Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:48

Cahangir Hacıyev Kremlin yanındakı mənzillərdən danışdı


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevə yenidən hökm oxunacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqındakı ikinci cinayət işinə baxan hakimlər kollegiyası hökm çıxarmaqdan ötrü müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə hələlik məlum deyil.

Sentyabrın 2-də hakimlər müşavirəyə yollanmamışdan öncə C.Hacıyev və onunla birlikdə mühakimə olunan keçmiş deputat Dünyamin Xəlilov son sözlərini deyiblər. Onlar C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə və daha 18 nəfərlə birlikdə Beynəlxalq Bankdan kredit şəklində götürülmüş 4.7 milyardlıq mənimsəmədə suçlanırlar. Amma heç biri özünü təqsirli bilmir.

«4.7 milyard bilirsiniz nə qədər puldur?»

C.Hacıyev son sözündə deyib ki, 4.7 milyard rəqəminin haradan götürüldüyü ona məlum deyil. Çünki heç bu qədər kredit verilməyib.

«8 ay məhkəmə getdi, 112 nəfər şahid dindirildi. Məhkəmənin hazırlıq iclasında mənim verdiyim sualların heç birinə cavab alınmadı. 365-cildlik cinayət işində hansı sübut, hansı ifadə var ki, bankdan götürülmüş pul mənə və ya yaxınlarıma nağd şəkildə verilib, yaxud köçürülüb? Yoxdur. Çünki belə hal olmayıb. İndi mülki iddianın mənim əmlakıma yönəldilməsi istənilir. Niyə? Birincisi, ittihamdakı bütün rəqəmləri üst-üstə toplayanda heç 4.7 milyard eləmir, onu haradan tapıb elə nəticəyə gəliblər, məlum deyil. 1 milyard 10 tondur, 4.7 milyard bilirsiniz nə qədər puldur? İkincisi, götürülən kreditlərin istər Azərbaycanda, istərsə də ölkədən kənarda mənə, yaxınlarıma yönləndirildiyini göstərən bircə sübut ortaya qoyun», – C.Hacıyev belə deyib.

Məhkəmədə müdafiə tərəfinin 30-a qədər vəsatətinin təmin olunmaması, vacib məsələlərin araşdırılmamasından gileylənən sabiq bankir bildirib ki, bankdan verilən kreditlər nə mənimsənilib, nə də israf olunub. Onun sözlərinə görə, hamısı layihələrə xərclənib. C.Hacıyev deyir ki, yaradılan müəssisələrin hamısı onların həbsindən sonra ələ keçirilib, onların bir qisminin indi kimlərin əlində olması barədə məlumatı var, amma çoxunun taleyindən o da xəbərsizdir:

«Dünyamin Xəlilov özü də icraçı idi. Bu məsələləri əsas bank həll edib, layihələrə bank nəzarət edirdi. Keçmiş müavinlərim gəlib burada deyir ki, «heç nədən xəbərim yoxdur». Necə yəni xəbərim yoxdur? Bilavasitə özləri nəzarət edirdilər. Çünki mənim vaxtım yox idi, çatdıra bilmirdim. 2015-ci ilə qədər o layihələr işləyir, gəlir gətirirdi. Bizdən sonra o layihələrin başına kimlər keçdi, müəssisələr kimlərə satıldı, kimlərə icarəyə verildi... Bəzilərini mən bilirəm, çoxunu heç mən də bilmirəm ki, o aktivlərin başına nə gəlib. Eləsi var, icarəyə verilib, bəs gətirdiyi gəlir haradadır? Niyə kreditlər ödənilmir?».

«Elə tikintilər vardı ki, Kremlin düz yanında idi»

C.Hacıyevin sözlərinə görə, bankın vəsaitiylə bəzi layihələr Moskvada həyata keçirilib. Onların arasında tikinti layihələri də olub. Sabiq bankir bildirir ki, o, vəzifədən uzaqlaşdırılanda həmin tikintilərin bəziləri başa çatmış, bir qismi isə davam edirdi: «Elə tikintilər vardı ki, Kremlin düz yanında idi. Bilirsinizmi bu nə deməkdir? Kimə satılıb o mənzillər? Pullar hara gedib? Ora sərf olunan pulları bizim ayağımıza niyə yazırsız? Beynəlxalq Bankın vəsaitiylə əldə olunan Almaniyadakı iki neftayırma zavodunun səhmləri bankın girovluğunda idi. Haradadır o zavodlar? Onların icarəyə verilməsi barədə rəsmi sənəd «Aqrarkredit»ə (Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə 2015-ci ilin yayında prezident fərmanıyla yaradılan qurum) verilib. Bu illər ərzində icarədən gələn vəsaitlər onun yaradılması üçün ayrılan kreditin ödənilməsinə yönəlsəydi, kredit bağlanardı».

C.Hacıyev bildirib ki, Beynəlxalq Bank onun rəhbərliyi dövründə həmişə gəlirlə işləyib. Amma 2015-ci ilin martında o, İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra bank həmin ili 823 milyon, 2016-cı ili isə 1.9 milyard manat ziyanla başa vurub: «Halbuki, 2014-cü ildə 40 milyon xalis mənfəətimiz olmuşdu».

C.Hacıyev son sözünü belə yekunlaşdırıb: «Linkolnun yaxşı bir fikri var. Deyir ki, bir nəfəri həmişə aldatmaq olar, hamını isə ancaq bir müddət aldatmaq olar. Yəni xalqı daim aldatmaq olmaz. Bütün həqiqətlər gec-tez ortaya çıxır...».

D.Xəlilov da son sözündə təqsirsiz olduğunu deyib. Bildirib ki, işin obyektiv araşdırılması üçün lazım olan sənədləri istintaqa təqdim edib. Amma ona məlum deyil ki, hansı səbəbdən istintaq o məsələlərin heç birini araşdırmayıb.

C.Hacıyev də, D.Xəlilov da sonda məhkəmədən bəraət istəyib.

Xatırlatma

Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə, ona 17 il həbs verilməsini istəyib.

D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İ.Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG