2019-cu ildə Moskvada 155 icazəsiz etiraz aksiyası keçirilib və bu aksiyalarda 3 mindən çox adam saxlanıb.
Bu məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Moskva İdarəsi yanvarın 23-də bəyan edib.
Moskva polisinin rəhbəri Oleg Baranov deyib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Rusiya paytaxtında ictimai-siyasi tədbirlərin sayı 60 faizdən çox artıb.
Öz növbəsində Baranovun müavini Aleksandr Gorovoy deyib ki, bu aksiyalarda iğtişaşların baş verməməsi yalnız polis qüvvələrinin əlaqələndirilmiş əməliyyatı nəticəsində mümkün olub.
Gorovoy eyni zamanda Moskva meri Sobyaninə “siyasi dəstəyə” görə təşəkkürünü bildirib.
OVD-Info saytının məlumatına görə ötən il Moskvada keçiriləm aksiyalarda saxlananların sayı xeyli çoxdur.
Müxalifətin yalnız 27 iyul və 3 avqust aksiyaları zamanı 2374 nəfər saxlanıb.
Ötən ilin yayında Rusiya müxalifəti Moskva şəhər Dumasına seçkilərə müxalifət və müstəqil namizədlərin buraxılmamasına qarşı etiraz edirdi.
Rusiyanın İstintaq Komitəsi bu etirazlarla bağlı “Moskva işi” adlı cinayət işinə başlayıb.
Bu iş üzrə ittiham olunanlar polisə qarşı zorakılıqda ittiham edilirlər.