Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Keçmiş MTN-in şöbə rəisi və xanımına hökm oxunub


2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub
2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şöbə rəisi olmuş 60-yaşlı Zakir İsmayılova 19 il həbs cəzası kəsilib. CM-in 274-cü maddəsiylə - dövlətə xəyanətdə suçlanan sabiq MTN zabitinin həyat yoldaşı Nəzakət İsmayılova da onunla birlikdə mühakimə olunub. N.İsmayılova isə 32.274 maddəsiylə, yəni törədilən cinayətdə iştirakçılıqda təqsirləndirilib. Ona isə 10 il cəza verilib.

İddia olunur ki, Z.İsmayılov MTN zabiti kimi ona məlum olan məlumatları (əks kəşfiyyat fəaliyyətiylə bağlı sənədlər, şəxsi heyət haqda informasiyalar və s.) xarici xüsusi xidmət orqanlarına ötürüb.

«O, həmçinin, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin üsulları barədə təhlillər aparıb, bunları xarici xüsusi xidmət orqanına ötürüb», – ittihamda belə yazılıb.

Özlərini təqsirli bilmirlər

İddia olunur ki, Z.İsmayılovun gizli və şifrəli yazışmaları, səs yazıları, məlumatlar olan daşıyıcılar (flaşkart) da tapılıb. İttihamda vurğulanır ki, bütün bunları pul müqabilində edib.

Həyat yoldaşı da məlumatların ötürülməsi, pulun alınması prosesində ona yardım etməkdə suçlanır.

İsmayılovların məhkəməsi qapalı keçirilib. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, onların heç biri özünü təqsirli bilməyib. Z.İsmayılov ona qarşı ittihamın əsassız olduğunu, qərəz nəticəsində həbs olunduğunu bildirib.

«Zakir İsmayılov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən qısa müddət sonra işdən çıxarılıb. İttihamda da qeyd olunub ki, xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlıq təqaüddə olduğu müddətdə olub. Əsasən vəzifədə olduğu dövrdə əldə etdiyi məlumatlardan istifadə edib», -–mənbə belə deyir.

Həm Z.İsmayılov, həm də həyat yoldaşı Bakı Hərbi Məhkəməsinin hökmündən şikayət verib. Onlar bəraət hökmü çıxarılmasını istəyirlər. İsmayılovların şikayətinə fevralın 25-də Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Bakı Hərbi Məhkəməsinin hökmü prokurorluğu da qane etməyib. Ölkənin hərbi prokuroru Xanlar Vəliyev də protest verib. O hesab edir ki, Bakı Hərbi Məhkəməsinin verdiyi cəza ağırlaşdırılmalıdır.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlar, əsasən, mənimsəmə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunublar, 3 ildən 14 ilədək həbsə məhkum ediliblər.

Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlar hökmdən narazı qalıb apellyasiya şikayəti versələr də, hökm dəyişməyib. Bu şəxslər özlərini təqsirli bilmirlər.

Həbs olunanların bir qismi artıq azadlığa buraxılıb.

XS
SM
MD
LG