Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:48

ABŞ xüsusi prokuroru ‘Fethullah Gülenin Ankaraya verilməsi planını’ araşdırır


Michael Flynn-in Gülenin Türkiyəyə təslim etmək istəməsi iddia edilir
Michael Flynn-in Gülenin Türkiyəyə təslim etmək istəməsi iddia edilir

ABŞ mediası xəbər verir ki, xüsusi prokuror Robert Mueller keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-in 15 milyon dollar müqabilində Türkiyənin ekstradisiyanı tələb etdiyi müsəlman vaizin Ankaraya verilməsi üçün iddia edilən planını araşdırır.

The Wall Street Journal oktyabrın 10-da yazıb ki, Flynn və onun oğlu Türkiyə nümayəndələri ilə Fethullah Gülenin Ankaraya təslim edilməsini müzakirə ediblər.

Ankara Güleni prezident Recep Tayyib Erdoğana qarşı ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdinin təşkilində günahlandırır.

İddia olunduğuna görə Flynn bu planı 2016-cı ilin dekabrında Nyu Yorkda müzakirə edib. Həmin vaxt o prezident seçilmiş Donald Trump-ın keçid komandasının üzvü idi.

Gülenə dair planın araşdırılması, Trump nümayəndələri ilə Rusiya hökumət agentləri arasında seçki kampaniyası zamanı iddia edilən qanunsuz əlaqələrə dair daha geniş təhqiqatın tərkib hissədir.

Trump Ağ Evə gəldikdən sonra Flynn milli təhlükəsizlik müşaviri vəzifəsində cəmi 24 gün çalışıb.

O Ağ Ev rəsmilərinə özünün Rusiya səfiri Sergey Kislyakla əlaqələri barədə yanlış məlumat verdiyinə görə istefaya məcbur edilib.

NBC xəbər verir ki, müstəntiqlər ata və oğul Flynn-lərə qarşı çirkli pulların yuyulmasına və dövlət idarələrinə yalan məlumat verilməsinə dair mümkün ittihamları araşdırırlar.

Türkiyədə baş tutmamış çevriliş cəhdindən dərhal sonra Ankara Barack Obama administrasiyasından Fethullah Gülenin ekstradisiyasını tələb etmişdi.

Flynn noyabrın 8-də The Hill qəzetində dərc olunmuş məqaləsində Güleni “müəmmalı İslam mollası” və “radikal islamçı” adlandırıb.

Federal məlumatlara görə Flynn-in konsaltinq firması “prinsip etibarilə Türkiyəni mənfəətləndirəcək iş üçün” 530 min dollar pul alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG