Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:00

MTN generallarına 'yox' deyildi


MTN
MTN

Həbsdəki MTN generallarının apellyasiya şikayəti təmin edilməyib.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəhbəri Teymur Quliyev, polkovnik Füzuli Əliyev və onların tabeliyində işləmiş daha dörd nəfər barələrində çıxarılmış hökmə etiraz edirdilər. Onlar apellyasiya şikayəti vermişdilər. Beş ay idi ki, Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılırdı.

Fevralın 8-də proses yekunlaşıb. Öncə prokuror çıxış edib, deyib ki, şikayətlər əsassızdır, təmin olunmamalıdır. Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanmalıdır.

Ardınca vəkillər qısa şəkildə replika veriblər. Deyiblər ki, ittihamların əsassızlığı barədə günlərlə çıxış edib, ortaya qoyduqları arqumentlərə prokuror cavab vermədi. Vəkillər hökmün ləğvini, sabiq MTN-çilərə bəraət verilməsini istəyiblər.

Təxminən 15 dəqiqəlik müşavirədən sonra Sahibxan Mirzəyev, Faiq Qasımov və Elşad Şamayevdən ibarət hakimlər kollegiyası apellyasiya şikayətlərinin təmin olunmadığını, birinci instansiya məhkəməsinin hökmünün heç bir dəyişiklik edilmədən qüvvədə saxlandığını elan ediblər.

Hökmdən keçmiş MTN-çilərlə yanaşı, onların şantajla pul aldığı iddia edilən zərərçəkənlərin də bəziləri şikayət vermişdilər. Onların da şikayəti rədd edilib.

Bakı Apellyasiya Məhkəməsinin bu qərarından sonra hökm qüvvəyə minib. Hökmdə MTN generalları və onların işçilərinə verilən cəzalarla yanaşı, rütbələrinin alınması, əmlaklarının müsadirəsi məsələsi də yer alıb.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib.

Generallardan Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Əməliyyat-Texniki İdarəyə başçılıq etmiş Natəvan Mürvətovanın da daxil olduğu 10 nəfərlik qrup birlikdə mühakimə olunmuşdu. Bu qrupdakılardan general S.Qurbanov və onun müavini olmuş F.Əliyevin hər biri 14 il, T.Quliyev 12 il, Zaur Məmmədov və Natiq Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyev isə 3 il azadlıqdan məhrum edilib.

Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general N.Mürvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş Fərhad Atayev və Elşad Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Azadlıqdan məhrumetmə cəzası alanlardan A.Şirəliyev və E.Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.

E.Əzizov hökmdən şikayət verməyib. N.Mürvətova öncə şikayət versə də, sonradan geri götürüb. E.Əliyev də 2018-ci ilin oktyabrında azadlığa çıxdığına görə şikayətindən imtina edib.

Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurlar.

Ancaq onlar özlərini təqsirli bilmirlər və ittihamda yazılanların yalan olduğunu bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG