Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 12:31

Əfqan Muxtarlı: ‘Vicdanın olsun...’


Foto arxivdəndir
Foto arxivdəndir

"İnsanı başqa varlıqlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri vicdandır. Çalışın, vicdanlı olun. Prezident Administrasiyasından gələn sifarişlə yox, vicdanla qərar verin ki, sabah bu iş Avropa Məhkəməsinə gedəndə pis vəziyyətə qalmayasız. Vicdanın səsini xalqın səsi kimi Məzahir Pənahov (MSK sədrini nəzərdə tutur. Tənqidçilər ölkədə keçirilən seçkilərdə nəticələrin saxtalaşdırıldığını desə də, rəsmilər bunu qətiyyətlə təkzib edir – red.) vasitəsilə oğurlamaq mümkünsüzdür", – həbsdə olan jurnalist Əfqan Muxtarlı aprelin 24-də Şəki Apellyasiya Məhkəməsində onun işinə baxan hakimlərə müraciət edərək belə deyib.

Jurnalistin 6 il azadlıqdan məhrum edilməsi barədə Balakən Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Jurnalistin işində zərərçəkmiş qismində tanınan gizir var - Qafur Məmmədov. İddia olunur ki, Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçərkən onu saxlamağa çalışan Məmmədovu vurub, ona xəsarət yetirib.

Aprelin 24-də məhkəmədə Qafur Məmmədov dindirilərkən onunla Əfqan Muxtarlı arasında mübahisə yaranıb. Zərərçəkmiş deyib ki, Əfqan Muxtarlı onu vurandan sonra ertəsi gün həkimə gedib müayinədən keçib. Muxtarlı bildirib ki, bu adam ertəsi gün Bakıda onunla üzləşmədə olubsa, Balakəndə necə həkim müayinəsindən keçib?

"Vicdanın olsun, utanmırsan gəlib burada üzə durursan?", – deyən Əfqan Muxtarlıya hakim xəbərdarlıq edib ki, onu zaldan çıxarıb, məhkəməni onun iştirakı olmadan davam etdirəcək.

Təqsirləndirilən jurnalist xəbərdarlığa belə cavab verib: "Çıxarmaq nəyi dəyişəcək ki? Onsuz da sizə nə sifariş verilibsə, onu da icra eləyəcəksiz".

“VƏKİLLƏRİ BİR-BİR UZAQLAŞDIRIRLAR”

Məhkəmədə jurnalistin vəkili Elçin Sadıqov 14 vəsatət qaldırıb. Onların arasında Əfqan Muxtarlının həbsindən sonra Gürcüstanda bir neçə təhlükəsizlik əməkdaşının işdən çıxarılmasıyla əlaqədar qonşu ölkəyə sorğu göndərilməsi, həkim rəyinin alınması və başqa məsələlər vardı.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Əfqan Muxtarlı özü də çıxış edib. İttihamların saxta olduğunu, Gürcüstandan oğurlanıb gətirildiyini deyən jurnalist vurğulayıb ki, Əliyevlər ailəsinin biznesilə bağlı araşdırmalarına görə cəzalandırılıb.

Əfqan Muxtarlı vəkili Nemət Kərimlinin onunla bağlı açıqlamasına görə cəzalandırılması - bir illik vəkillikdən uzaqlaşdırılmasından da danışıb.

Bildirib ki, bu hadisənin özü həm onun həbsinin, həm də Nemət Kərimlinin vəkillikdən uzaqlaşdırılmasının siyasi sifariş olduğunu təsdiqləyir.

Jurnalist vəkillərin cəzalandırılması ilə əlaqədar beynəlxalq təşkilatlara da müraciət edərək, onları kampaniyaya başlamağa çağırıb:

"Siyasi məhbusları, haqsız yerə həbs olunanları müdafiə edən vəkilləri bir-bir uzaqlaşdırırlar. Xalid Bağırov, Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Əsabəli Mustafayev, Nemət Kərimli... Bu məsələni diqqətdən kənarda qoymaq olmaz".

Prokuror apellyasiya şikayətinin təmin olunmamasını, Balakən Rayon Məhkəməsinin hökmünün dəyişdirilməməsini istəyib.

Qısa müşavirədən sonra hakimlər də hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Xatırlatma

Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib.

Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb.

İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Əfqan Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş" adlandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG