Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:51

MTN polkovniki: 'Desəm öldürərlər, deməsəm ölləm...'


Həbs
Həbs

«Mən dövlətim, xalqım, prezidentim üçün canımı-qanımı qoymuşam. Barışmaz mübarizə aparmışam, nə tapşırıq verilibsə, «mən əsgərəm» prinsipi ilə yanaşıb yerinə yetirmişəm. Bu qədər də ədalətsizlik olmaz axı...», – MTN polkovniki Füzuli Əliyevin sözləridir. O, bu fikirləri dekabrın 13-də öz məhkəməsində çıxış edərkən deyib.

«Bacı-qardaşımın nə günahı var...»

2015-ci ilin oktyabrında MTN-də 20-yə qədər vəzifəlinin həbsinə səbəb olan əməliyyat nəticəsində tutulanlardan biri də F.Əliyevdir. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini olmuş F.Əliyev 14 il azadlıqdan məhrum edilib. Özü ilə yanaşı, bacı-qardaşının adına olan xeyli əmlak da müsadirə olunub. Deyir ki, həmin əmlakların ona heç bir aidiyyəti yoxdur, qohumları onları öz zəhmətləriylə almışdılar. Təqsirləndirilən polkovnikin sözlərinə görə, müsadirə olunanlar arasında elə əmlaklar var, bankdan götürülmüş kredit hesabına alınıb, eləsi var, nəinki ittihamda bəhs olunan hadisələrdən, ümumiyyətlə, o, MTN-də işləməmişdən öncə alınıb:

«Tutaq ki, mən günahkaram, mənim bacı-qardaşımın nə günahı var ki, yaşadıqları evləri əllərindən alırlar? Onlar Azərbaycan vətəndaşı deyil? Onların konstitusion hüququ yoxdur? Qardaşımın 1998-ci ildə aldığı daşınmaz əmlakı müsadirə ediblər. «Desəm öldürərlər, deməsəm ölləm» məsələsidir. Susuram ki, Allah böyükdür, ancaq bu qədər də olmaz axı...».

«Mənə dedi ki, o nə evdir sən yaşayırsan?»

F.Əliyev danışır ki, Gəncədə İsmət Qayıbov küçəsində bir ev var, onu bacısı oğlunun zənn edib üzərinə həbs qoyublar. Ünvana gedəndə məlum olub ki, başqasına məxsusdur, bacısı oğlunun evi isə dörd qapı o tərəfdədir, onun da üzərinə həbs qoyublar: «Əvvəl səhvən qoyulan həbsi də götürməyiblər. O bədbəxtin də uşağı onkoloji xəstədir, evini satmaq istəyir, sata bilmir. Qusarda da ümumiyyətlə, tanımadığım bir adamın əmlakını müsadirə ediblər. Mənə heç bir aidiyyəti olmayan adamlara niyə əziyyət verirlər, bunu anlaya bilmirəm. Elə əmlaklar müsadirə olunub ki, onlar artıq mövcud deyil, Gəncədə yolun genişləndirilməsi ilə əlaqədar sökülüb».

MTN polkovniki deyir ki, özünün bir şəraitsiz evi, bir də «Grand Cherokee» markalı avtomobili olub, o da müsadirə edilib: «Mən 2005-2015-ci illərdə müalicə pulu, mükafat və s. üçün ümumilikdə 147 min manat pul almışam. Mən özümə bir maşın ala bilməzdim? Mən həbs olunanda evimdə axtarış aparıldı. Müstəntiq gəlib mənə dedi ki, o nə evdir sən yaşayırsan? Hansı kişi evlərini bacı-qardaşına verib özü şəraitsiz yerdə yaşayar?».

Bakı Hərbi Məhkəməsinin əmlak müsadirəsi ilə bağlı qərarının qanunsuz və ədalətsiz olduğunu deyən F.Əliyev heç olmasa, o hissədə hökmün ləğv olunmasını istəyib: «Mülkiyyət hüququ fundamental hüququdur. Xahiş edirəm, adamların pozulmuş hüququnu bərpa edəsiniz».

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib.

Generallardan Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi S.Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri T.Quliyev, Əməliyyat-Texniki İdarəyə başçılıq etmiş N.Mürvətovanın da daxil olduğu 10 nəfərlik qrupun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bakı Hərbi Məhkəməsinin hökmüylə ilə bu qrupdakılardan general S.Qurbanov və onun müavini olmuş F.Əliyevin hər biri 14 il, T.Quliyev 12 il, Z.MəmmədovN.Alıyevin hər biri 10 il 6 ay, A.Şirəliyev E.Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.

Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general N.Mürvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş F.AtayevE.Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Hökmdə sabiq MTN-çilərin özlərinə və yaxınlarına məxsus əmlakların müsadirəsi, onların rütbələrinin alınması məsələsi də əksini tapıb.

Azadlıqdan məhrumetmə cəzası alanlardan A.Şirəliyev E.Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.

Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG