Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Azərbaycanda müəllimliyə maraq artır?


Maaş aşağıdırsa, niyə müəllim olmaq istəyənlər çoxdur?
Gözlə

No media source currently available

0:00 0:15:20 0:00

Maaş aşağıdırsa, niyə müəllim olmaq istəyənlər çoxdur?

Bu gün, iyulun 18-də, I və IV ixtisas üzrə qəbul imtahanı keçirilib.

Məsələn, bir zamanlar orta məktəbi bitirənlər hüquqşünas olub, prokuror işləmək istəyərdi, indi durum necədir?

Bu il gənclərin hansı ixtisası seçəcəyi hələ bəlli deyil, amma Dövlət İmtahan Mərkəzinin keçən ilə dair rəsmi məlumatına görə , 2017-18-ci tədris ilində sənəd verənlərin əksəriyyəti müəllimlik ixtisasını seçib.

I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”,

II qrupda Bakı Dövlət Universitetinin “Coğrafiya müəllimliyi”,

III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”,

V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Məşqçi (idman növləri üzrə)” ixtisaslarına üstünlük veriblər.

Rus bölməsini bitirənlər 1-ci və 2-ci qruplarda fərqli seçim ediblər.

Onlar 1-ci qrupda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”,

II qrupda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına üstünlük veriblər.

Qalan ixtisaslar üzrə durum Azərbaycan bölməsində olduğu kimidir.

Dövlət İmtahan Mərkəzi bildirir ki, Azərbaycan bölməsində I ixtisas qrupunda “Riyaziyyat müəllimliyi” və II ixtisas qrupunda “Coğrafiya müəllimliyi” ixtisaslarına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov da deyir ki, dövlət bir neçə ildir ki, müəllimlik ixtisasına qəbulu stimullaşdırır:

“Bu ixtisasa marağın artmasına səbəb Təhsil Nazirliyinin maraqlı layihə həyata keçirməsidir. Belə ki, indi 500 və daha artıq bal toplayan abituriyentlər müəllimlik ixtisasını ilk üç yerdə seçərlərsə, onlar dövlət və ya ödənişli təhsil almağından asılı olmayaraq, ayda 100 manat təqaüd alırlar. 2015-ci ilə qədər yüksək bal toplayanlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 500 nəfər idisə, 2017-ci ildə bu rəqəm 1360-a qalxıb”.

Kamran Əsədovun sözlərinə görə, müəllimliyə marağın artmasının ikinci səbəbi, işə qəbulun, digər iş yerlərinə qəbuldan fərqli olaraq, mərkəzləşdirilmiş qaydada, daha obyektiv aparılmasıdır. Kamran Əsədov deyir ki, bununla dövlət müəllimlərin savad səviyyəsini və ümumilikdə ölkədə təhsilin səviyyəsini qaldırır.

Bəs əmək bazarının tələbinin hansı ixtisas olması ilə bağlı tədqiqat varmı? Dövlət İmtahan Mərkəzi hər il qəbul balları elan olunduqdan sonra, ixtisaslarla bağlı əlavə məlumatları əks etdirən buraxılış çap edir. Qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, abituriyent özü də qərar verəndə axtarış aparmalıdır:

“Abituriyentlər, bu məsələdə ümumiyyətlə diqqətli olmalıdırlar. Bilməlidirlər ki, yazdıqları ixtisasın hər birinə düşə bilərlər. Odur ki, abituriyentlər araşdırma aparsalar, ixtisaslarla bağlı təhsil müəssisələri ilə əlaqə saxlasalar yaxşı olar”.

Bəs, hazırda əmək bazarında hansı ixtisaslara ehtiyac var? Ekspertlər deyirlər ki, bu barədə araşdırma aparılırmır.

Amma məsələn, BP Azərbaycan şirkətindən AzadlıqRadiosuna bildiriblər ki, hazırda bu şirkətdə qazma mühəndisi, quyuların tamamlanması mühəndisləri və texnoloqlara ehtiyac var və olacaq.

Şirkətdən deyiblər ki, neft və qaz sənayesində rəqəmsal texnologiyanın tətbiqi artmaqdadır, odur ki, rəqəmsal texnologiyalar üzrə mütəxəssisələrə ehtiyac olacaq.

Beləliklə, şirkət, qarşıdakı illərdə, verilənlər üzrə analitiklər - məlumat bazası analitikləri - rəqəmsal sahədə proqnozlaşdırma analitikası üzrə mütəxəssis axtaracaq. Yeni məzunlar üçün olan işə qəbul proqramlarına qəbul da tələb olunan bu ixtisaslar üzrə olacaq.

AzadlıqRadiosu bu mövzuya dair Bakı sakinləri arasında sorğu aparıb:

Azərbaycanda hansı peşəyə ehtiyac var?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Karyera məsləhətçisi Rəşad Bayramov öz təcrübəsi əsasında işəgötürənlərin obrazlı desək, əliçıraqlı axtardığı mütəxəssisləri sadalayır:

“Aydın məsələdir ki, Azərbaycan neft və qaz istehsal və ixrac edən ölkədir və bu mütəxəssislərə ehtiyac var. Eyni zamanda Azərbaycanda tikinti kifayət qədər inkişaf edən sahədir, tikinti mühəndislərinə və ümumiyyətlə mühəndislərə böyük ehtiyac var”.

Rəşad Bayramov deyir ki, yaxşı mütəxəssisə ehtiyac olan başqa bir sahə kənd təsərrüfatıdır.

Dövlət məmurlarının da çıxışlarından belə görünür ki, hökumət kənd təsərrüfatını prioritet sahə etmək istəyir. Amma hələlik bu sahədə işləyənlərə müəllimlər kimi xüsusi güzəştlər yoxdur. Kamran Əsədov deyir ki, indiki qəbul sistemi elədir ki, abituriyentlər kənd təsərrüfatını seçməyə maraqlı olmayacaqlar, çünki bu ixtisas, rəqabətin yüksək olduğu 4-cü qrupdadır, həkimliklə birlikdədir, onun fikrincə, kənd təsərrüfatı ixtisasları üçün ayrıca ixtisas qrupu yaradılmalıdır.

Azərbaycanda ali məktəblərə qəbul imtahanları 2017-ci ildən etibarən ildə iki dəfə keçirilir. 1-ci mərhələ imtahanlar mayda keçirilib, bütün qəbul prosesi isə avqustun sonuna yekunlaşmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG