Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:29

Rusiya millətçiləri Islam Karimov-un heykəlinə qarşı


Islam Karimov-a heykəllərin layihələri
Islam Karimov-a heykəllərin layihələri

Moskvada Özbəkistanın ilk prezidenti Islam Karimov-un heykəlinin qoyulmasına qarşı imza toplanmasına başlanılıb. Bu işin təşəbbüskarı, Liberal-Demokrat Partiyasının (LDPR) üzvü Georgy Gorodetsky AzadlıqRadiosunun özbək xidmətinə müsahibəsində bildirib ki, Rusiyanın paytaxtında «rusofob və diktator» Islam Karimov-a heykəl qoyulmayacaq. Bundan başqa, o hesab edir ki, Rusiya «rus dilində nə yaza, nə də oxuya bilən mədəniyyətsiz özbəklər»ə viza rejimi tətbiq etməlidir.

İmzatoplama kampaniyası change.org saytında gerçəkləşdirilir. Petisiya «Moskvada Özbəkistan prezidenti Islam Karimov-a heykəl qoyulmasına qarşı» adlanır.

«Biz, Rusiya Federasiyasının bu müraciəti imzalamış vətəndaşları Moskva meri Sergei Sobyanin-in Rusiya paytaxtında, Moskva şəhərinin büdcəsi hesabına Özbəkistanın birinci prezidenti Islam Karimov-a heykəl qoymaq qərarından dərin narazılığımızı bildiririk. Xatırlatmaq istəyirik ki, Islam Karimov Orta Asiya rusofobiyasının, qanunsuzluq və hakimiyyətin qəsbinin (o, 1990-cı il martın 24-dən 2016-cı il sentyabrın 2-dək hakimiyyətdə olub) rəmzidir», – petisiyanın mətnində deyilir.

BİRMƏNALI ŞƏXSİYYƏT

Petisiyanın mətnində həmçinin qeyd edilir ki, «Islam Karimov-un hakimiyyəti dövründə Özbəkistanda respublikanın rusdilli əhalisinə qarşı cəzasız aqressiya aktları törədilib, əlifba latın qrafikasına keçirilib, respublikanın derusifikasiyası və sovetsizləşdirilməsi həyata keçirilib, Böyük Vətən müharibəsi abidələrininsə, demək olar, hamısı məhv edilib».

Petisiyanı artıq 6 mindən çox adam imzalayıb.

Georgy Gorodetsky-nin sözlərinə görə, imzalar toplandıqdan sonra petisiya şəxsən Rusiya prezidenti Vladimir Putin-ə göndəriləcək.

«Karimov birmənalı şəxsiyyətdir. O, əclafdır. Onun idarəçiliyi nəticəsində ölkənin xalqı sadəcə qaçıb gedib. İndi Özbəkistan vətəndaşları zirzəmilərdə yaşamağa, nə gəldi yeməyə razıdırlar, təki Karimov-un 30 ilə yaxın idarə etdiyi ölkəyə qayıtmasınlar», – Georgy Gorodetsky-nin internetdə yayılmış videomüraciətində deyilir.

Gorodetsky-nin bu fikirləri millətçilərin və skinhedlərin mitinqlərində mütəmadi səslənir.

LDPR üzvləri dəfələrlə Özbəkistanda rusdilli əhalinin təqibindən, özbəklərin mədəniyyətsiz, savadsız və geridəqalmış xalq olmasından, Rusiyada cinayətlərin çoxunu miqrantların törətməsindən, rusca bilməyənlərin Rusiyanı işğal etməsindən və Rusiyada miqrantların yerli əhalini işsiz qoymasından danışıblar.

RƏSMİ STATİSTİKA

Ancaq ekspertlər Rusiya XİN-in nümayəndəsi Mikhail Trubnikov-un ölkədə zorlama hallarının 75%-nin Orta Asiyadan olan miqrantlar tərəfindən törədildiyi haqda bəyanatına şübhəylə yanaşıblar. Belə ki, Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, 2014-cü ildə paytaxtda baş verən cinayətlərin cəmi 2 faizi xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilib.

Moskva Şəhər Daxili İşlər İdarəsinin rəsmisi isə xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayının ildən-ilə azaldığını bildirib.

Bir il öncə, 2016-cı il noyabrın 1-də Moskva meri Sergei Sobyanin Islam Karimov-a heykəl qoyulmasına göstəriş verib. Heykəl 2019-cu ilin sonunadək Özbəkistanın Rusiyadakı səfirliyinin qonaq evi yaxınlığında qoyulmalıdır. Heykəlin düzəldilməsini Özbəkistan tərəfi maliyyələşdirəcək, tikinti və abadlıq işləri isə Moskva şəhərinin büdcəsi hesabına həyata keçiriləcək.

Özbəklər İslam Karimovla belə vidalaşdılar
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

1.7 MİLYON ÖZBƏK MİQRANT

Karimov-un idarəçiliyi dövründə Özbəkistan iqtisadi islahatların aparılmaması, total korrupsiya və qohumbazlığa görə tənqid olunurdu. Ölkədə pambıq yığımı zamanı insanların məcburi əməyi istismar olunurdu. Özbəkistanın hüquq-mühafizə sistemi isə saxlanılan şəxslərə işgəncə verməkdə ad çıxarmışdı.

Dünyanın ən böyük özbək diasporlarından biri (2 milyon nəfərə yaxın) Rusiyadadır. Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, bu gün Rusiyada 1.7 milyondan çox özbək əmək miqrantı var, daha 200 min özbəksə ölkədə daimi yaşayır.

Islam Karimov-un xaricdəki ilk heykəli 2017-ci il martın 7-də Türkmənistanın Türkmənabad şəhərində qoyulub.

Özbəkistanı 1989-cu ildən idarə etmiş Islam Karimov 2016-cı il sentyabrın 2-də, 78 yaşında insultdan vəfat edib. Karimov vətəni Səmərqənddə dəfn edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG