Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:12

Müsavatçıların polisə çağırıldığı bildirilir


Müsavat Partiyasının Nərimanov təşkilatının sədri Namiq Niftiyev polisə çağırıldığını deyir.

Bu barədə məlumat verən Namiq Niftiyev bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə çağıraraq bir neçə saat söhbət ediblər.

O, güman edir ki, polisə çağırılmasının səbəbi, iyulun 29-da həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənova azadlıq tələbi ilə keçirilmiş aksiyada iştirakıdır:

“Aksiyada saxlandım, çox güman ki, yaşayış yerim üzrə polisə məlumat göndəriblər və məni çağırdılar. Düzdür, polisdə bu barədə mənə deməsələr də, söhbətin məğzindən belə başa düşdüm”.

Namiq Niftiyev əlavə edib ki, söhbət zamanı ona “ağıllı ol, yoxsa səni istirahətə göndərəcəyik” kimi ifadələr də işlənilib.

“Turan” Agentliyi Namiq Niftiyevin bu açıqlaması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi ilə əlaqə saxlayıb.

Agentliyinin məlumatına görə, oradan bildiriblər ki, məsələ ilə bağlı məlumatları yoxdur və Namiq Niftiyev adlı vətəndaş bölməyə dəvət olunmayıb.

Bu deyilənlərə, Dasxili İşlər Nazirliyindən isə, hər hansı münasibət almaq mümkün olmayıb.

Müsavat Partiyasının digər üzvü, Şəki rayon təşkilatının sədri Bakıxan Qəribli də polis şöbəsinə çağırıldığını deyir.

O, isə bildirib ki, özünü polis mayoru Aqil Cəfərov kimi təqdim edən şəxs onun telefonuna zəng edərək şöbəyə dəvət edib. Bakıxan Qəriblinin sözlərinə görə, polisə dəvət ona qarşı vətəndaşın şikayəti ilə izah edilib:

“Bir vətəndaş şikayətində bildirib ki, mən onu ölümlə hədələmişəm, halbuki, belə bir hadisə baş verməmişdi. Bununla bağlı izahat yazdım və sərbəst buraxıldım. Lakin mənə bildirdilər ki, sabah avqustun 1-də də digər vətəndaşın şikayəti ilə əlaqədar şöbəyə getməliyəm”.

Şəki Rayon Polis Şöbəsindən isə Bakıxan Qəriblinin dediklərinə münasibət almaq cəhdləri nəticə verməyib.

Müsavat Partiyasından bildirildiyinə görə, başqa fəal üzvlərindən də polisə çağırılanlar var.

Amma Azərbaycan rəsmiləri bir qayda olaraq bildirirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur və heç kim dinc siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşmir.

İyulun 29-da Bakıda bir qrup fəal “Azad Həsənova azadlıq”, “Siyasi məhbuslara azadlıq” kimi şüarlarla aksiya keçirib.

Aksiya iştirakçılarından 10-a yaxın şəxs saxlanıb. Onlardan bir nəfər, Müsavat Partiyasının üzvü Elman Quliyev Nəsimi Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin ( İXM) 535.1 maddəsi ilə (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) günahlandırılaraq 30 sutka inzibati həbs alıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.

Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.

Azərbaycan rəsmiləri, bir qayda olaraq, ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər. Onların fikrincə, siyasi məhbus sayılan şəxslər də konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG