Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:27

Mueller-in Konqresdə ifadə verməsi üçün danışıqlar aparılır


Robert Mueller mayın 6-da Vaşinqtondakı Martin's Tavern restoranından çıxarkən

Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller gələn həftə Konqres qarşısında ifadə verməyəcək.

Bu barədə məlumatı Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri demokrat Jerrold Nadler mayın 10-da verib. O əlavə edib ki, ifadə verilməsinin baş tutması üçün Mueller-in özü və ABŞ Ədliyyə nazirliyi ilə danışıqlar aparılır:

"Bu gələn həftə olmayacaq. Lakin biz onunla və Ədliyyə Nazirliyi ilə danışıqlar aparırıq. Lazım olsa biz ona rəsmi çağırış göndərcəyik və o gələcək”.

Bundan əvvəl sözü gedən komitənin üzvləri Mueller-in mayın 15-də ifadə verəcəyinə ümid bəsləyirdilər.

Mueller öz təhqiqatını başa çatdıraraq bu barədə hesabatı baş prokurora təqdim etsə də, o hələ də Ədliyyə Nazirliyinin əməkdaşı sayılır və nazirin tabeçiliyindədir.

Mueller 2017-ci ildə, Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxilə etdiyinə və Trump-ın adamları ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməyə dair iddiaların araşdırılması üçün xüsusi prokuror vəzifəsinə təyin edilmişdi.

Onun hazırladığı hesabatın redaktə edilmiş versiyasında Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsi qəbul edilib. Lakin Mueller Trump və onun komandasının cinayət törətməsinə dair kifayət qədər sübutların olmadığını bildirib. Burası da var ki, xüsusi prokuror Trump və yoldaşlarını tamamilə təmizə də çıxarmayıb.

Mueller hesabatının açıqlanmasından əvvəl baş prokuror William Barr Konqresə hesabtın 4 səhifəlik xülasəsini təqdim etmişdi. Demokrat millət vəkilləri baş prokurorun bu hesabatı təhrif etdiyini söyləyirdilər.

Bundan sonra Mueller-in baş prokurora yazdığı məktub açıqlanmışdı. Bu məktubda Mueller Barrın xülasəsində hesabatın “məzmununun, təbiət və mahiyyətinin tam əhatə edilmədiyi” bildirilirdi.

Məhz bu məktubdan sonra Konqres demokratları hesabatın tam və redaktəsiz variantını, habelə Mueller-in Konqres qarşısında ifadə verməsini tələb etməyə başlayıblar.

XS
SM
MD
LG