Rusiya müxalifətinin liderlərindən Aleksei Navalny-nın antikorrupsiya fondu iddia edir ki, Moskva merinin müavinlərindən biri 102, 3 milyon dollarlıq daşınmaz əmlaka sahibdir.
Antikorrupsiya Fondunun avqustun 1-də dərc etdiyi videoda deyilir ki, mer müavini Natalia Serguninanın qohumlarının malik olduqları mülklər Moskva meriyasının ofisində hərraca çıxarılıb və bu zaman yekun qiymətlər başlanğıc qiymətlərdən demək olar fərqlənməyib.
Reportajda iddia edilir ki, Serguninanın qayını Lazar Safaniyevin şirkəti Rusiya paytaxtında bir neçə tarixi binanı alaraq onları otellərə çevirib.
Bu da qeyd olunur ki, Safaniyevin arxasında dayandığı ofşor şirkətlər Moskvanın mərkəzində yerləşən Sadovaya həlqəsindəki Bronnaya Plaza şirkətinə sahibdir və Moskvanın mərkəzindəki Oktyabr kinoteatrının 40 faizinə malikdir.
Bildirilir ki, Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) iki pavilyon Serguninanın bacısı Irina Safaniyevaya və bu pavilyonlardakı iki restoran da ona məxsusdur.
Videoda deyilir ki, Sergunina sentyabrın 8-də keçiriləcək Moskva bələdiyyə seçkilərinin təşkilatçılığına cavabdehdir.
Rusiya müxalifəti artıq bir neçə gündür ki, bu seçkidə iştirak üçün namizədlikləri qeydə alınmayan adamlara dəstək aksiyaları keçirir.
Polis bu aksiyaları zorakılıqla yatırmağa çalışır.