Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 04:58

Müsavatçıya 5 il həbs cəzası verilib


Aəikram Xurşudov

Bu gün, mayın 4-də Şirvan Şəhər Məhkəməsində Müsavat Partiyası yerli təşkilatının sədri Əlikram Xurşudovun məhkəməsi olub.

Müsavat Partiyası rəhbərliyinin yaydığı məlumata görə, Əlikram Xurşudova 5 il həbs cəzası verilib.

Xurşudov ötən il noyabrın 22-də saxlanıb. Noyabrın 24-də isə məhkəmənin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilmişdi.

221.2.2 maddə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə tətbiq edilir.

221.2.3 maddədə isə söhbət silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdən gedir.

Yekunda ittihamdan 221.2.2 maddə çıxarılıb. Ona əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib.

Vəkilləri 315.2-ci (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsinin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması hesab edirdilər.

Müsavat Partiyası bəyanat verərək həbsin siyasi motivli olduğunu bildirib.

Ancaq rəsmilər ölkədə siyasi motivli həbslərin olması fikrini qəbul etmirlər.

Müsavat Partiyası bundan əvvəl də bildirmişdi ki, Əlikram Xurşudov saxlanmazdan əvvəl özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Onlar həbsi belə statuslarla izah edirlər.

Hakim YAP haqqında bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Ötən il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.

XS
SM
MD
LG