Çeçenistanın avtoritar başçısı Ramzan Kadırovun qatı tənqidçisi Mansur Movlayev məhkəmə onun Rusiyaya deportasiyasına dair qərar çıxarmadan Qırğızıstanı tərk edib.
Movlayevin vəkili Bakıt Avtandil noyabrın 27-də AzadlıqRadiosuna deyib ki, onun müştərisi hazırda adı açıqlanmayan ölkədədir.
Vəkil əlavə edib ki, Movlayev Qırğızıstanı öz qərarı ilə tərk edib.
Bişkek məhkəmələrindən biri Movlayevi ötən həftə 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. O Qırğızıstan sərhədini qanunsuz keçməkdə ittiham olunurdu.
Məhkəmənin qərarında deyilirdi ki, o həbsdən azad edilməlidir, amma onun Rusiyaya deportasiyasına dair qərar qüvvədə qalır.
Avtandil o vaxt AzadlıqRadiosuna demişdi ki, Movlayevin təcridxanada qaldığı müddət onun həbs cəzasından iki dəfə çox idi və o bu səbəbdən azad olunmalıydı.
Əslən Çeçenistandan olan Movlayev Rusiyada ekstremizm ittihamı ilə axtarışdadır. O bu ittihamı siyasi motivli hesab edir.
Qırğızıstanın ittihamları
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi avqust ayında bildirmişdi ki, Movlayev komitənin keçirdiyi antiterror reydi zamanı həbs edilib.
Komitənin məlumatında deyilirdi ki, 28 yaşlı çeçen fəal Yaxın Şərqdəki terrorçu qruplaşmalarla bağları olan “radikal İslam davamçısıdır”.
Movlayev 2020-ci ildə qanunsuz narkotik maddə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Amma o deyirdi ki, bu ittiham siyasi motivlidir və Kadırovu tənqid etdiyinə görə qisas olaraq irəli sürülüb.
2022-ci ildə Movlayev vaxtından əvvəl həbsxanadan buraxılmış, amma sonra təkrar saxlanmışdı.
Avropaya getmək istəyirdi
Tanınmış çeçen müxalifət blogerləri İbraqim və Baysanqur Yanqulbayevlər o vaxt xəbər vermişdilər ki, Movlayev 2022-ci idə Rusiyadan Qırğızıstana qaça bilib.
O Qırğızıstandan Avropaya getmək üçün beynəlxalq insan haqları qruplarından kömək istəyirdi.
Çeçenistana 2007-ci ildən başçılıq edən Kadırovun şəxsiyyətinə pərəstiş mövcuddur, lakin o beynəlxalq insan haqları təşkilatları tərəfindən LGBT icması nümayəndələrinə işgəncələr verilməsində və onların qanunsuz qətllərində ittiham olunur.
Kremlin tənqidçiləri deyirlər ki, Rusiya prezidenti Vladimir Putin separatçı bölgədə sabitliyin qorunub saxlanması üçün Kadırovun cinayətlərinə göz yumur.