Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Bu dövlətdə hər millətin öz yanğınsöndürəni, zibilyığanı var…


Mostar körpüsü
Mostar körpüsü

“Bosniyanın Mostar şəhərində yanğın baş verəndə, qocaman yanğınsöndürən Sabit Golos bilir ki, yanğın şəhərin müsəlman hissəsində baş verməyibsə, narahat olmağa dəyməz. Şəhəri ikiyə bölən sərhəd 1992-1994-cü illərdə baş vermiş müdhiş etnik münaqişənin cəbhə xəttindən keçir”.

New York Times qəzetinin müxbiri Andrew Higgins-in yazdığına görə, bu ona görə belədir ki, Mostarda uzun müddətdir sülhün bərqərar olmasına baxmayaraq, hələ də iki yanğınsöndürən briqada var. Bunlardan biri cənab Golosun briqadası kimi yalnız müsəlmanlardan, digəri isə katolik xorvatlardan ibarətdir. Necə deyərlər, hərə öz yanğınını söndürür.

Jurnalist yazır ki, şəhəri ikiyə bölən xətt artıq çoxdan bəri rəsmən mövcud olmasa da, bir çat kimi insanların həyatından keçməkdə davam edir. Bu, Mostarı və bütövlükdə Bosniyanı parçalayan etnomilli çatın embleminə çevrilib.

Məqalədə deyilir ki, Avropa və Birləşmiş Ştatların bölücü qüvvə olan etnik millətçiliyin yüksəlişi ilə çarpışdığı bir vaxtda, Bosniyadakı bölünmə acı bir ibrət dərsi olmalıdır. Bosniyanın taleyi onu göstərir ki, bir dəfə qorxu və müharibə ilə bir-birindən ayrı düşmüş icmalar hətta bir çoxları bu ixtilafın nədən başlandığını unudanda da ayrı qalmaqda davam edirlər.

Buradakı səngərlənmiş ixtilafı bu yaxınlarda keçirilmiş seçkilər də göstərib. Bu seçkinin kampaniyasında millətçi ritorika baş alıb gedir, hətta Bosniyanın bir dövlət kimi varlığı sual altına qoyulurdu.

Bosniya müharibəsi zamanı Mostarda döyüş qurbanlarına köməklə məşğul olmuş amerikalı Bosniyasakini Tim Clancy deyir ki, bütün Avropa ifrat sağçıların yüksəlişindən narahatdır, lakin bir çoxları dar millətçiliyin bundan da təhlükəli bəla olduğunu dərk etmirlər.

Qanla cızılmış xətt

Məqalənin əvvəlində söhbəti gedən iki yanğınsöndürən briqada bir bələdiyyə xidmətinə tabedir. Mostardakı zibilyığan şirkətlər də belədir. Burada iki xəstəxana, iki elektrik şirkəti, iki avtovağzal, iki futbol komandası, iki çox populyar gecə klubu var. Bunların hamısı eyni bələdiyyənin tabeçiliyindədir, amma əslində aralarından, 25 il bundan əvvəl qanla cızılmış ayırıcı xətt keçir.

Yanğınsöndürən Golos deyir: “Bu şəhərdə hər şey aydındır. Hamı öz ərazisinin harda olduğunu bilir”.

O əlavə edir ki, Mostarın dispetçer xidməti heç bir vəchlə onun briqadasını müharibə vaxtı xorvatların nəzarətində olmuş ərazidə baş verən yanğınları söndürməyə çağırmır. Onun sözlərinə görə bu məsələdə yanğının hansı briqadaya daha yaxın olması da rol oynamır.

Mostarda hər etnik qrupun öz yanğınsöndürənləri var
Mostarda hər etnik qrupun öz yanğınsöndürənləri var

Andrew Higgins yazır ki, 1995-ci iIdə Bosniyada qan tökülməsini dayandıran Deyton sülh müqaviləsi imzalanandan sonra siyasətçilər vahid unitar dövlət yaratmaqdansa, ölkəni iki “vahidə” ayırdılar. Bunlardan biri serblərin idarə etdiyi Republika Srpska, digəri isə Bosniya və Herseqovinanın qarışıq Müsəlman-Xorvat Federasiyası oldu. Amanabənd bu dövlətin başında üç seçkili prezident durur. Onlardan biri Bosniya serbi, ikincisi xorvat və üçüncüsü isə “boşnyak” adlandırılan müsəlman olmalı idi.

Bu parçalanma azmış kimi ölkə kanton adlanan 10 rayona da bölündü. Bunlardan hər birinin öz lokal hökuməti, prezidenti, nazirləri var…

İkinövbəli məktəb

Müsəlman yanğınsöndürən Golos deyir ki, onun etnik sərhədlərin o tayında dostları var və müharibəni başlasalar da sonradan çıxıb getmiş serblərə və müharibə vaxtı başlarına mərmi yağdıran xorvatlara münasibətdə heç bir düşmənçilik hissi keçirmir.

Amma Golos narahatdır ki, bu müharibədən qalma bölünmələr solub getmək əvəzinə daha da möhkəmlənə bilər. Çünki Mostarın iki əsas etnik qrupu olan xorvatların və boşnyakların təhsilləri də ayrı-ayrıdır.

Neretva çayı
Neretva çayı

Golosun 20 yaşlı qızı Amila xorvat tələbələrlə eyni məktəbdə oxuyub, lakin xorvatlarla qaynayıb-qarışa bilməyib, çünki müsəlmanlar və xorvatlar iki növbədə təhsil alıblar.

Amilanın bir-iki serb dostu olsa da, xorvat dostu yoxdur. O deyir ki, həftəsonlarında şəhərin şərqindəki Art gecə klubuna getməyi xoşlayır, amma xorvatlar şəhərin qarşı başında olan Pink Panther gecə klubuna gedirlər. Amila deyir: “Mən bu sayaq bölünməni istəmirəm, amma onun mövcudluğunu qəbul etməliyəm”.

Bir çox bosniyalılar kimi o da Qərbə mühacirət etmək barədə düşünür, çünki orda iş tapmaq da asandır, maaşlar da yaxşıdır. Amma bir səbəb də - bu gözəgörünməz ixtilafdan qaçıb yaxa qurtarmaqdır.

Bosniyada böyük xarici yardımların sayəsində iqtisadiyyat inkişaf edir, amma cavanların 60 faizi işsizdir.

Bir yandan Rusiya, bir yandan Türkiyə

Bununla belə hər an çökəcəyindən olan ehtiyatlanmalara baxmayaraq bu dövlət iki onillikdir ki, ayaq üstdə qalıb. Lakin 2002-2006-cı illərdə Bosniyada Avropanın nümayəndəsi kimi xidmət etmiş britaniyalı siyasətçi Paddy Ashdown deyir ki, indi bu kövrək müvazinətə böyük təhlükə yaranmaqdadır.

Onun bu bədbin proqnozlarından azca əvvəl Republika Srpskada keçən seçkilərin kampaniyası tayfa mənsubiyyətinə çağırışlarla yadda qalıb.

Bosniyanın prezident üçlüyünə qatı millətçi serbin seçilməsi xorvatların hiddətinə səbəb olub. Bir çox müsəlmanlar üçlüyün mötədil xorvat namizədinə səs veriblər. Xorvatların bir çoxu bu namizədi, onun müxtəlif etnik qruplardan dəstəyə malik olmasına görə çox da xoşlamırlar.

Ashdown deyir ki, problem Bosniyanın belə bölünməsi yox, bu bölünmədən narahat olmalı olan Avropa və Birləşmiş Ştatların özlərindəki ixtilafların artmasındadır. Nəticədə yaranan vakuumu isə serblərin dəstəkçisi olan Rusiya və müsəlmanların müdafiəçisi kimi çıxış edən Türkiyə doldurmağa çalışır.

Milli zibil

Deyton müqaviləsinin imzalandığı vaxt Bosniyadakı BMT qoşunlarına komandanlıq etmiş britaniyalı general Rupert Smith deyir ki, Amerikanın vasitəçilik etdiyi bu razılaşma, əslində sülh sazişi yox, atəşkəs sazişi idi və uzun müddətə nəzərdə tutulmamışdı. Lakin generalın fikrincə Bosniyada seçki keçirməyə tələsən Clinton administrasiyası səhvə yol vermişdi, çünki bu seçki parçalanmanı daha da möhkəmlətdi. Bu ona görə baş verdi ki, seçkidə münaqişəni başlatmış millətçilər daha populyar idilər.

Mostarda oktyabr ayında keçirilmiş seçkinin nəticələrinə etiraz edənlər
Mostarda oktyabr ayında keçirilmiş seçkinin nəticələrinə etiraz edənlər

Müharibədən keçən 20 ildə də bu etnik partiyalar və ya onların xələfləri iş başındadır. Mostar şəhəri əslində xorvatların HDZ və boşnyakların SDA partiyaları arasında bölünüb. Bir vaxtlar şəhərin mərkəzini biyabana çevirən də elə bu partiyalar idi.

Beynəlxalq Burch Universitetinin Avropa Tədqiqatları departamentinin başçısı Adid Maksic deyir: “Tez-tez deyirlər ki, müharibə siyasətin başqa vasitələrlə davam etdirilməsidir. Amma burda Bosniyada siyasət müharibənin sülh vasitələri ilə davam etdirilməsidir”.

Belə vəziyyət dövləti iflic vəziyyətinə salır. Məsələn elə Mostarda ümumi zibilxananın yaradılması barədə razılaşma əldə edilməsinə Dünya Bankı və başqa beynəlxalq təsisatlar illərlə səy göstərməli olub. İndi iki millətin zibilyığanları zibili razılaşdırılmış bu zibilxanaya tökürlər.

Lakin kanton hökumətinin prezidenti Nevenko Herceg deyir ki, bununla da ixtilaf aradan qalxmayıb. Zibilyığan şirkətin ofisi şəhərin müsəlman hissəsindədir və bəzən xorvat zibilini qəbul etməkdən boyun qaçırır.

Hər şey pulun başındadır

Müharibədən qalma cəbhə xətti Neretva çayının boyunca keçir. İndi buradakı Starı Most – Köhnə Körpünü, 16-cı əsr Osmanlı memarlığının incisi olan bu abidəni də bərpa ediblər. Amma çay boyunca uzanan küçələrini də hər etnik qrup özünə uyğyn şəkildə adlandırır.

Müsəlman tərəfin Xalq İnqilabı Bulvarı adlandırdığı küçəyə xorvatlar Xorvat Müdafiəçiləri Bulvarı deyirlər.

Boşnyaklar, xorvatlar və serblərin arasındakı fərq cüzidir. Onlar eyni dildə danışır, bir-birlərinə bənzəyir və demək olar eyni xörəkləri yeyirlər. Buna görə də bir çox alimlər 1990-cı illərdə baş vermiş müharibəni Freud-ün nəzəriyyəsinə uyğun olaraq - “xırda fərqlərə məftunluq” termini ilə izah edirlər.

Bu etnik qruplar arasında görünən fərq dindir. Xorvatlar katolik, boşnyaklar müsəlman, serblər isə pravoslavdırlar. Amma bu fərq elə də güclü rol oynamır, çünki burada ibadətə gedən az, bar və restoranlara gələnlər çoxdur.

Mostar fəallarından biri, xanım Popovac deyir ki, şəhərin problemi etnik və ya dini düşmənçilik deyil, siyasi liderlərin millətçiyidir:

“Onlar bu millətçilikdən özlərini və korrupsiyalı sistemi qoruyub saxlamaq üçün istifadə edirlər. Hər şey pulun başındadır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG