Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:45

MTN polkovniki: 'O necə sahibkar idi ki, müqavilələrində 'tam məxfi' yazılırdı...'


Sabiq MTN-nin baş qərargahı

MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş polkovnik Mirəziz Əsgərov iddia edir ki, onun həbsində əleyhinə istifadə olunan adamın özü xarici kəşfiyyata işləyən adamdır. MTN polkovniki bu haqda oktyabrın 16-da öz məhkəməsində danışıb.

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan sonra həbs olunan M.Əsgərov hədə-qorxu ilə tələb etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinərək, 4 il həbs cəzası alıb. Bakı Hərbi Məhkəməsi ona münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq etdi. Bununla belə, MTN polkovniki hökmdən narazıdır və apellyasiya şikayəti verib. Onun işinə Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Məhkəmədə M.Əsgərovun vəkili Fazil Nəhmədov deyib ki, ona bəraət verilməlidir. Çünki ona qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilməyib. Müdafiəçinin sözlərinə görə, zərərçəkmiş Vidadi Əzizovun tutulub MTN-ə gətirilməsi M.Əsgərovun şəxsi təşəbbüsü ilə olmayıb: “Vidadi Əzizov məhkəmə qərarı əsasında izlənilib. Vidadi Əzizov deyir ki, hüquqlarını müdafiə etdiyim şəxsə rüşvəti “Hilton” və “Abşeron” otellərinin yanında verib. Amma bunu təsdiqləyən heç bir sübut yoxdur. Telefon danışıqlarının siyahısından görünür ki, aralarında cəmi bir zəng olub. Mirəziz Əsgərov sadəcə, peşə fəaliyyəti ilə əlaqədar ona verilmiş tapşırıqları icra edib”.

“RÜŞVƏT ALMAQ NİYYƏTİM OLSAYDI...”

Vəkilinin dedikləri ilə razılaşdığını deyən təqsirləndirilən polkovnik də özünü günahkar saymır. Bildirir ki, MTN-ə zərərçəkmiş Vidadi Əzizovun vasitəsilə İrandan hərbi texnika keçirilməsi haqda məlumat daxil olmuşdu. Qərar verilmişdi ki, əməliyyat qrupu yaradılsın, Əzizov gördüyü işin müqabilində pul aldığı yerdə tutulsun: “Əməliyyatı xüsusi təyinatlılar həyata keçirib, biz sadəcə, əməliyyata nəzarət eləmişik. Onu xüsusi təyinatlılar saxlayıb MTN-ə - mənim otağıma gətiriblər. Onu dindirmişik, həmin vaxt ondan nə pul istənilib, nə də hədə-qorxu olub. O, bankdan pulu götürüb çıxanda saxlanmışdı deyə, üstündə böyük məbləğdə pul var idi. Məsələnin maliyyə-iqtisadi tərəfinin mənə aidiyyəti yox idi. Mənə tapşırılmışdı ki, bu adamın xarici kəşfiyyatla əlaqələrini araşdırım”.

Buna da bax: Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

Həbsdə olan MTN polkovniki deyir ki, V.Əzizovdan həbs olunmaması üçün 300 min, daha sonra da biznesinə mane olmamaqdan ötrü 50 min dollar alması haqda zərərçəkmişin söylədikləri ağ yalandır. Təqsirləndirilən şəxsin sözlərinə görə, Əzizov MTN-dən buraxılanda onun pulları da özünə qaytarılıb: “ Əgər mən ondan pul alan idimsə, elə həmin pulunun üstündən götürərdim də, bir də sonradan niyə görüşüb alırdım?! Mən uzun illər əməliyyatçı işləmişəm. Rüşvət almaq niyyətim olsaydı, yer olaraq, “Abşeron”, “Hilton” otellərinin yanını niyə seçirdim? O ərazi kameralarla doludur. Belə hal olsaydı, kameralara düşərdi”.

“BİZƏ MƏLUMATLAR GƏTİRMƏLİYDİ”

M.Əsgərov Əzizov MTN-dən buraxılandan sonra ona zəng eləməsinin səbəbini isə belə izah edib: “Vidadi Əzizovun xarici kəşfiyyata işləməsi tam sübuta yetirilmişdi. Hətta o, dindirmə zamanı müəyyən öhdəliklər də götürmüşdü. İrana və ya digər ölkələrə gedəndə bizə məlumatlar gətirməli idi. Mənim onunla bir dəfə telefon əlaqəm bu məsələ ilə bağlı olub. Amma sonradan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Vidadi Əzizovun sahibkarlıqla məşğul olması haqda deyilənlər yalandır. Sahibkar olubsa, ödədiyi vergilər hanı? Vidadi Əzizov özü məhkəmədə dedi ki, sahibkarlıqla məşğul olduğu müqavilələrdə “tam məxfi” yazılıb. O necə sahibkar idi ki, müqavilələrində “tam məxfi” yazılıb. “Tam məxfi” ancaq kəşfiyyat orqanlarına aid işarədir”.

Buna da bax: Fikrət Hüseynli: Məni Əfqan kimi oğurlamaq istəyirlər [Yenilənib]

Məhkəmə oktyabrın 23-də davam edəcək.

M.Əsgərovun özü ilə yanaşı, zərərçəkmiş V.Əzizov da hökmdən narazı qalaraq, apellyasiya şikayəti verib. O, MTN polkovnikinin cəzasının ağırlaşdırılmasını, həmçinin ona qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı isə 1 milyon 200 min manatlıq mülki iddiasının təmin olunmasını istəyir. Zərərçəkmiş deyir ki, MTN dövlətin mühüm orqanı olub, onun məsul şəxslərinin qanunsuzluğuna görə də dövlət məsuliyyət daşıyır.

V.Əzizov xarici kəşfiyyata işləməsi haqda təqsirləndirilən şəxsin dediklərini isə böhtan adlandırır. Deyir ki, MTN polkovniki özünə bəraət qazandırmaq üçün yalanlar uydurur: “Əgər belə hal var idisə, məni niyə buraxmışdılar?”

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG