Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:10

Müsavat Mehman Hüseynova dəstək mitinqi keçirməyə qərar verib


Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyası yanvarın 12-də "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" şüarı ilə mitinq keçirmək haqda qərar qəbul edib.

Bunu ​ AzadliqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı partiya Divanının bununla bağlı qərar qəbul etdiyini və bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyəti-nə müraciət edəcəklərini söyləyib.

Amma Müsavat başqanı mitinqin harda keçiriləcəyi barədə danışmaq istəməyib:

“Müraciətdə bu məsələ qeyd ediləcək”.

Rəsmi məlumata görə, Mehman Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.
Vəkilləri Mehman Hüseynovun ittihamı qurama saydığını deyirlər. Ailəsi onun buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını bildirir. Bloqqerin yaxınları bu üzdən onun səhhətinin ağırlaşdığını bildirmişdilər. Penitensiar Xidmət Mehman Hüseynovun aclıq etmədiyini su və qida qəbul etdiyini bildirir.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

XS
SM
MD
LG