının direktoru Kerin Doyç Karlekar bu rəqəmlərin dözülməz dərəcədə yüksək olduğunu deyib. "Myanmada və dünyanın başqa ölkələrində yazar və ictimai xadimlər öz ifadə azadlıqlarından istifadə etdiklərinə və bir çox hallarda yazının gücündən avtoritarizmə müqavimətdə yararlandıqlarına görə həbsə atılır", –o bildirib.

Myanmada 2021-ci ilin fevralında baş vermiş çevrilişdən sonra çox sayda şair və yazıçı öz yazılarında hərbçilərin özbaşınalığı ilə bağlı qəzəb və kədər ifadə edib, etiraza çağırıb.

PEN-in hesabatında deyilir ki, Myanmada 2021-ci ildə həbs edilən 26 yazarın əksəriyyətinə hələ iş kəsilməyib. Ancaq onlar həbsxanada saxlanılır. Sözügedən yazarlar Myanmada xuntanın həbsə atdığı insanların yalnız bir hissəsini təşkil edir. Xunta öz hakimiyyətinə qarşı müxalifliyindən şübhələndiyi insanları həbs edir. Onların arasında tələbə etirazçılar da var, xuntanın nəzarətində olan müəssisələrdə işləməkdən imtina edən müəllim və həkimlər də.

İran

PEN-in hesabatında İranda yazarların üzləşdiyi təzyiqlə bağlı xüsusi narahatlıq ifadə olunub. Bu ölkədə 21 yazarın həbsə atıldığı bildirilir. Bundan başqa, Belarusda da vəziyyətin get-gedə pisləşdiyi qeyd olunur. Bu ölkədə çox sayda yazıçı 2020-ci ildə güclənən təqiblər zamanı həbs edilib. Ötən ilsə Belarusda daha 10 yazıçı həbsxanaya salınıb.

Hesabatda deyilir ki, bütün dünyada həbs edilən hər beş yazardan birinə 10 il və daha artıq həbs cəzası kəsilir. PEN-in 2021-ci il üçün indeksinə daxil edilmiş yazar və alimlərdən dördü həbsxanada həyatını itirib. Onların arasında iranlı şair və kinorejissor Bəktaş Abtinin adı da var. O, 2022-ci ilin yanvarında həbsxanada COVID-dən vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG