Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:35

İqtidaryönlü media və mühacirət tənqidçiləri


Sosial media fəallarına qəzəbin arxasında nə dayanır?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Sosial media fəallarına qəzəbin arxasında nə dayanır?

Prezident seçkisi bir neçə gündən sonra bitəcək. Vaxt daraldıqca sanki hakimiyyət təmsilçilərinin sərt açıqlamaları, ittiham dolu çıxışları da artır. Elə dünən – aprelin 3-də Milli Məclisin iclasında da əksər deputatlar xarici ölkələrdəki azərbaycanlı fəalları hədəf götürüblər.

Siyavuş Novruzov: "Bunlar xalqın adından danışırlar. Siz də xalqın seçdiyi nümayəndələrsiz, mövqeyinizi açıqlayın".

Elmira Axundova: "Onlar heç kimdirlər. Bir-iki nəfərdilər. Xalq da onlara inanmır. Avropada oturmuş bu şəxslər Azərbaycana qarşı, Azərbaycan prezidentinə qarşı qara-piar aparır. Avropada anti-Azəbaycan kampaniyası aparanlar mübarizə aparmaq istəyirlərsə, gəlsinlər Azərbaycana kişi kimi mübarizə aparsınlar".

Eldar İbrahimov: “Bu gün vətəni, xalqı təhqir edilər. Biz buna susmamalıyıq”.

Oxşar fikirlərə son zamanlar hökumətə yaxın qəzet və internet səhifələrində də rast gəlmək olar. Bu çıxışları izlədikdə, müsahibələri oxuduqda, ümumiyyətlə, son zamanlar Azərbaycan siyasətində baş verənlərə nəzər saldıqda bir sual ortaya çıxır? Axı, bu narahatlıq, gərginlik nədəndir?

Turan İnformasiya Agentlyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev düşünür ki, illərdir hakimiyyət ictimai fikri nəzarətdə saxlaya bilirdi. Lakin son illər bu nəzarət imkanlarını itirib:

“Əsas narahatçılıqları ondan ibarətdir ki, ictimai fikri formalaşdıran tənqidi fikrin qarşısını ala bilmirlər. Bu fikrilər də, özəlliklə, xaricdən gəlir. Xaricdə yaşayan siyasi miqrantlardan. Hakimiyyət də heç cür bunun qarşısını ala bilmir. Bunun da yeganə yolu ya “youtube”u məhdudlaşdırmaq, ya da ki ümumiyyətlə interneti. Bu da mümkün deyil”.

Şahin Hacıyevə görə bu təlaş tək seçkilərə görə deyil, seçkilərin nəticəsi zatən bəllidir. Əsas məsələ odur ki, ictimai fikir dəyişdikcə cəmiyyəti idarə etmək çətinləşir.

Odur ki, hakimiyyət təmsilçiləri ziyalılardan, jurnalistlərdən, millət vəkillərindən öz mövqelərini açıqlamağa çağırırlar. Bununla da ictimai fikrə müəyyən mənada təsir etməyə çalışırlar.

Yazıçı-publisist, AzTV-nin keçmiş əməkdaşı Mehriban Vəzir 1998-ci ili yada salır. Deyir ki, o zaman da seçki öncəsi Heydər Əliyev hər kəsdən öz mövqeyini açıqlamağı istəmişdi:

“O dövrün “möqeyinizi bildirin” tələbinin zərərçəkənlərindən biri də mənəm. Çünki AzTV-də işləyirdim, AzTV-yə komanda gəlmişdi ki, tanınmış jurnalistlər öz mövqelərini bildirsinlər. Hər kəs çıxdı öz mövqeyini bildirdi. Mövqe bilirsiz nə demək idi? Yəni, indiki hakimiyyəti tərifləmək, ondan əvvəlkini pisləmək. Mən etiraz etdim və nəticədə məni işdən uzaqlaşdırdılar. Düzdür o zaman müxalifət vardı, seçkilərdə ciddi namizədlər vardı. Amma indi vəziyyət tamam fərqlidir. Ciddi namizədlər yoxdur, nəticə də bəllidir. Amma yenə də bir narahatlıq var. Görünür daxildə problemlər var. Ona görə də sanki bir güvən yeri, cəmiyyətdən dəstək axtarırlar”.

Əslində Azərbaycan hakimiyyəti hər zaman hər hansı tənqidi addımları Azərbaycanı istəməyən qüvvələrin işi, erməni lobbisinin təşkili adlandırıb. Lakin son zamanlar onların dilindən yalnız xaricdən maliyyələşən yox, həm də daxildən maliyyələşən qüvvələr kəlməsini eşitmək mümkündür.

Bəs, onlar daxildən maliyyələşmə deyərkən nəyi nəzərdə tuturlar. Biz bu haqda günün digər xəbərlərindən sonra danışacağıq. Bizi izləməkdə davam edin.

Azərbaycanda hakimiyyət təmsilçilərinin seçkiöncəsi gərgin çıxışlarına dair mövzumuzu davam ediririk. Hakimiyyətin siyasini kursunu dəstəkləyən, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli düşünür ki, anti-Azərbaycan kampaniyası öncədən planlaşdırılıb və təşkil olunur. Məqsədlərdən biri də Azərbaycan hakimiyyətini sərt addımlar atmağa sövq etməkdir:

“Dövlət, hökumət qurumları və rəsmiləri də bu cür məsələyə sərt reaksiya verirlər. Şəxsən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dəfələrlə bəyan etdi ki, Azərbaycan hökumətinin interneti məhdudlaşdırmaq və ya sosial şəbəkələri bloklamaq kimi fikri yoxdur. Sadəcə olaraq, sosial şəbəkələrdə bu gərginliyi yaradanların mahiyyətinin ictimaiyyətə açıqlanması və tanıtdırılmasına ehtiyac var".

Müşfiq Ələsgərlinin fikrincə, bu kampaniyanın təşkilatçılarının məqsədi Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq, seçkidən sonra ölkədə durumun daha da pisləşməsi mənzərəsini yaratmaqdır.

Biz bir neçə gün əvvəl hakimiyyət təbsilçilərinin ən çox adını hallandırdıqları Niderlandda yaşayan Orduxan Teymurxanla da bu mövzuda söhbət etmişdik. O bildirir ki, indiyə qədər kimsəni təhqir etməyib. Azərbaycan hakimiyyətini isə ölkədəki sosial vəziyyətə, insan haqlarının durumuna görə hələ bu seçkidən çox-çox əvvəl videobloqlarında tənqid edib.

Bu mövzuda söhbət elədiyimiz ekspertlər əslində nə baş verdiyini, tərəflər arasındakı gərginliyin konkret səbəbini söyləməkdə çətinlik çəksələr də bir məqamda ortaq fikirdədirlər.

Onların ehtimallarına görə bu gərginlik elə hakimiyyətin özü tərəfindən təşkil edilə bilər.

XS
SM
MD
LG