Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 10:01

Moskvanın Praqa merini zəhərləmək istədiyi iddia olunur


Praqa meri Zdenek Hrib
Praqa meri Zdenek Hrib

Çexiya jurnallarından biri Rusiyanın Praqa merini zəhərləmək planlarından yazdıqdan sonra şəhər rəhbərinin polis qorumasına alındığı bildirilir.

Həmin jurnal iddia edirdi ki, Rusiya Praqa merindən başqa, bir çex rəsmini də hədəfləməyi planlaşdırır.

Praqa meri Zdenek Hrib aprelin 27-də Rusiyanın Exo Moskvı radiosuna müsahibəsində artıq bir neçə həftədir ki, polis mühafizəsində olduğunu təsdiq edib.

Bundan əvvəl Çexiyada çıxan Respekt jurnalı yazmışdı ki, Rusiya kəşfiyyatı Hribi və Praqa 6-cı rayonunun bələdiyyə başçısı Ondrej Koları zəhərləməyi planlaşdırır.

Rusiyalı zabitdən zəhər tapılıb

Kəşfiyyat orqanlarındakı mənbələrə istinad edən Respekt yazıb ki, Rusiya kəşfiyyat zabiti olduğu ehtimal edilən şəxs Çexiya paytaxtına üç həftə bundan əvvəl diplomatik pasportla gəlib.

Bu da qeyd olunurdu ki, həmin şəxsin çemodanında risin maddəsi tapılıb.

Hrib Praqada Rusiya səfirliyinin yerləşdiyi meydana Putinin qətlə yetirilmiş opponenti Boris Nemtsovun adının verilməsi ideyasını dəstəkləməklə Moskvanı qəzəbləndirmişdi.

Ondrej Kolar
Ondrej Kolar

Kreml Koları Praqanın eyni rayonunda sovet marşalı Ivan Konevin abidəsinin sökülməsi qərarının qəbulunda ittiham edir.

Bu iki hadisədən sonra Praqa və Moskva arasında münasibətlər daha da gərginləşmiş və bunun dərhal ardınca Çexiya Səhiyyə və Daxili İşlər nazirliklərinə, habelə xəstəxanalara və hava limanına haker hücumları edildiyi bildirilmişdi.

Çexiya hökuməti zəhərləmə cəhdi iddiaları ilə bağlı rəsmi mövqe bildirməyib.

Çexiya polisinin sözçüsü Jiri Danek AzadlıqRadiosuna bu işə Daxili İşlər Naziyliyinin baxmadığını deyib.

Çexiya Mütəşəkkil Cinayətkarlıq İdarəsi də hadisə ilə bağlı şərh verməyib.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov ittihamları “saxta” adlandırıb.

“Həyatımdan yox, hökumətdən narahatam…”

Exo Moskvı radiosuna müsahibəsində Hrib deyib ki, o həyatının üzləşdiyi riskə baxmayaraq mövqeyində qalır:

“Məni mühafizə ilə Çexiya polisi təmin edir. Bu onların qərarıdır. Amma mən bunun səbəbləri barədə şərh verə bilmərəm”.

Hribin sözçüsü Vit Hofman AzadlıqRadiosuna deyib ki, xüsusi mühafizənin hələ nə müddətdə davam edəcəyi bilinmir.

Hofman əlavə edib ki, Hrib son günlər izləndiyi barədə şübhələrini və narahatlığını polisə bildirmişdi.

Kolar da Çexiya mediasına polis mühafizəsi altında olduğunu təsdiq edib.

"Mən həyatıma görə narahat deyiləm. Mən ondan narahatam ki, respublikamız bu tamamilə səriştəsiz hökumətə görə yerlə sürünür və xarici bir dövlətə öz ərazisində istədiyini etmək imkanı verir”.

Şübhəli Rusiya səfirliyindədir

Respekt jurnalı yazmışdı ki, kəşfiyyat zabiti olduğu güman edilən şəxsi hava limanında diplomatik maşın qarşılayıb və o Rusiya səfirliyinə aparılıb.

Jurnal diqqəti belə bir məqama çəkir ki, sözü gedən şübhəli Praqaya, Çexiya Respublikasında şübhə altında olan başqa kəşfiyyat zabitləri Avropanın müxtəlif yerlərinə göndərildikləri bir vaxtda gəlib.

Kolar onun rəhbərlik etdiyi paytaxt rayonunda aprelin 3-də marşal Konevin heykəli götürüldükdən bəri Moskva tərəfindən hücumlara məruz qalırdı.

Moskva heykəlin götürülməsini özü üçün təhqir saydığını bildirmişdi.

Praqa və Moskva arasında münasibətlər Praqadakı Rusiya səfirliyinin yerləşdiyi meydana Putinin qatı tənqidçisi Boris Nemtsovun adı verildikdən sonra daha da gərginləşib.

Rusiya səfirliyi bildirib ki, gələcək fəaliyyətində “Boris Nemtsov meydanı” ünvanından yox, bu meydana bitişik küçələrdən birindəki ünvandan istifadə edəcək.

XS
SM
MD
LG