Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:52

Moskvanın Ankaraya F-35 əvəzinə Su-57 satmağa 'hazır olduğu' xəbər verilir


Rusiyanın Sukhoi Su-57 qırıcıları
Rusiyanın Sukhoi Su-57 qırıcıları

ABŞ-ın müdafiə məsələlərindən yazan nüfuzlu Defense News saytının məlumatına görə Rusiya Ankaranın və Türkiyə şirkətlərinin ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarəsi layihəsindən çıxarılacağı təqdirdə Türkiyə ilə özünün yeni nəsil Su-57 qırıcısının istehsalı sahəsində “əməkdaşlığa hazır olduğunu” bildirib.

Rusiyanın dövlət Rostec Corporation şirkətinin başçısı Sergei Chemezov deyib ki, “Rusiyanın 5-ci nəsil Su-57 qırıcısı fövqəladə keyfiyyətlərə və yaxşı ixrac perspektivlərinə malikdir”.

Defense News diqqəti belə bir məqama çəkir ki, Chemezov-un bəyanatı aprelin 19-da, ABŞ rəsmiləri Türkiyənin F-35 layihəsindən çıxarıla biləcəyini dilə gətirdikləri vaxtda səslənib.

ABŞ müdafiə nazirinin əvəzi Patrick Shanahan ötən həftə bəyan etmişdi ki, Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almaqdan imtina etməsə, Ankara F-35 layihəsindən kənarlaşdırıla bilər.

Rusiya prezidenti Vladimir Putin (solda) və Rostec Corporation şirkətinin rəhbəri Sergei Chemezov
Rusiya prezidenti Vladimir Putin (solda) və Rostec Corporation şirkətinin rəhbəri Sergei Chemezov

Türkiyə hərbiyyəsinin vəzifəlilərindən biri Defense News saytına deyib ki, “biz F-35-ə alternativ tapmadan bu layihəni tərk edə bilmərik”.

Lakin Türkiyə vəzifəlisi bu layihənin əvəzlənməsi variantları barədə təfərrüatlara varmamış, sadəcə olaraq bildirmişdi ki, bu suala cavab vermək üçün bütün “texnoloji, iqtisadi və siyasi mülahizələr təhlil olunmalıdır”.

Bununla belə hərbi təchizat məsələləri ilə məşğul bu rəsmi demişdi ki, “geostrateji qiymətləndirmə” Rusiya variantını “təbii seçim” kimi ortaya çıxara bilər:

“Əgər amerikalı müttəfiqlərimiz bizimlə qeyri-müttəfiq kimi davransalar və Türkiyənin Birgə Qırıcı Təyyarə proqramında iştirakını sual altında qoysalar, onda Rusiya döyüş təyyarələri texnologiyası bizim üçün ən yaxşı birinci seçim ola bilər”.

Türkiyə S-400 alsa, F-35 ala bilməyəcək

Vaşinqton qəti şəkildə bəyan edib ki, Türkiyə Rusiyadan S-400 raket sistemini almaqdan imtina etməsə, F-35 beynəlxalq proqramından xaric edilə bilər.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin hər iki partiyadan olan bir qrup millət vəkilinin yazdığı məktubda deyilir ki, “əgər Türkiyə S-400-ü yerləşdirsə, bir ədəd də F-35 Türkiyəyə verilməyəcək və bu təyyarənin hissələrinin istehsalı, yığılması və xidmətləri üzrə Türkiyə müəssisələrinə verilmiş sifarişlər dayandırılacaq”.

Rusiya mediası Rusiyanın Türkiyə ilə Su-57 qırıcı təyyarəsinin hətta istehsalı sahəsində əməkdaşlığa hazır olduğunu yazır.

Lakin bu məlumatlar hələki Chemezov-dan daha yüksək səviyyədə təsdiq edilməyib.

Elə Ankaranın özü də bu xəbərlərə dair heç bir rəsmi açıqlama vermir. Hərçənd Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ-ın Türkiyəyə F-35 qırıcılarını verməyəcəyi təqdirdə Ankaranın alternativ üçün “başqa ölkələrə” üz tutacağını bildirmişdi.

Bununla belə ABŞ və Türkiyə arasında F-35 proqramına görə mübahisə hələ davam edir və Vaşinqton Türkiyəyə Rusiyanın S-400 sistemi əvəzinə özünün Patriot raket sistemini verə biləcəyinə dair təklif təqdim edib.

Lockheed Martin şirkətinin F-35 Lightning II qırıcı təyyarəsi
Lockheed Martin şirkətinin F-35 Lightning II qırıcı təyyarəsi

F-35 və Su-57

Bu arada Rusiya və Türkiyə mediasında bu iki strateji təyyarənin döyüş və başqa texniki keyfiyyətlərini müqayisə edən təhlillər dərc olunur.

Gazeta.ru yazır ki, Su-57 bir sıra texniki göstəricilərinə görə F-35-dən üstündür.

Su-57-nin maksimal uçuş sürəti 2600 km/saat, F-35-in maksimum sürəti isə 1931 km/saatdır.

Rusiya mediasının yazdığına görə Su-57 fasiləsiz olaraq 5,8 saat, F-35 isə 2,36 saat uça bilir.

Lakin hətta Rusiya ekspertlərinin məlumatına görə F-35 bir sıra mühüm keyfiyyətlərinə görə Su-57-dən üstündür. F-35 Su-57-dən fərqli olaraq şaquli qalxma və enmə qabiliyyətinə malikdir.

Bundan başqa ABŞ qırıcısı düşmən səmasında qrup şəklində daha yaxşı koordinasiyalanır və S-57-dən “daha gözəgörünməzdir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG