Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Müsavat yürüş-mitinq qərarı verib


Bu gün, fevralın 25-də Müsavat Partiyası Divanının toplantısında kütləvi aksiya ilə bağlı qərar verilib.

Partiyanın mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, Divan ölkədə sərbəst toplaşmaq azadlığı haqqında qanuna əməl olunmamasını pisləməklə bağlı martın 10-da yürüş-mitinq keçirmək qərarına gəlib.

“Aksiyada “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşma azadlığı təmin edilsin”, “Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin” və başqa tələblərin səsləndiriləcəyi gözlənir” - deyə məlumatda qeyd olunur.

Yürüş-mitinqin razılaşdırılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediləcək.

Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əməllərə görə, məsuliyyətə cəlb ediliblər. Üstəlik, rəsmilər ölkədə bütün fundamental azadlıqların qorunduğunu bəyan ediblər.

Bu gün, fevralın 25-də isə prezident İlham Əliyev deyib ki, problemli kreditlər məsələsi hökumətin gündəmindədir və tezliklə həllini tapacaq.

Xatırlatma

2015-ci ildə (fevral və dekabr aylarında) baş verən devalvasiyalar nəticəsində manat iki dəfə dəyər itirdi.

Bundan sonra problemli kreditlər məsələsinin aktuallaşdığı ilə bağlı məlumatlar yayıldı. Konstitusiya Məhkəməsi iki dəfə bu məsələyə baxsa da, xarici valyutada götürülən kreditlərin əvvəlki məzənnə ilə qaytarılmasına əsas görməmişdi.

Hazırda Azərbaycanda problemli kreditlərin həcminin 1.6 milyard manat olduğu bildirilir.

Müxalifəti təmsil edən başqa bir siyasi qüvvə - Milli Şura da bundan öncə yaxın günlərə planlaşdırılan aksiyalarının tələbləri sırasına problemli kreditlərlə bağlı əhaliyə güzəşt olunması məsələsini daxil etmişdi.

XS
SM
MD
LG