Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:15

Myanmada nə baş verir


Banqladeşə qaçan Rohinca müsəlmanları

Ötən həftə Myanmanın (Birma) Rohinca müsəlmanlarından ibarət yaraqlılar təhlükəsizlik qüvvələriylə toqquşub, 100-dən çox adam ölüb, azı 18 min nəfər qonşu Banqladeşə qaçıb. Hücuma görə məsuliyyəti Arakan Rohinca Xilas Ordusu (ingiliscə qısa adı – ARSA) üzərinə götürüb.

QRUPLAŞMA NƏDƏN YARANDI

«The Associated Press» agentliyi yazır ki, bu qruplaşma ötən il Səudiyyə Ərəbistanında yaşayan Rohinca müsəlmanlarından yaradılıb. Bu haqda ötən il Beynəlxalq Böhran Qrupu (ICG) hesabat da hazırlamışdı. Qruplaşmaya Məkkədə böyümüş Attullah Abu Amar Jununi və 20 Rohinca mühacirindən ibarət komitə rəhbərlik edir. ICG bildirir ki, Jununi və digərlərinin Pakistan və Əfqanıstanda hərbi təlim keçməsi barədə məlumatlar var.

ARSA-nın Səudiyyə Ərəbistanındakı və Yaxın Şərqin digər yerlərindəki Rohinca diasporundan və donorlardan maliyyə aldığı bildirilir.

Təhlilçilər bu qrupun yaradılmasına görə Myanma hökumətini suçlayırlar. Belə ki, bu, əsasən, buddist ölkənin hökumətləri Rohincanın əsas hüquqlarını və vətəndaşlıqlarını danıb, onların çoxunu Banqladeşdən gələn xarici işğalçılar sayıb. Ancaq Rohinca müsəlmanları Myanmada nəsillər boyu yaşayıblar. Banqladeş də ittihamları rədd edib.

2012-ci ildə müsəlmanlara qarşı zorakılıqdan sonra 120 mindən çox Rohinca müsəlmanı didərgin düşüb, bununla silahlı qiyamın da toxumları səpələnmiş olub. 2015-ci il seçkisində rohincalıların hüquqlarının pozulması alovu daha da körükləyib.

Pakistanda Rohinca müsəlmanlarına hücumlara qarşı etiraz
Pakistanda Rohinca müsəlmanlarına hücumlara qarşı etiraz

BÜTÖV KƏNDLƏR YANDIRILIB

2016-cı ilin oktyabrın 9-da ARSA ilk əməliyyatını keçirib. Bıçaq, sapand və tüfənglə silahlanmış yüzlərlə rohincalı kişi Raxin ştatında üç polis postuna hücum edib, doqquz polis öldürülüb. Ordu buna sərt cavab verib, insan haqları qrupları bir neçə ay ərzində bütöv kəndlərin yandırıldığını qeyd edir. BMT təhlükəsizlik qüvvələrini qadınları zorlamaqda, uşaqları, hətta körpələri edam etməkdə suçlayıb. Bu cinayətlərin bəzilərinin hətta insanlığa qarşı cinayətə bərabər olduğu bildirilib.

İndiki zorakılığın miqyası lap böyükdür. ARSA azı 20 polis postuna hücuma edib. «Human Rights Watch»un təhlil etdiyi peyk təsvirləri göstərir ki, 2016-cı ildə yandırılmış yerlərdən beş dəfə böyük ərazidə evlərə od vurulub.

Hücumların koordinasiya olunması yaraqlıların təkmilləşdiyini, həmçinin yeni taktika qəbul etdiyini ortaya qoyub. ICG-nin Asiya proqramının direktoru Anagha Neelakantan deyib ki, ARSA-nın buddist kəndlərinə hücumları, dinc sakinləri öldürməsi barədə məlumatlar var. Daha öncə qrup ancaq dövlətə hücum edirdi. Onun sözlərinə görə, təsdiqlənərsə, «bu, ciddi yenilikdir» və münaqişəni dramatik şəkildə genişləndirə bilər.

ÖZLƏRİNİ AZADLIQ MÜCAHİDLƏRİ SAYIRLAR

Təhlilçilərin fikrincə, bu qruplaşma cihadçı motivlər sərgiləməyib və ARSA terrorçu qruplaşmalarla bağlılığı olmadığını bildirib. Son aylar qrup azadlıq mücahidləri olmaları fikirlərini yayır, məqsədlərinin xalqı müdafiə etmək olduğunu deyirlər. Bunu Myanmanın Yanqon şəhərində yaşayan müstəqil təhlilçi David Mathieson deyir.

Qrupda nə qədər döyüşçünün olduğu bəlli deyil. Son hücumlardan sonra Myanma hökuməti onları «ekstremist benqal terrorçuları» adlandırır.

Myanmada Rohinca müsəlmanlarının sayının 1 milyon olduğu söylənir. Yaraqlıların onların nə qədərinin dəstəyini aldığı bəlli deyil. Bəzi məlumatlara görə, ARSA özünün nüfuzunu və nəzarətini gücləndirmək məqsədilə əhali arasında şübhəli informatorları edam edib.

Artıq zorakılıq hər iki tərəfin mövqeyini sərtləşdirib və ictimai nifrəti dərinləşdirib. Mathieson-un fikrincə, «işlər daha da pisləşəcək. Qətl başladımı, bunu dayandırmaq çətin olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG