Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:12

Azərbaycanda bu qədər çox müəllim kimə lazımdır?


“Müəllim bizim 5 manatdan yığdığmızı biləndə isə paketi yerə atıb getdi... Biz hamımız pərt olduq. Biz övladımızı kimə tapşırmışıq?”

Prorektor: “Təkcə informatika müəllimləri deyil, ingilis dili müəllimləri də eyni durumdadırlar”

- Proqramlaşdırma dillərindən hansıları bilirsən? Məsələn, “C+Delphi”, “Basic”...

- Heç birini. Belə nəzəri olaraq bilirəm...

- Bəs, alqoritm tərtib etməyi, proqramlaşdırma dillərindən biriylə hansısa bir məsələni kompyuterdə həll etməyi?

-Yox.

- Bəs uşaqlara nə öyrədəcəksən?

- Bildikrlərimi. Nəzəriyyəni.

Bunu Pedaqoji Universitetin iki il əvvəlki məzunlarından biri, magistraturada təhsilini davam etdirən və Bakı məktəblərindən birində informatika dərsi verməyə yenicə başlayan gənc müəllimə deyir. Adının çəkilməsini istəmir. Onun sözlərinə görə, oxuduğu müddətdə universitetdə onlara ancaq nəzəriyyə öyrədiblər. Ona görə o da şagirdlərə ancaq nəzəri biliklər verə biləcək.

Pedaqoji Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov da etiraf edir ki, ürəkaçan vəziyyət deyil, üstəlik təkcə informatika müəllimləri deyil, ingilis dili müəllimləri də eyni durumdadırlar:

“İngilis dili müəllimi dərsdə Azərbaycan dilində danışır, dərsi Azərbaycan dilində izah edir. Günün birində həmin müəllimi İELTS proqramından imtahana salsan, çox aşağı bal toplayacaq. Bunu qəbul etmirik. Yaxın illərdə belə hallar olmayacaq. Tədris planlarını dəyişdirməyə hazırlaşırıq. Yeni plan noyabrda nazirə təqdim olunacaq. İstəyirik ki, ingilis dilini bitirən müəllimin diplomunun arxasında ən azı “B2” səviyyəsi, bir də İELTS “minimum 6” olsun”.

Eldar Aslanovun görüləcək işlər haqda deyəcəklərinə qayıdarıq. Bu arada ona toxunaq ki, Azərbaycanda müəllim yetişdirən ali məktəblərin sayı bəzi mütxəssislərə görə yetərincə çoxdur: Pedaqoji Universitet, Pedaqoji kollej, Slavyan və Xarici Dillər Universitetləri... Bundan başqa, Bakı Dövlət Universitetinin bəzi sahələr üzrə məzunları da müəllim işləyə bilərlər. Özəl ali məktəbləri də siyahıya daxil edəndə say artdıqca artır.

“TƏLƏBDƏN 2,5 DƏFƏ ÇOX MÜƏLLİM VAR”

“Sovet vaxtında müəllim hazırlayan 3 ali məktəb vardı. O dövrdə sistem tələb və təklif əsasında işləyirdi. Hansı rayonda nə qədər müəllimə ehtiyac olması ilə bağlı tələbat nazirliyə göndərilirdi, bunun da əsasında tələbə uyğun təkliflə çıxış edilirdi. Bir də təyinat vardı, hər kəs yaşadığı ərazidə, ona yaxın bölgədə işlə təmin olunurdu”, - təhsil eksperti Nadir İsrafilov deyir.

Ekspertin sözlərinə görə, müstəqillik dönəmində vəziyyət dəyişdi, 70-dək ali və orta ixtisas məktəbindən təxminən 30-a qədəri müəllim hazırlamağa başladı: “Çoxunun lazımi maddi-texniki strukturu, kadr təminatı olmadığı halda müəllim “istehsal etdi”. Hətta keçmişdə Müəllimləri Təkmilləşdirmə İnstitutu da çevrilib Müəllimlər İnstitutu oldu, müəllim hazırlamağa başladı və 11 filialı yarandı. Bununla da müəllim artıqlığı yarandı. Bu gün tələbdən 2,5 dəfə çox müəllim var. Böyük əksəriyyəti işlə təmin olunmur”.

Bu qədər çox diplomlu müəllimə ehtiyac varmı? “Var”, - təhsil eksperti Kamran Əsədov deyir. Onun qəanətincə, ölkəyə ali təhsilli vətəndaşlar lazımdır, çünki Azərbaycanda ali təhsillilərin sayı əhalinin sadəcə 17 faizini təşkil edir, yəni hər 1000 nəfərdən 124-ü ali təhsillidir və bu da “dünyada qəbul edilmiş standartlar”dan aşağıdır. Onun fikrincə, “savadlı kütlənin formalaşması əmək bazarında savadlı işçi qüvvəsinin yaranmasına, rəqabətə meydan yaradacaq”.

Pedaqoji Universitetin prorektoru Eldar Aslanov da bu qənaətdədir ki, rəqəmlər “həddən çox” kadr hazırlandığını göstərmir, Azərbaycanla əhalisinin sayı eyni olan ölkələrlə, məsələn, Finlandiya, Avstriya ilə müqayisədə daha az insan ali məktəbdə oxuyur. Bununla belə, prorektor deyir ki, qəbul planının əmək bazarının tələblərinə uyğun aparılması daha arzuediləndir.

O qeyd edir ki, bu gün kadr çoxluğundan danışılsa da, hələ də bölgələrdə bir sıra müəllim yerləri boşdur, ora kadr tapıb göndərmək mümkün deyil. Hərçənd o da, digər mütəxəssilər də bir məsələdə ortaq məxrəcə gəlirlər: indi Azərbaycanda kadrların keyfiyyəti haqda düşünmək gərəkdir.

Nadir İsrafilovun qənaətincə, ali məktəblərin hazırladığı kadrların hazırlıq səviyyəsi haqda danışmağa dəyməz, çünki müəllimlərin işə qəbul imtahanları hər şeyi ortaya qoydu: “0 bal, 5 bal toplayan müəllimlər oldu. Təcili islahatlara müəllim hazırlayan müəssisələrdən başlanmalıdır”.

“40 MİNDƏN ÇOX MÜƏLLİMLİYİ BİTİRMİŞ, DİPLOMLU İŞSİZ VAR”

Bu fikrin davamı olaraq Kamran Əsədov bu il müəllim kimi işə düzəlmək istəyən 51 min şəxsin sənəd verdiyini, ancaq təxminən 5 min nəfərin işlə təmin olunduğunu qeyd edir:

“40 mindən çox müəllimliyi bitirmiş, diplomlu işsiz var. Amma onlar keçid balını toplaya bilməyiblər. Təhsili dünyada birinci yerdə olan Finlandiyada müəllimin təkcə ali məktəbi bitirməsi yetərli deyil, o magistraturanı da bitirməlidir, ali təhsil vaxtı qiymətləri 81-dən yuxarı olmalıdır. Ancaq bizdə bütün qiymətləri “3” olan da müəllim işləyə bilər. Nəticədə bu gün təhsilimizdən narazıyıq. Universitetlərə qəbul xatirinə, plan yeri dolsun deyə qəbul aparılmamalıdır. BDU-nin dil və ədəbiyyat fakültəsinə kimsə 550-600 balla qəbul olur, özəl universitetdə 200 balla. Bununla belə, onların hər ikisi əmək bazarına eyni hüquqla daxil olacaqlar. Bu, düzgün yanaşma deyil”.

Kamran Əsədovun qənaətincə, Azərbaycanda “savadsız müəllim ordusu” yeni, savadlı nəsillə əvəzlənməlidir: “Təsəvvür edin, 2014-cü ildən Azərbaycanda müəllimlərin diaqnostik imtahanı keçirilir. Bizim 4472 orta məktəbimizdə çalışan 151 min müəllimin 45 faizi öz ixtisası üzrə minimum suallara cavab verə bilməyiblər, çox zəif nəticə göstəriblər. Bu gün diaqnostik balı aşağı olan müəllimə niyə iş verilməlidir? Böyük sayda müəllim ordusu var ki, 2-3 bal toplaya biliblər. Belələrinin sayı on mindən aşağı deyil. Onlar özləri nəsə bilirmi ki, şagirdə də öyrətsin?”.

“Kim ki hüquqşünas ola bilməyib gəlib tarix müəllimi olub”

AzadlıqRadiosu bir həftədir səslənən irad və tənqidlərlə bağlı suallarını Təhsil Nazirliyinə göndərib. Amma cavab ala bilməyib.

Pedaqoji Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov isə problemlərin olduğunu Təhsil Nazirliyinin də etiraf etdiyini bildirir: “Ötən illərdə “təki tələbə gəlsin, təhsil haqqı ödəsin” prinsipiylə yanaşma olub. Kim ki hüquqşünas ola bilməyib gəlib tarix müəllimi olub, kim ki həkim ola bilməyib biologiya müəllimi olub. Bəzən də bu keyfiyyətə təsir göstərib”.

Eldar Aslanov Pedaqoji Universitetdə müəllimlərin hazırlığına diqqətin artdığını vurğulayır:

“Bu, özünü bizim universitetə qəbul olan tələbələrin orta balında və işə qəbul imtahanlarındakı göstəricilərdə göstərir. Məsələn, bir neçə il öncə bizim ayrı-ayrı ixtisaslar üzrə işə qəbulun nəticələrində göstəricimiz 5-10 faiz idisə, artıq bu nəticə 25-30 faizə yaxındır. Son 2-3 ildə müsbət dinamikaya, sıçrayışa nail olmuşuq. Məzunlarımızın 30 faizi məktəbə qəbul imtahanlarında yüksək bal toplayırlar. Builki məzunlarımızın 57 faizini ən yüksək balla müəllimlərin işə qəbul imtahanında işə götürülüblər. Və ya 2 il öncə 500-dən çox bal toplayıb Pedaqoji Universiteti seçənlərin sayı 20 nəfəriydisə, keçən il onların sayı 250-dən çox olub. Bu ilsə 566 nəfərdir”.

Ancaq Eldar Aslanov özü də dərhal qeyd edir ki, yüksək balla APU-ya gələn tələbələrə daha yaxşı dərs keçilməlidir və XXI əsrin tələblərinə uyğunlaşmaq lazımdır:

Daha keyfiyyətli, rəqabət qabiliyyətli müəllim hazırlığının axtarışındayıq. Xaricdən gələn müəlimlərimiz var, fulbrayt professorlarımız var, ingilis dili müəllimlərimizin “B2” səviyyəsində sertifikat almasını, bütün ixtisaslar üzrə “İB” sertifikatların alınmasını istəyirik. Yəni müəllimlərimizin nəinki ölkədə işə qəbul imtahanlarında yüksək nəticə göstərməsini, İB sertifikatlarının qəbul olunduğu 44 ölkədə gedib iş tapa bilmələrini istəyirik.

Bu APU-nun planlarıdır, bəs digər ali məktəblər nələri planlaşdırır, Təhsil Nazirliyi nə düşünür? Bu sualların cavabı indilik açıq qalır. Təhsil üzrə ekspertlərsə vəddən çox nəticəni görmək istəyirlər. “Hər şey deyildiyi kimi olarsa, bəlkə o zaman müəllim əvvəlki nüfuzunu qaytara bilər”, - Nadir İsrafilov söyləyir.

Övladı Əbilov qəsəbəsindəki məktəblərədən birində hazırlığa gedən valideyn Gülnar Tağıyeva isə düşünür ki, nə qədər çox yaxşı müəllim hazırlansa da, məktəbə, təhsilə, şagirdə münasibət dəyişməlidir. O fikrini əsaslandırmaqdan ötrü bir hadisəni danışır:

“Övladım orta məktəbdə oxuyur. Hazırlığa gedir, müəllimlər gününü təbrik etmək üçün öz aramızda 5 manatdan pul topladıq. Bəzi valideynlər “azdır, müəllimə qəbul etməz”, bəziləri “imkanımız buna çatır” dedilər. Bir-iki valideyn 20 manatdan pul yığıb paketdə müəllimə ayrıca verdilər, müəllim bizim 5 manatdan yığdığmızı biləndə isə paketi yerə atıb getdi... Biz hamımız pərt olduq. Biz övladımızı kimə tapşırmışıq?”

Mikayıl Cabbartov nazir təyin olunduqdan sonra müəllimlər günündə hədiyyə və ya pul verilməməsinə çağırmışdı. İndi başqa nazir iş başındadır. Amma müəllimlər günü ərəfəsində yenə də sosial mediada pul yığılması, hədiyyə verilməsi haqda danışılır, hətta “az maaş alan” müəllimi haqlı çıxarmaq istəyənlərlə “maaşını dövlətdən tələb etsin, müəllim adına hörmət etsin” deyə düşünənlərin mübahisəsi davam edir. Qeyd etdiyimiz kimi Təhsil Nazirliyinin bu iddialara cavabını ala bilmədik.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG