Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:23

Akif Çovdarovun vəkilləri ona bəraət istəyir


Akif Çovdarov
Akif Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, həbsdə olan general Akif Çovdarovun vəkilləri onun təqsirsiz olduğunu deyir və bəraət verilməsini istəyirlər. Çovdarovun vəkilləri Sadiq Rəsulov Kamandar Nəsibov məhkəmədə müdafiə çıxışında belə deyiblər.

A.Çovdarov və onun tabeliyində işləmiş daha üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və daha iki hakim Sabunçu Rayon Məhkəməsinin binasında baxır. Bir ilə yaxındır davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror təqsirləndirilən şəxslərə cəza istəyib, indi isə vəkillərin çıxışı mərhələsidir. Çovdarovdan başqa digər üç təqsirləndirilən şəxsin vəkili çıxışlarını başa çatdırıb.

***Buna da bax-'MTN işi': 'Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır'

Sentyabrın 20-də məhkəmədə A.Çovdarovun vəkilləri çıxış edib. Öncə Sadiq Rəsulov bildirib ki, MTN generalına verilən ittihamların heç biri məhkəmədə sübuta yetirilmədi. Müdafiəçinin sözlərinə görə, məhkəmədə dindirilən şəxslərin əksəriyyəti istintaqdakı ifadələrini təsdiqləmədi. A.Çovdarovun özünün də ittihamları qəbul etmədiyini deyən vəkil çıxışının sonunda MTN generalı haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Ardınca digər vəkil Kamandar Nəsibov da hər bir ittiham epizodu üzrə ayrıca danışıb. Bu vəkil də Çovdarovun özünü təqsirli bilmədiyini, ona elan olunmuş ittihamların məhkəmədə sübut olunmadığını deyib.

A.Çovdarovun üçüncü vəkili də var – Şahin Rəfiyev. Onun çıxışından sonra keçmiş MTN-çilər məhkəmədə son sözlərini deyəcəklər. Proses hazırda davam edir.

XATIRLATMA

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

***Buna da bax-Çovdarov: 'Hər 4 jetondan birinin pulu Tağı Əhmədovun cibinə gedib'

Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib. Onlar pul almaq məqsədilə iş adamlarının MTN-ə gətirilib qanunsuz həbsdə saxlanması, agenturaya ayrılan pulların mənimsənilməsi, telefon danışıqlarının qanunsuz dinlənilməsi və s. əməllərdə suçlanır.

Prokuror A.Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. A.Əliyev və O.Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG