Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:50

Murad Ədilovun həbsdə aclığa başladığı deyilir


Murad Ədilov, Bakı
Murad Ədilov, Bakı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) fəalı Murad Ədilovun sentyabrın 7-dən aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə AzdlıqRadiosu-na onun qardaşı Natiq Ədilov danışıb.

Qardaşının bildirməsinə görə, M.Ədilov saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən ailə üzvlərilə telefonlan əlaqə saxlayıb və aclığa başladığını deyib.

N.Ədilovun sözlərinə görə, qardaşı haqqında çıxarılmış hökm və qərarlara etiraz olaraq, bu etiraz formasını seçib:

“Murad artıq beşinci ildir ki, heç bir günahı olmadan həbsdə saxlanılır. Bu müddətdə səhhətində, özəlliklə əsəsb sistemində çox ciddi problemlər yaranıb. Son məhkəmə qərarı səbr kasasını daşıran damla oldu”.

Sentyabrın 5-də 10 saylı Cəzaçəkmə Müəssisəsində Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov M.Ədilovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsinə baxıb.

Qardaşı vurğulayır ki, M.Ədilov cəzasının üçdə ikisini çəkdiyindən vaxtından əvvəl azadlığa qovuşmaq imkanı əldə etmişdi. Amma buna baxmayaraq, onun ərizəsi təmin olunmayıb. Əsas kimi də cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona töhmət verməsi göstərilib.

Töhmətin isə nəzərdə tutulmuş yerdən kənarda siaqaret çəkməsinə görə verildiyi bildirilir.

N.Ədilov deyir ki, özü də, qardaşı da beynəlxalq təşkilatların, diplomatik korpusun münasibətindən narazıdır: “Aclığın məqsədlərindən biri də beynəlxalq ictimaiyyətin diqqətini cəlb eləməkdir. “Amnesty İnternational” Muradı “vicdan məhbusu” kimi tanıyıb, amma bundan irəli getmirlər. Əgər beynəlxalq aləmdən ciddi təpki yoxdursa, özü də əyilmirsə, mən də mövqeyimdən geri çəkilmirəmsə, bu hakimiyyət Muradı niyə buraxsın ki?”

Ancaq Murad Adilovun aclıq aksiyasi keçirməsi haqqında qardaşının dediklərini Penitensiar Xidmətdən təsdiqləməyiblər. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov : “Murad Ədilovun aclıq aksiyasına başlaması barədə bizə məlumat daxil olmayıb” deyə o vurğulayıb.

Xatırlatma

M.Ədilov 2014-cü il avqust ayının 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O ittihamları qəbul etmir, həbsini əsasən qardaşının fəaliyyəti ilə bağlayır.

Qardaşı N.Ədilov “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı olub, hazırda mühacirətdədir.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı M.Ədilovu “vicdan məhbusu” elan edib.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG