Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Müsavatın bloqqerə dəstək aksiyasına razılıq verilməyib


Müsavat partiyasının başqanı Arif Hacılı
Müsavat partiyasının başqanı Arif Hacılı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Mehman Hüseynova dəstək aksiyası keçirməklə bağlı müraciətinə mәnfi cavab verib.

Bu barədə AzadlıqRadiosuna partiyanın başqanı Arif Hacılı mәlumat verib.

Onun sözlərinə görə, BŞİH-in mənfi cavabı tamamilә qanunsuzdur: "Biz hüquqi müstәvidә bununla bağlı mübahisә aparacağıq. Eyni zamanda aksiya ilә bağlı gәlәcәk addımlarımızı sabah, yanvarın 10-da müzakirә edib, qәrar qәbul edәcәyik", - Arif Hacılı bildirib.

Müsavat Partiyası ötən həftənin sonu yanvarın 12-də “ Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək haqda qərar qəbul etmişdi. Partiya bununla bağlı şəhər rəhbərliyinə də məktub göndərmişdi.

Son günlər Bakıda bloqqer Mehman Hüseynova azadlıq tələbi ilə bir neçə razılaşdırılmamış aksiya keçirilib.

Həmin aksiyada saxlananlardan 5 nəfərə 20-25 gün arası inzibati həbs, daha bir neçə şəxsə isə pul cəriməsi verilib. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 513.2 (yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlərin təşkili, keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli biliniblər.

Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalıb. Yeni ittiham təsdiqlənərsə ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər.

Vəkillərinin bildirməsinə görə, Mehman Hüseynovun özü ittihamı qurama sayır. O, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbədən səhhətinin ağırlaşdığı bildirilirdi.

Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onunözünə istinadan artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və yemək yeyir.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

XS
SM
MD
LG