Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Nazir: ‘Artıq 4200 vərəsə ödəniş alıb’


Sahil Babayev
Sahil Babayev

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbi qulluqçulardan artıq,3100 nəfərinin 4200 vərəsəsi birdəfəlik ödənişi alıb.

Bu barədə bu gün, yanvarın 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev danışıb. O, bunu nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirib.

Nazir vurğulayıb ki, bu proses 2019-cu ildə yekunlaşacaq.

Ötən həftə bu mövzuda dövlət başçısı İlham Əliyev də danışmışdı. Onun deməsinə görə, 10 minə yaxın vərəsəyə belə müavinətin verilməsi nəzərdə tutulur:

“Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq”.

Prezidentin vurğulamasına görə, bu təşəbbüs bir məqsədi güdür ki, vaxtilə o vəsaiti almayan ailələr həmin vəsaiti alsınlar: “Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcək”.

Xatırlatma

Prezident İlham Əliyev 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirlər.

Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Həttə etiraz aksiyasında onlardan saxlananlar, inzibati həbs cəzası alanlar da olub.Onlara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də narazıların fikirlərinə münasibət bildirib. Qurumdan vurğulayıblar ki, onlara ödəniş daha əvvəl edilib. “Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib..." - deyə, şirkət bəyan edib.

Ancaq bəzi ekspertlər deyirlər ki, həmin vaxt vərəsələrə verilən 50000 manat indiki məzənnə ilə 20 dollardan da az edir.

Onların fikrincə, həmin vərəsələrə də indi verilən 11 min manatın ( 6 min 500 dollara yaxın) böyük bir hissəsi təqdim edilməlidir.

XS
SM
MD
LG