Moskvada regional ölkələrin 3+2 platforması formatında ilk iclası keçirilib.
Bu platformanın iştirakçıları ilk iclasda xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunublar.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun Ermənistan Xarici İşlər Nazirliyinə istinadən yazır ki, nazir müavini Vahe Gevorkyan 3+2 platformasının dekabrın 10-da Moskvada keçirilən görüşündə çıxış edib.
O bildirib ki, Ermənistan sözü gedən platformada regional əməkdaşlığın qarşılıqlı faydalı aspektlərinin müzakirəsini istəyir.
Gevorkyan Yerevanın belə bir mövqeyini təkrarlayıb ki, 3+2 formatında “başqa formatlarda”, o cümələdən münaqişələri tənzimləyən beynəlxalq platformaların mandatında olan məsələlər gündəliyə çıxarılmamalıdır.
Yerevanın Minsk qrupundan narahatlığı
Təhlilçilər bildirirlər ki, Ermənistan rəsmiləri adını konkret olaraq çəkməsələr də, ATƏT-in Minsk qrupunu nəzərdə tuturlar.
Yerevan Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılmış Minsk qrupunun sıradan çıxmasını və ya arxa plana keçməsini istəmir.
Bundan əvvəl bu məsələdə mövqe bildirən Moskva demişdi ki, ATƏT-in Minsk qrupu bundan sonra əsasən humanitar məsələlərlə məşğul olmalıdır.
Azərbaycana gəldikdə isə, Bakı Qarabağ probleminin artıq gündəlikdə olmadığını və münaqişənin tarixdə qaldığını bəyan edib.
Ermənistan XİN-in məlumatında deyilir ki, Moskvada keçirilən ilk iclasda regionun bütün ölkələrinin hüquqlarına hörmət əsasında məsləhətləşmələrin davam etdirilməsinə dair razılıq əldə olunub.
Bakı Tbilisinin də prosesə qoşulmasını istəyir
Bu da xəbər verilir ki, sözü gedən iclasdan əvvəl Rusiya və Ermənistan xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Vahe Gevorkyan görüşərək Moskva və Yerevan arasında ikitərfli aktual məsələləri müzakirə ediblər.
Bu iclasda Türkiyə və İranı xarici işlər nazirlərinin müavinləri Sedat Ünal və Əlireza Həqiqian təmsil ediblər.
Bu görüşə Gürcüstan da dəvət olunmuşdu, lakin Tbilisi iclasda iştirak etməkdən imtina edib.
Azərbaycanı görüşdə təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfov bununla bağlı AzərTAC-a açıqlamasında deyib:
“Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq. İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlmiş fikir mübadiləsi aparılıb”.
Xələfov bunu da deyib ki, 3+3 platformasında nazir müavinləri səviyyəsində görüşlərin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur.