Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 20:45

Müdafiə Nazirliyinə qarşı 1.8 milyonluq borc qalmaqalı


Müdafiə Nazirliyi

"ANT İnşaat Təmir-Tikinti" MMC iddia edir ki, illər öncə gördüyü işin pulunu Müdafiə Nazirliyindən ala bilmir. Söhbət Bakının Xəzər rayonu, Qala qəsəbəsindəki hərbi şəhərcikdə Müdafiə Nazirliyinin sifarişilə tikilən 5-mərtəbəli, 50-mənzilli binadan və əlavə olaraq, qazanxana, çamaşırxananın inşası, ətrafda boru xətlərinin çəkilməsindən gedir. Tərəflər arasındakı borc qalmaqalı məhkəmə müstəvisinə çıxıb. Təxminən ilyarım tərəflər arasında məhkəmə çəkişməsi gedəndən sonra bugünlərdə Ali Məhkəmə mübahisəyə nöqtə qoyub.

Şirkət Müdafiə Nazirliyindən 1 milyon 815 min manat pul tələb edir. İddia edir ki, bunun 1 milyon 344 mini nazirliyin borcudur. Hərbi şəhərcikdə tikinti-inşaat işlərinin görülməsi üçün aralarında bir neçə müqavilə bağlansa da, nazirlik o müqavilələri tam yerinə yetirməyib, pulun bir hissəsi ödənilməyib. Şirkət borcdan əlavə, yubanmaya görə 403 min manat faiz, 67 min 225 manat da dəbbə pulu tələb edir.

"ANT İnşaat Təmir-Tikinti" MMC-nin iddiası əsasında Müdafiə Nazirliyi cavabdeh, Maliyyə Nazirliyi və Hesablama Palatası isə üçüncü şəxs qismində prosesə cəlb olunub.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi şirkətin iddiasını qismən təmin edib – Müdafiə Nazirliyinin üzərinə "ANT İnşaat Təmir-Tikinti" MMC-yə 652 min manat borc, 1000 manat da dəbbə pulu olmaqla, cəmi 653 min manat ödəmək öhdəliyi qoyub. Bu qərar nə şirkəti qane edib, nə də Müdafiə Nazirliyini. Hər iki tərəf apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Ardınca tərəflər Ali Məhkəməyə üz tutub. Şirkət 1 milyon 800 min manatın tam ödənilməsini istəyir, Müdafiə Nazirliyi isə heç 653 min manatla da razılaşmır.

Nazirlik şirkətin işində qüsurlar aşkarlandığını bildirir

Müdafiə Nazirliyi iddia edir ki, şirkətin gördüyü işlərdə qüsurlar aşkarlanıb, ona görə də vəsaitin bir hissəsi ödənilməyib: "Dörd podrat müqaviləsi üzrə ümumilikdə 12 milyon 504 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib. Bunun da 12 milyon 192 mini ödənilib. 312 min 173 manat borc ödənilməyib. 2017-ci ilin sentyabr-oktyabr aylarında Hesablama Palatasının audit qrupu Müdafiə Nazirliyinin tikinti obyektlərində, o cümlədən "Qala-1" hərbi şəhərciyində tikinti işlərini sənədlərlə yoxlayıb. 641 min 688 manatlıq çatışmazlıq aşkarlanıb. MMC tərəfindən görülmüş tədbirlər nəzərə alınandan sonra 352 min 797 manat çatışmazlıq aktlaşdırılıb".

Amma Ali Məhkəmə Müdafiə Nazirliyinin şirkətin gördüyü işlərdə qüsurlar haqda arqumentini qəbul etməyib. Əsas da bu olub ki, nazirlik bu deyilənləri təsdiqləyən sübut ortaya qoymur: "Nazirlik podrat müqaviləsi üzrə hansı işlərin görülmədiyi, qüsurların nədən ibarət olması barədə məhkəməyə rəsmi sənəd təqdim etmir. Ona görə də icra edilməmiş işlərdə həqiqətən qüsur olub-olmaması, onların aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb olunduğunu müəyyənləşdirməkdən ötrü ekspertiza keçirmək də mümkün olmayıb".

Müdafiə Nazirliyinin nümayəndəsi Dilarə Əfrasiyabova təkrar araşdırma aparılması üçün işin apellyasiya məhkəməsinə qaytarılmasını istəyib. Prosesdə üçüncü tərəf olan Hesablama Palatasının təmsilçisi də eyni mövqedən çıxış edib.

Amma Ali Məhkəmə iyunun 18-də verdiyi qərarla aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.

Qala qəsəbəsində "ANT İnşaat Təmir-Tikinti" MMC-nin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirdiyi layihə 2017-ci ildə təhvil verilib.

XS
SM
MD
LG