Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

Məmmədyarov ilə Mnatsakanyanın razılaşdığı məqamlar...


Z.Mnatsakanyan, S.Lavrov və E.Məmmədyarov
Z.Mnatsakanyan, S.Lavrov və E.Məmmədyarov

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Moskvada gerçəkləşən Qarabağ danışıqları ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsü, bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak ediblər.

«Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin martın 29-da Vyanada baş tutmuş görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib», - XİN qeyd edir.

Moskva görüşündə bəzi təkliflər səsləndirilib

AZƏRTAC-ın xəbərinə görə, bu fikri Azərbaycan jurnalistlərinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.

Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər.

“Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”, - deyə nazir bildirib.

"İndidən bu təklifləri açıqlamaq istəmirəm"

Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib:

“İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Nazir görüşün yekun bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub:

“Bu çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər Yerevana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər. Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar”.

Məlumata görə, görüşdə münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb.

XİN həmçinin qeyd edir ki, nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Məlumatda o da vurğulanır ki, görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar.

Görüş nəticəsində Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və ATƏT-in həmsədrlərinin birgə bəyanat qəbul etdiyi bildirilir.

Moskva danışıqları
Moskva danışıqları

+++

Bu gün, aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirak etdiyi qeyd olunur.

Danışıqların yekunu olaraq birgə bəyanatın yayılacağı gözlənir.

Moskvada Qarabağ müzakirələri

Bu gün, aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Nazirlikdən verilən məlumata görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edir.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edirlər.

Bundan öncə, bu il martın 29-da ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada (Avstriya) Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan görüşmüşdülər. Görüşdə Azərbaycan xarici işlər naziri E.Məmmədyarov və Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan da iştirak etmişdi. Həmin görüşdən sonra xarici işlər nazirlərinin görüşüb danışıqları davam etdirəcəkləri gözlənirdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Bölgədə hərbi münaqişələr baş verib. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG