110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Nurlana Cəlil və 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd Rəbiyyə Məmmədova oturaq aksiyanı davam etdirməkdə israr ediblər.
+++
MSK qarşısına bir polis zabiti gəlib. O, namizədləri ictimai asayişi pozmaqda günahlandırıb. Həmin polis zabiti deyib ki, əgər şikayət varsa, binaya daxil olub, bunu çatdıra bilərlər.
Amma namizədlər də qeyd ediblər ki, etiraz aksiyasını saat 17-yə kimi davam etdirəcəklər.
+++
Bu gün, fevralın 20-də bir qrup deputatlığa namizəd Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında oturaq aksiyaya başlayıblar. Onlar fevralın 9-da keçirilən parlament seçkilərində ciddi qanun pozuntularına yol verildiyini bildirirlər. Hələlik, aksiyaya MSK-dan münasibət almaq mümkün olmayıb.
Hazırda növbədənkənar parlament seçkiləri ilə bağlı şikayətlərə baxış davam edir. Bu proses qanunvericiliyə əsasən, fevralın 29-na kimi çəkəcək.
İndiyə qədər MSK 4 dairədə nəticələri ləğv edib. Habelə, təqribən 10 dairədə 30 civarında məntəqələrin də nəticələri etibarsız sayılıb.
MSK daxilində
MSK-nın daxilində isə şikayətlərə baxış davam etdirilib.
Daha 5 məntəqədə nəticələr ləğv olundu
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 20-də 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 4 məntəqəsində də səsvermənin nəticələrini etibarsız hesab edib.
MSK-dan verilən məlumata görə, 14, 17, 23, 25 saylı məntəqələrin nəticələri etibarsız sayılıb.
Amma bu dairədə də yekun nəticə dəyişməyib.
MSK həmin dairədə V Çağırış Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadəni lider namizəd kimi açıqlayıb.
Qərara onun və şikayətçi tərəfin münasibətini almaq cəhdləri nəticə verməyib.
Bundan əvvəl isə qurumun iclasında 11 saylı Qaradağ Seçki Dairəsindən də bir məntəqənin nəticəsiləğv edilmişdi.
Orada da yekun nəticə dəyişməyib. Bu dairədə isə lider namizəd Aydin Hüseynovdur.
Hər iki dairə üzrə yekun nəticənin dəyişməsi istənilirdi.
Daha 7 məntəqənin nəticələri ləğv edilib
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 20-də 57 saylı Kürdəmir Seçki Dairəsinin 7, 18, 20, 27 və 33 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
MSK-dan bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən 7, 18 və 33 saylı seçki məntəqələrində ciddi qanun pozuntuları aşkarlanıb. "Ümumilikdə isə 5 məntəqədə pozuntular aşkar olundu. Beləliklə, 7, 18, 20, 27, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib”, qurumdan qeyd edilib.
MSK həmin dairədə Əminə Ağazadəni lider namizəd kimi açıqlayıb.
5 məntəqənin nəticələrinin ləğvi dairənin yekun nəticəsinə təsir etməyib.
Qərara, hələlik, bu dairədəki seçkilərdə maraqlı tərəflərin münasibətini almaq mümükün olmayıb.
İclasda həmçinin, 107 saylı Qazax Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində də nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.
MSK-dən bildirilib ki, dairə ilə bağlı təqdim edilən videogörüntülərdə qanun pozuntuları 2 saylı seçki məntəqəsində əksini tapıb və orada nəticə etibarsız sayılıb.
Həmin dairədə isə lider namizəd Azərbaycanın Avropa Şurası Parlament Assambeliyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.
Bir məntəqənin ləğvi bu dairədə yekun nəticəyə təsir etməyib. Qərara Səməd Seyidov və şikayətçi tərəfin münasibətini, hələlik, almaq mümükün olmayıb.
MSK habelə, 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən namizəd Ağasif İbrahimovun (Şakiroğlu) müraciətinə də baxıb.
Qurumdan qeyd edildiyinə görə, məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib. Verilən məlumata görə, iclasda bildirilib ki, namizəd müraciətində müşahidəçilərə şəraitin yaradılmamasını və digər məsələləri qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb. Həmin dairə üzrə 1 seçki (24 saylı) məntqəsinin nəticəsi etibarsız sayılıb”.
Bu dairədən də V Çağırış Milli Məclisin üzvü Azay Quliyevin lider namizəd olduğu açıqlanıb.Dairədə yekun nəticə dəyişməyib, qərara, hələlik, tərəflərdən münasibət almaq cəhdləri nəticə verməyib.
11 məntəqənin səsvermə nəticələri ləğv edilib
Mərkəzi Seçki Komissiyası (MSK) 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız sayıb.
Qurumun bugün, fevralın 20-də keçirilən iclasında qeydə alınan namizəd Faiq Kərimov və Nazim Azadoğlunun müraciətinə baxılıb, müraciətlər bir tərkibdə birləşdirilib.
MSK-dan verilən məlumata görə, müzakirələrin yekunu olaraq 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrində nəticələr ləğv edilib. Buna səbəb kimi həmin məntəqələrdə qanun pozuntularının aşkarlandığı açıqlanıb.
MSK həmin dairədən lider namizəd kimi V çağırış Milli Məclisin üzvü İmamverdi İsmayılovu açıqlamışdı.
Ondan və başqa maraqlı tərəflərdən, hələlik, bu qərara münasibət almaq mümükün olmayıb.
Seçki Məcəlləsinin 170-ci maddəsində göstərilir ki, seçki dairələrinin ərazilərindəki məntəqələrin 2/5-də (40 faiz) seçkilərin nəticələri etibarsız sayılsa, bu, həmin dairə üzrə seçkilərin nəticələrinin ləğvinə səbəb olur. Amma bu şərtlə ki, bu, ləğv edilən dairə üzrə seçicilərin 25 faizini və ya 1/4-ini əhatə etmiş olsun.
Həmin dairədə isə 59 məntəqənin olduğu açıqlanıb.
***
Bu gün fevralın 20-də keçirilən iclasda 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsində bir məntəqənin nəticəsinin ləğv edildiyi açıqlanıb.
Bu dairə üzrə deputatlığa namizəd Sitarə Zeynalova və Ramil Səfərovun şikayətinə baxılıb.
Qurumdan bildirilib ki, müraciətləri Ekspert qrupu araşdırıb: «8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib və səsvermənin nəticələri etibarsız sayılıb».
MSK 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsində lider namizəd olaraq hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, V çağırış Milli Məclisin üzvü Musa Quliyevi açıqlayıb. Qərara onun və başqa maraqlı tərəflərin fikrini öyrənmək mümkün olmayıb.
Bu dairələrdə müraciətlər DSK-lara göndərilib
MSK fevralın 20-da keçirilən iclasında bundan əvvəl isə 99 saylı Şəmkir kənd, 27 saylı Sabunçu ikinci və 121 saylı Laçın seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verib.
Xatırlatma
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.
Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.
Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.
Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.