Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Mühacir Azərbaycanda yeznəsinin saxlandığını bildirir


Məhəmməd Mirzəli
Məhəmməd Mirzəli

Fransada mühacir həyatı yaşayan gənc bloqqer, Məhəmməd Mirzəli deyir ki, yeznesi, Laçın rayonundan məcburi köçkün Elman Ağayevi yenidən saxlayıblar.

Onun sözlərinə görə, yeznəsi noyabrın 20-də saxlanıb:

“Onu həmin gün axşam Bakıda evə gələndə tutublar. Onu kimin saxladığını, hara apardığını öyrənmək mükün olmayıb. Noyabrın 21-də axşam isə evlərinə zəng olunub. Binəqədi rayon polisindən olduğunu deyən şəxslər Elman Ağayevin saxlandığı barədə ailəsinə məlumat veriblər. Deyiblər ki, giya, ustündən narkotik çıxıb. Yaxınlarından polisə gəlmələrini istəyiblər”.

O, deyir ki, yeznəsinin saxlanması bilavasitə onun mühacirətdəki siyasi fəallığı ilə bağlıdır. Deməsinə görə, yeznəsini saxlamaqla onu sudrumaq istəyirlər.

Məhəmməd Mirzəli yeznəsinin əvvəllər də bir neçə dəfə ona görə saxlanıldığını qeyd edib.

Ailəyə yaxın olan şəxslər isə AzadlıqRadiosuna onun inzibati qaydada həbs edildiyini bildiriblər.

Onların deməsinə görə, Məhəmməd Mirzəlinin yeznəsi hazırda Binəqədi rayonundakı inzibati həbs olunanların saxlama məntəqəsindədir. Elman Ağayevin inzibati qaydada iki ay həbs edildiyi deyilir. Amma əlavə məlumatlarının olmadığını qeyd edirlər.

Binəqədi rayon Polis İdarəsindən, prokurorluqdan isə bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb. Elman Ağayevin bu ilin fevralında da 30 sutka inzibati həbs cəzası aldığı bildirilirdi.

Həmin vaxt Məhəmməd Mirzəlinin əvvəlcə atasının, sonra isə yeznesinin saxlandığı deyilirdi.Üstəlik, mühacirin anası Zümrüd Mirzəliyeva bildirmişdi ki, oğlunun fəaliyyətinə görə, həyat yoldaşını qızları ilə hədələyiblər.

Onda da bu məlumatları dəqiqləşdirmək mümkün olmamışdı. Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosuna söyləmişdi ki, Zümrüd Mirzəliyevanın dedikləri ilə tanış deyil. Ancaq o bu cür iddiaların əsası olmadığını bildirir.

“Ümumi olaraq onu deyə bilərəm ki, Azərbaycanda saxlanılan istənilən şəxs yalnız törətdiyi konkret əmələ, xətaya, cinayətə görə saxlanılıb. Başqa heç nəyə görə saxlanılmır. Bu mümkün də deyil”.

Xatırlatma

Məhəmməd Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub, bloqqerdir. Fransada mühacirətdə yaşayır. Özünün yazdığına görə, o, Göyçayda “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib. O, mühacirətə getməzdən öncə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir.

Bu iddialara da hüquq-mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib.

Hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqılara məruz qalması haqqında deyilənləri ümumiyyətlə inkar edirlər.

XS
SM
MD
LG