Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:48

MTN polkovniki: 'Biz necə eləmişdiksə, bizə də elə elədilər'


Prezident İ.Əliyev MTN-in zabitləri ilə.
Prezident İ.Əliyev MTN-in zabitləri ilə.

«MTN işi»ndə zərərçəkənin 200 min pul verdiyini iddia etdiyi adam indi də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsində işləyir. Elə keçmiş MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini olmuş polkovnik Füzuli Əliyev də, vəkili də məhkəmədə sual ediblər ki, niyə zərərçəkən Rauf Həsənovun ittiham etdiyi şəxs vəzifədə qaldığı halda, onu həmin işdən xəbəri olmadığı halda cəzalandırırlar. Həbsdə olan MTN polkovniki və müdafiəçisi bu barədə dekabrın 6-da məhkəmədə danışıblar.

14 il azadlıqdan məhrum edilmiş F.Əliyev də, onunla birlikdə mühakimə olunmuş sabiq MTN-çilər kimi, hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində çıxış edən F.Əliyev bildirib ki, onların işi üzrə zərərçəkmiş qismində tanınıb, sahibkar kimi təqdim edilənlərin heç biri qanuni sahibkarlıqla məşğul olmayıb: «İstənilən obyektiv hüquqşünas baxsa, görər ki, bizim işimizdə çox haqsızlığa yol verilib. Acından ölən, hamıya borcu olan adamı sahibkar kimi təqdim eləyiblər ki, guya biz onlardan pul almışıq. O zərərçəkənlərin bir hissəsi ya «obnaliçka» ilə - dövlət büdcəsini talamaqla məşğul olublar, ya da qaçaqmalçılıqla qızıl-brilyant, telefon gətiriblər. Aralarında dələduzluqla məşğul olan, ermənilərlə işbirliyində şübhəli bilinən bir neçə nəfər də vardı. Onlarla bağlı şəxsi məlumatlara baxsanız görərsiniz ki, əksəriyyəti məhkum olunub, bir hissəsi indi də həbsdədir. Aralarında bizdən sonra həbs olunanlar da var. Biz qanuni sahibkarlıqla məşğul olan heç kimin maraqlarına toxunmamışıq».

Təqsirləndirilən polkovnikin sözlərinə görə, 2014-cü ildə onlara tapşırıq verilib ki, ölkədə «obnaliçka»nın (büdcə vəsaitlərinin müxtəlif şəxslərin, formal şirkətlərin vasitəsilə nağdlaşdırılıb ələ keçirilməsi) qarşısı alınsın. F.Əliyev deyir ki, bu prosesin arxasında da böyük qüvvələr dayanırdı: «Bir tərəfdə qüdrətli dövlət təşkilatları, o biri tərəfdə qüdrətli sahibkarlar... Zəif həlqə ortadakı vasitəçi maklerlər idi».

«14 ildən artıq nə verəcəklər, güllələnmə?»

Zərərçəkənlər arasında gəmi təmiri ilə məşğul olan «Techmarine LTD» MMC-nin təsisçisi Arif Həsənov da var. O, apellyasiya şikayətində 400 min manat ziyanın ödənilməsiylə yanaşı, həm də MTN əməkdaşlarının cəzasının ağırlaşdırılmasını tələb edir. İddia edir ki, vaxtilə MTN-ə şərikinin əməllərindən şikayət edib, son nəticədə onu özü və oğlunu həbs etməklə hədələyib, 400 min manatını alıblar.

F.Əliyev bu adamı «əməkdar zərərçəkmiş» adlandırıb: «14 ildən artıq nə verəcəklər, güllələnmə? Birinci instansiya məhkəməsində də ona dedim ki, sən mənə pul vermisən? Həm kişi kimi, həm zabit kimi şərəfimə and içdim ki, mən bu adamdan nə pul istəmişəm, nə də almışam. Üzünə dedim ki, dörd dəfə Həccə getməyindən danışırsan, amma şərikinə şər-böhtan atırsan. Bu adam Şahin Sultanovun (Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı-red.) üzünə durdu, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bir müstəntiqini işdən çıxartdırdı... Belələrinin sözüylə dövlətinə, prezidentinə, xalqına xidmət eləmiş zabiti şərləmək... Nə bilim vallah... Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər».

«Pulu ona vermisənsə, məndən nə istəyirsən?»

Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olduğunu deyən zərərçəkmiş Rauf Həsənov iddia edir ki, F.Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb, həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. İki-üç həftə keçsə də, pulu düzəldə bilməyib, hüzr mərasimindən qayıdanda onu tutub MTN-ə gətiriblər. Müstəntiq Yasin Məmmədov ondan 500 min pul istəyib, son nəticədə 300 min alıb.

Bu epizod üzrə ittihama münasibət bildirən F.Əliyev və vəkili deyir ki, R.Həsənovun brilyant qaçaqmalçılığıyla məşğul olması barədə məlumat əsasında əməliyyat tapşırığı vardı, onlar da icra edərək onu tutub gətirib istintaqa – müstəntiqə təhvil veriblər.

Dediyinə görə, bundan sonra o işdən xəbəri olmayıb: «Əməliyyatçıların istintaqa müdaxiləsi mümkün deyildi. Adam deyir ki, pulu məndən Yasin Məmmədov tələb edib, ertəsi gün də ona aparıb vermişəm, hətta bir qədər sonra zəng eləyib, puldan 200 dollar əskik olduğunu deyib, onu da vermişəm. Zorla bu epizodu bizim üstümüzə yükləyiblər. Allah göydən baxır axı...».

Hazırda da DTX-nın İstintaq İdarəsində fəaliyyətini davam etdirən Y.Məmmədov «MTN işi» üzrə istintaqda dindirilsə də, məhkəməyə çağrılmayıb. Baxmayaraq ki, vəkillər onun dindirilməsi barədə vəsatət qaldırıblar. İstintaqa ifadəsində isə bildirib ki, zərərçəkən R.Hüseynovu ümumiyyətlə, tanımır və ondan pul almayıb.

«İş materiallarında olan telefon zənglərinin çıxarışı isə göstərir ki, onların arasında dəfələrlə telefon danışığı olub. Məhkəmədə də ona dedim ki, pulu Yasin Məmmədova verdiyini bildirirsən, məndən nə istəyirsən? Deyir ki, sən tutub aparmasaydın, o da pulumu almazdı...», - F.Əliyev bildirib.

Vəkil bildirir ki, bu məsələ Bakı Hərbi Məhkəməsində araşdırılanda Xəzər Rayon Məhkəməsindən R.Həsənov haqqında baxılmış cinayət işinin materialları alınıb. Oradan da aydın olub ki, bu işin istintaqını Y.Məmmədov aparıb.

Y.Məmmədov Mərkəzi Seçki Komissiyasının keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib.

Generallardan Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi S.Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri T.Quliyev, Əməliyyat-Texniki İdarəyə başçılıq etmiş N.Mürvətovanın da daxil olduğu 10 nəfərlik qrupun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bakı Hərbi Məhkəməsinin hökmüylə ilə bu qrupdakılardan general S.Qurbanov və onun müavini olmuş F.Əliyevin hər biri 14 il, T.Quliyev 12 il, Z.Məmmədov N.Alıyevin hər biri 10 il 6 ay, A.ŞirəliyevE.Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.

Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general N.Mürvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş F.AtayevE.Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Hökmdə sabiq MTN-çilərin özlərinə və yaxınlarına məxsus əmlakların müsadirəsi, onların rütbələrinin alınması məsələsi də əksini tapıb.

Azadlıqdan məhrumetmə cəzası alanlardan A.Şirəliyev və E.Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.

Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG