Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Müsavatın da yürüş-mitinqinə razılıq verilmədi 


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi yürüş-mitinqə razılıq verməyib.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Mərkəzi Aparatinin rəhbəri Gülağa Aslanlı bildirib:

“BŞİH bunu yürüş-mitinq üçün seçilən marşrutda nəqliyyatın sıx hərəkəti ilə əlaqələndirib. Biz metronun “Azadlıq” stansiyasından “Dərnəgül” stansiyasına və alternativ olaraq “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək ərazidə yürüş keçirməyi nəzərdə tuturduq”.

O, BŞİH-nin Müsavat Partiyasına verdiyi cavabda qeyd edilənləri sonra da belə çatdırıb:

“Orada yazılmışdı ki, təklif etdiyiniz marşrut boyu nəqliyyatın sıxlığı müşahidə olunur. Həmin marşrutlarla yürüşün keçirilməsi üçün də yolların bağlanması tələb olunur. Onların bildirməsinə görə, bu isə tıxacların yaranmasına, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq. Eyni zamanda, qeyd edilirdi ki, müəyyən etdiyiniz istiqamətlərdə əhali daha sıx hərəkətdədir, metropolitenin iş ahənginin təmin olunmasında problemlər yarana bilər...”

Gülağa Aslanli BŞİH-nin cavabını ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, insan azadlıqları barədə Konstitusiya müddəalarının tapdanması kimi dəyərləndirir:

“Bu cavabla hakimiyyət bir daha sübut etdi ki, insan azadlıqlarına öz baxış bucağından yanaşır və ona necə sərf edirsə həmin cavabı verir”.

Aparat rəhbəri deyib ki, yürüş-mitinqdə “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşamğa maneələr aradan qaldırılsın” və başqa şüarları səsləndirməyi nəzərdə tuturdular.

BŞİH bu il bundan əvvəl Demokratik Qüvvələrin Milli Şurasının 3 aksiyasına da müsbət cavab verməyib.

Qurum Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin aksiyanın gerçəkləşdiyi məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırmışdı.

Milli Şura isə bunu bəhanə sayaraq, mitinqə icazə verilməməsini hakimiyyətin yanvarın 19-da keçirilən aksiyanın kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.

Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Mehman Hüseynov martın 2-də azadlığa çıxıb.

XS
SM
MD
LG