Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 05:18

Mutko Dünya Çempionatı təşkilat komitəsinin sədrliyindən getdi


Vitali Mutko

Vitali Mutko 2018-ci il Dünya Futbol Çempionatının təşkilat komitəsinin sədri vəzifəsindən istefa verib.

Cənab Mutko uzun müddət idi ki, Rusiya idmançıları üçün dövlət səviyyəsində təşkil edilmiş dopinq sxemindəki roluna görə beynəlxalq idman icması tərəfindən kəskin tənqid olunurdu.

Təşkilat komitəsinin dekabrın 27-də yaydığı bəyanatda deyilir ki, sədrlik hazırda komitənin baş icraçı direktoru olan Aleksey Sorokinə keçir. Mutko bundan sonra yalnız çempionata regionlarda aparılan hazırlıq işlərinə və stadionların tikintisinə nəzarət edəcək.

Bundan iki gün əvvəl, dekabrın 25-də Rusiya baş nazirinin idman məsələləri üzrə müavini Mutko Rusiya Futbol İttifaqının prezidenti vəzifəsindən müvəqqəti olaraq getdiyini bəyan etmişdi.

Dünya Anti-Dopinq Agentliyinin və Beynəlxalq Olimpiya Komitəsinin təhqiqatları 2014-cü ilin Qış Olimpiadası zamanı dövlət tərəfindən təşkil edilən dopinq proqramında Mutkonun rolu olduğunu iddia edirdi.

59 yaşlı Mutko Soçi Olimpiadası zamanı Rusiyanın idman naziri idi və dopinq iddialarını qəti şəkildə rədd edirdi.

Olimpiya rəsmiləri Mutkonu şəxsən və birbaşa dopinq sxemində iştirak etməkdə ittiham etməsələr də, bir nazir kimi məsuliyyətinə görə ona ömürlük Olimpiya qadağanı qoyublar.

Bütün bunlara baxmayaraq, Mutko son iki ildə müxtəlif vəzifələr tutmuş, hətta 2015-ci ildə baş nazirin müavini vəzifəsinə təyin edilmişdi.

Dopinq qalmaqalının ardınca yüzlərlə Rusiya idmançısına olimpiadalarda və başqa idman yarışlarında iştirak qadağanı qoyulub.

Mutko israr edir ki, 2014-cü ilin Olimpiadasında Rusiya idmançıları dopinq qəbul etməyiblər və Olimpiya rəsmilərinin təhqiqat sənədlərinə baxmayaraq dopinqlə bağlı ayrı-ayrı hallarla dövlətin heç bir əlaqəsi olmayıb. Rusiya rəsmiləri deyirlər ki, dopinq hallarına görə məsuliyyəti bəzi məşqçilər və idmançılar daşıyırlar.

Dekabrın 27-də Mutko bildirib ki, o özü barədə Olimpiya qadağanından İdman Arbitrajına rəsmi şikayət təqdim edib.

Mutko bu ayın əvvəllərində Dünya Çempionatının Moskvada keçirilən püşkatma mərasimi zamanı da böyük futbol tədbirinin rəhbərliyindən istefa verməsinə edilən çağırışıları rədd etmişdi.

Buna baxmayaraq FIFA-ya Mutko barəsində intizam tədbirnin görülməsi üçün dünya boyunca müxtəlif futbol rəsmilərindən çağırışlar edilirdi.

FIFA Mutkonun istefası barədə şərhində dopinq iddialarından söz açmır, əksinə Rusiya nazirinə “bu böyük idman tədbirinin hazırlığına verdiyi töhfəyə görə” təşəkkür edir.

XS
SM
MD
LG