Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:03

MSK DTİHB-lə əməkdaşlığı dayandıra biləcəyini açıqlayıb


“Vətəndaşların öz konstitusion hüquqlarından tam, maneəsiz istifadə etmələri üçün bütün zəruri addımlar vaxtında, keyfiyyətlə atılaraq, seçicilərin azad və sərbəst seçim imkanları tam təmin edilib”.

Bu fikirlər Azərbaycanda keçirlən prezident seçkisi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətlərinin hazırladığı hesabata Mərkəzi Seçki Komissiyasının (MSK) münasibətində yer alır.

“Obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulması açıq müşahidə edilən bu hesabat özündə əks etdirdiyi çoxsaylı daxili ziddiyyətlərlə də diqqəti cəlb edir. Beləliklə də seçkilərdə iştirak edən namizədlərdən hamısının prosesdən razı qalması, qanun pozuntularına dair heç bir şikayət və müraciətin olmaması, yüksək seçici fəallığı tamamilə diqqətdən kənarda saxlanılaraq süni saxtakarlıq mühitinin yaradılmasına cəhd edilir. İddia edilən pozuntuların kimin ziyanına edilməsini də anlamaq çox çətindir”, MSK-nın bəyanatında yazılır.

MSK hesab edir ki, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salır.

“Sözü gedən hesabatda vurğulanır ki, “digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər”. Bu cümlədə “onu tənqid etmək” ifadəsi təəccüb doğurmaya bilməz. Heç bir prezident seçkiləri kampaniyasının tələbləri bu və ya digər namizədin şəxsi tənqidini nəzərdə tuta bilməz”, bəyanatda yazılır.

MSK vurğulayır ki, xarici müşahidəçilərin təqribən 40 faizini təşkil edən sözü gedən misiya bu seçkilərdə ənənəvi olaraq yeganə təkzibolunmaz və son hakim funksiyasını təkbaşına mənimsəyib.

MSK bəyan edir: “Hesabatda “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidəçiləri” terminindən yox, “beynəlxalq müşahidəçilər” terminindən istifadə edilir. Bu da 59 ölkəni, çoxsaylı beynəlxalq təşkilatları təmsil edən xarici müşahidəçilərə ən azı hörmətsizliyin və təkəbbürlüyün aşkar sübutudur”.

“Mərkəzi Seçki Komissiyası adı çəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur. Ümid edir ki, müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda, MSK-a böyük təəssüf hissi ilə nümayəndələri sözü gedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq”

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Hələ seçki günü gecə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirmişdi ki, artıq səslərin 90 faizindən çox sayılıb. Sayılan bülletenlərə əsasən, hazırkı dövlət başçısı İlham Əliyev 86 faizlə liderdir. Qalan 7 namizədin 0.75 faizdən 3.11 faizə kimi səs topladığı bildirilib.

ATƏT DTİHB-nin müşahidəçiləri, bu qurumun və Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətlərinin hazırladığı hesabatda isə Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

“Hüquqların məhdudlaşdırıldığı, plüralizmin olmadığı şəraitdə seçkilərdə əsl rəqabət olmayıb. Namizədlər hazırki prezidenti tənqiddən çəkiniblər. Seçki kampaniyası və prezidentin fəaliyyəti arasında fərq olmayıb”, beynəlxalq müşahidəçilərin bəyanatında bildirilib.

Onlar vurğulayıblar ki, seçki günündə müşahidəçilər məcburi prosedurlara kütləvi məhəl qoyulmaması, şəffaflığın olmaması, seçki qutularına bülletenlərin topa şəkildə atılması kimi ciddi pozuntuları qeydə alıblar.

XS
SM
MD
LG