“Biz dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı daxil olan və sosial şəbəkələrdə paylaşılan görüntüləri araşdıracağıq”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugün, dekabrın 24-də keçirilən iclasında həmin qurumun sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, həmin müraciət və görüntülərlə bağlı Seçki Məcəlləsinə uyğun olaraq müvafiq qərarlar qəbul ediləcək.
“Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”, deyə o habelə vurğulayıb.
Xatırlatma
Dünən dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.
Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.
Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.
Bir sıra media orqanları və sosial şəbəkələrdə də seçkinin qanuna uygun keçirilməsi ilə bağlı mübahisə doğuran müxtəlif görüntülər, iddialar yayılıb.