ABŞ-da prezident Donald Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasında mümkün təmasları araşdıran xüsusi prokuror hakimdən Trump-ın birinci milli təhlükəsizlik müşavirinə həbsxana cəzasının verilməməsini rica edib.
Robert Mueller dekabrın 4-də açıqladığı mühakimə memosunda Michael Flynn-in müstəntiqlərlə əməkdaşlığının bəzi təfərrüatlarını açıqlayıb.
Xüsusi prokuror bildirir ki, Flynn təhqiqata “əsaslı yardım” göstərib və Rusiya hökuməti ilə Trump kampaniyası arasındakı bağlar və koordinasiya barəsində informasiya verib.
Flynn məhkəmə qarşısına bu ay çıxarılmalıdır.
Mueller bu sənədi Vaşinqtondakı məhkəməyə təqdim edib.
Pentaqonun Müdafiə Kəşfiyyatı Agentliyinin keçmiş rəhbəri Flynn 2016-cı il seçki kampaniyasında Trump-ın baş müşaviri olub. Trump Ağ Evə gəldikdən dərhal sonra onu qüdrətli milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin edib.
Lakin onun Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Sergey Kislyakla məxfi söhbətlərinə dair xəbərlər Flynn-in nominasiyasına kölgə salıb.
2017-ci ilin fevralında onun Trump-ın vise-prezidenti Mike Pence-i və digər administrasiya rəsmilərinə yalan məlumat verməsinə dair xəbərlərdən sonra prezident Flynn-i istefa verməyə məcbur edib.
İşdən çıxdıqdan 10 ay sonra, 2017-ci ilin dekabrında Flynn Rusiya səfiri ilə söhbətləri barədə Federal Təhqiqatlar Bürosuna (FTB) yanlış məlumat verməsi ilə bağlı təqsirini etiraf edib. Bundan sonra o müstəntiqlərə Rusiya rəsmiləri ilə təmaslara dair daha geniş məlumat verməyə razılaşıb.
Flynn-in düşdüyü vəziyyət birbaşa Trump-ın özünü təsirləndirir. Flynn vəzifəsindən kənarlaşdırılandan bir gün sonra, fevralın 14-də Trump FTB-nin ovaxtkı direktoru James Comey ilə görüşüb. Comey-nin Konqresə verdiyi ifadəyə görə həmin görüş zamanı Trump Flynn-in məsələsini qaldırıb və deyib: “Ümid edirəm ki, sən bu məsələni boşlayacaqsan getsin”.
Trump Comey-ni bu söhbətdən üç ay sonra vəzifəsindən kənarlaşdırb və bundan sonra Ədliyyə Nazirliyi keçmiş FTB direktoru Robert Mueller-i bu iş üzrə xüsusi prokuror təyin edib.
Trump Comey ilə söhbətində heç bir qanunsuzluğa yol vermədiyində israr edir, lakin bəzi hüquq ekspertləri Trump-ın Comey-yə təzyiq göstərməyə cəhd etdiyi qənaətindədirlər.
Beləliklə Flynn-in təhqiqatı ədalətə əngəl törətmək kimi ağır cinayət ittihamı ilə nəticələnə bilər.