Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:45

Müsavatın piketində saxlanılanlar sərbəst buraxılıb


Bu gün, noyabrın 3-ü Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında piket keçirib.

Piketdə «Azadlıq!», «Sərbəst toplaşmaq hüququna şərait yaradılsın!» kimi şüarlar səsləndirilib.

Müsavatçılar bildiriblər ki, hakimiyyət vətəndaşların təməl haqlarından olan sərbəst toplaşmaq azadlığına müdaxilə edir. Dəfələrlə müraciət etsələr də, hakimiyyət Müsavat Partiyasının etiraz yürüşü keçirməsinə imkan verməyib.

Aksiya iştirakçıları şüarlar səsləndiriblər. Ardınca Müsavat Partiyası rəsmilərindən Səxavət Soltanlı piketin qətnaməsini oxuyub.

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piketi
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piketi

«Hakimiyyətin Konstitusiyaya və qanunlara məhəl qoymamasına görə ölkədə insan haqları daim tapdalanır. Korrupsiya yolu ilə milli sərvətlərin talan edilməsi, ölkədə normal siyasi rəqabət mühitinin olmaması, siyasi fəalların, jurnalistlərin təqiblərə məruz qalması və ağır sosial durum ictimai narazılığı son həddə çatdırıb. Xalqın öz iradəsini azad seçki yolu ilə ifadə etməsinə imkan verilmir, sərbəst toplaşmaq hüququ təmin olunmur. Hakimiyyət küçə yürüşlərinin keçirilməsinə qeyri-rəsmi qadağa qoyub. Müsavat Partiyası hökumətdən bu qadağanın dərhal aradan qaldırılmasını, bütün növ etiraz aksiyalarının keçirilməsinə şərait yaratmasını tələb edir», - o, bildirib.

S.Soltanlı piketin yekunlaşdığını bildirərək, polisin aksiyaya müdaxilə etməməsini irəliyə doğru addım kimi qiymətləndirib. O, ümid etdiyini bildirib ki, hakimiyyət irəliyə doğru belə addımları daha da genişləndirəcək.

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piketi
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piketi

«TƏƏCCÜBLÜDÜR Kİ, POLİS AKSİYAYA MÜDAXİLƏ ETMƏYİB»

Piketin yekununda Müsavat başqanının müavini Tofiq Yaqublu çıxış edib. O, BŞİH-in aksiyaya diqqətsiz yanaşmasından, onları dinləməyə nümayəndə göndərməməsindən narazılıq ifadə edib.

«Azərbaycan şəraitində təəccüblüdür ki, polis hələlik aksiyaya müdaxilə etməyib. Ancaq bu, hökumətin hüquqa hörmətindən irəli gəlmir. Müsavatın aksiyaları davam edəcək. Hökumət bilməlidir ki, bu ölkə onların şəxsi mülkü deyil, bizi ancaq «Məhsul» stadionuna göndərməli deyillər. Qanunda açıq göstərilib ki, harada mitinq keçirmək olmaz. Əsas gətirirlər ki, aksiyalar zamanı maşınların, piyadaların hərəkətinə maneçilik yaranır. Ancaq nəzərə almaq lazımdır ki, sərbəst toplaşmaq azadlığı Konstitusiya ilə vətəndaşlara verilmiş hüquqdur. Onu heç bir dolayısı səbəblə məhdudlaşdırmaq olmaz», -T.Yaqublu bildirib.

Piket yekunlaşdıqdan sonra təşkilatçılar aksiyanın qətnaməsini BŞİH-ə təqdim etmək istəyib. Ancaq əraziyə gələn polis qüvvələri onlara müdaxilə edib.

Aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

Piketdə fəallığı ilə seçilən iştirakçılar isə saxlanıb. Saxlanılanlar Səxavət Soltanlı, Mustafa Hacıbəyli, Rəhim və Tofiq Yaqublu, Elman Fəttah, Əbülfəz Sadıqbəyli, Zeynal Zeynalov, Vidadi Zamanov, Əziz Məmiyev və daha bir neçə nəfərdir. Ümumilikdə 10 nəfərin saxlandığı bildirilir. Hazırda onların Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində olduğu deyilir.

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piketi
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piketi

* * *

Saxlanılan müsavatçılar sərbəst buraxıldı

Müsavat Partiyasının bu gün, noyabrın 3-ü keçirilən piketində saxlanan fəalları sərbəst buraxılıb.

Bu haqda AzadlıqRadiosu-na partiya rəsmisi Elman Fəttah bildirib.

Onun sözlərinə görə, aksiyada saxlanan müsavatçılar Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar.

Müsavatçılar bir saatadək bölmədə saxlanıb. Şifahi xəbərdarlıq edildikdən sonra onların hamısı sərbəst buraxılıb. Onlara icazəsiz aksiyanın yolverilməz olduğu bildirilib.

XATIRLATMA

Müsavat Partiyası yürüş keçirməkdən ötrü şəhər rəhbərliyinə müraciət etmişdi. Ancaq şəhər rəhbərliyi yürüşün nəqliyyatın hərəkətinə mane olduğunu əsas gətirərək, Müsavat Partiyasına mitinq keçirməkdən ötrü keçmiş «Məhsul» stadionunu təklif etmişdi. Müsavat Partiyası isə bundan boyun qaçırmışdı.

Daha sonra isə partiya Bakı Şəhər İcra Hakimiyyətinə onun qarşısında piket keçirməklə bağlı müraciət etmişdi. Ancaq bu müraciətə də müsbət cavab almamışdı.

Bakı şəhər Baş Polis İdarəsi isə bəyan etmişdi ki, icazəsiz aksiyaların qarşısı alınacaq.

Bu yaxınlarda isə prezident İlham Əliyev Avropa Birliyi Şurasının nümayəndələrini qəbul edərkən demişdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qorunur. Sadəcə, prezidentin deməsinə görə, xalq belə aksiyaları müdafiə etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG