Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:18

Müsavatçı fəala 25 sutka verildiyi deyilir


Elvin Abdullazadə
Elvin Abdullazadə

Müsavat Partiyasının fəalı, keçmiş məhbus Elvin Abdullayevə bu gün, yanvarın 23-də 25 sutka inzibati həbs cəzası verildiyi deyilir.

Bu barədə Azadlıq Radiosuna Müsavat Partiyasından məlumat veriblər.

Anası Zülfüyyə Abdullayevin deməsinə görə, O, yanvarın 22-si axşam saat 19 radələrində polisə aparılıb:

“Mənə aydın deyil ki, Elvini niyə həbs ediblər. Deyirlər ki, Elvin 19 yanvar mitinqi ilə bağlı təbliğat aparıb. Mitinq Bakı rəhbərliyi ilə razlşadırılıb. Burada qanun əleyhinə nə baş verib ki, bunu anlamaq olmur?”

Müsavat Partiyasından bildirildiyinə görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə Elvin Abdullayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə günahlandırılıb.

Məhkəmənin özündən isə bu məlumatı, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Bu günlər Milli Şura və bəzi müxalifət qüvvələrinin yanvarın 19-da keçirilən aksiyasında iştirak edən bir çox insanlara polisin zəng vurduğu, bəzilərinin isə polis şöbələrinə çağırıldığı deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məsələ ilə bağlı suala birbaşa cavab verməyib. Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yanvarın 22-də Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumat yaydığını və suallara orda cavab verildiyini deyib.

Həmin məlumatda qeyd edilir ki, yanvarın 19-da keçirilən mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar qanunsuz küçə yürüşünə cəhd ediblər.

Birgə məlumatda aksiyanın təşkilatçılarının polisə dəvət edildikləri bildirilir. Deyilir ki, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq, əhalinin rahatlığının, müəssisələrin fəaliyyətinin pozulması təkrarlanacaqsa, aksiya təşkilatçıları və iştirakçılarının məsuliyyətə cəlb ediləcəkləri ilə bağlı onlara xəbərdarlıq edilib.

Mitinq niyə keçirilirdi?

Milli Şura, Müsavat Partiyası və bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirib. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Blogerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə blogerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.

Xatırlatma

Müsavat Partiyasının üzvü Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. O, 2015-ci il yanvarın 8-də imtahandan çıxarkən saxlanıb

Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunan Elvin Abdullazadə 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı. Gənc məhkəmədə ittihamları qəbul etməmiş, bunun siyasi sifariş olduğunu bildirmişdi.

Onun işinə Ali Məhkəmədə baxılanda ittiham olunduğu maddə dəyişdirilmişdi. O, CM-nin 234.1-ci maddəsi (şəxsi məqsədlə narkotik istifadəsi) ilə ittiham edilmiş, cəzası 6 ildən 2 il 6 aya endirilmişdi.

O, həbsdən çıxmasına bir neçə ay qalmış, yəni 2017-ci ilin martında əfv edilib

XS
SM
MD
LG