Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Əsnaf etiraz edir...


«Karvan»da etiraz
«Karvan»da etiraz

-

Ölkə insanının sosial həyatı medianın aparıcı mövzusudur.

«Etiraz aksiyaları «Moskva» univermağı və Sumqayıt şəhərindəki «Karvan» kimi iri ticarət mərkəzlərinə sıçradı».

«Azadlıq» qəzeti bunu Virtualaz-a isnadən yazır.

İcarədarlar icarə haqlarının azaldılmasını istəyirlər: «2000 min manat icarə haqqı verirəm, devalvasiyadan sonra satış dayandığı üçün yer pulunu da verə bilmirik» -deyə «Moskva» univermağının işçisi Aygün Məmmədova bildirib.

Satıcı Əli Babayev isə zinət əşyalarını kreditə götürdüyü üçün icarə haqqının bahalığından krediti ödəyə bilmədiyini söyləyib. Analoji situasiya ilə «Karvan»dakı icarədarlar da üzləşiblər:

«Dollar bahalaşandan sonra qiymət qalxıb, Nəticədə alıcı qıtlığı yaranıb, paytaxtın heç yerində belə bahalaşma yoxdur, amma rəhbərlik vəziyyətimizi nəzərə almır».

«Moskva» univermağının rəhbərliyi icarədarlarla danışıqlardan imtina etsə də, «Karvan» rəhbərliyi öz icarədarları ilə danışıqlar aparıb. 500 manata qədər icarə haqlarının 50 faiz azaldılması qərara alınıb.

Siyəzəndə aksiya - 13 yanvar 2016
Siyəzəndə aksiya - 13 yanvar 2016

ETİRAZLARIN OLDUĞU RAYONLARIN RƏSMİLƏRİ NƏ DEYİR?

musavat.com–un əməkdaşları manatın ikinci devalvasiyasından sonra etiraz aksiyası keçirən rayonların adamları ilə görüşüblər. Reportyorlar xəbər verir ki, qiymətlərin ucuzlaşmasını və iş istəyən rayon sakinləri ilə yerli icra hakimiyyətinin nümayəndələri görüşərək, söhbətlər apardılar. Onlar «Bəs, bu söhbətlərin nəticəsi necə oldu? Bir müddət öncə aksiya keçirilən yerlərdə hazırda vəziyyət necədir?» deyə insanların düşüncələrini öyrəniblər:

«Füzuli rayonunda hazırkı vəziyyəti öyrənmək üçün İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevlə əlaqə saxladıq. B.Niftəliyev bildirdi ki, hazırda rayonda hər şey qaydasındadır: «İcra başçısının göstərişindən sonra bazarlarda vahid qiymət qoyuldu. Unun da qiyməti aşağı salındı. Hazırda Füzulidə unun qiyməti növlərinə görə müəyyənləşdirilib. Ən bahalı unun bir kisəsinin qiyməti 24 manatadır. Növünə görə 21 manata da bir kisə un almaq olar. Yəni digər rayonlarda qiymətlər necədirsə, bizdə də elədir. Qısası rayonda hər şey öz axarı ilə gedir. Heç bir problem yoxdur»».

Ağcabədi rayonundakı hazırkı vəziyyət barəsində isə musavat.com-a rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mərdəli Quliyev məlumat verib. M.Quliyev də deyib ki, hazırda Ağcabədidə ictimai-siyasi vəziyyət normaldır.

Məqalədən icra hakimiyyətinin sözçüsünə istinadən bir parça: «Bizim rayonda da məhsulların qiymətləri qaydasındadır. Rayonda mütəmadi olaraq, yarmarkalar keçirilir. Bu baxımdan, heç bir problem yoxdur».
Siyəzən rayon İcra Hakimiyyətindən də musavat.com-a bildirilib ki, rayonda etiraza səbəb olacaq heç bir hal yoxdur. Sakinlərin problemlərinin həlli istiqamətində işlər aparılır. Hazırda sakitçilikdir.

Foto illüstrasiya
Foto illüstrasiya

MAŞTAĞANIN «QUL BAZARI»NDA HAMİLƏ QADINLAR...

Bakıdakı «qul bazarı»nda hamilə qadınlar da iş axtarır.

«Azadlıq» qəzeti bunu isə xural.com-a isnadən bildirir:

«Buranı «qul bazarı» adlandırılır. Maştağa kəndində «Xəyal» marketin yaxınlığındakı tində hər gün səhər saat 7-dən günorta saatlarına kimi 100-dən çox qadın kiminsə qapısında günəmuzd işləmək üçün dayanıb gözləyir. Qəzetdən gəldiyimi biləndə əksəriyyəti «neynirsiniz bizimlə söhbəti, siz yazmaqla bizim dərd-sərimiz bitəcək?» -deyib yanımdan uzaqlaşdılar. Onlar özlərini tanıtmaqdan, burada olduqlarını söyləməkdən utanırdılar. Ancaq bir neçəsi ilə söhbətləşə bildim. Hər birində torbaya qoyub qoltuğuna vurduğu köhnə iş paltarı vardı. Onlar deyir ki, əllərindən süpürmək, paltar, qab yumaq, yemək bişirmək, yun çırpmaq, uşaqlara baxmaq, parnikdə işləmək gəlir. Əksəriyyəti Sabunçu, Zabrat və Bakının digər kəndlərindən gəlib, «qul bazarı»nda dayanır. Aralarında şəhərdə yaşayanlar da var. Onlar əsasən Maştağa, Nardaran və Bilgəhdə yerləşən evlərdə işləməyə gedirlər».

Müəllif qeyd edir ki, onlardan 42 yaşlı Firəngiz adlı qadın 9 ildir «qul bazarı»na ayaq döyür: «Bura toplaşan qadınların çoxu ərindən xəlvət çıxıb işləyir. Ərimiz bilsə ki, «qul bazarı»na gəlirik, bizi öldürər. Deyirik ki, alverçiliklə məşğul oluruq. Nə edim?! 4 uşaq anasıyam. Ərim də iş tapmır…» - deyə qadınlar həyat hekayətlərini anladıblar.

Bakıda tikinti bazarı.
Bakıda tikinti bazarı.

«TİKİNTİ BAZARINDA TİCARƏT DAYANIB»

Bunu isə «Bizim yol» qəzeti bildirir. Qəzet yazır ki, Bakının Rəsulzadə qəsəbəsindəki tikinti materiallarının satıcıları narazılıq edirlər.

«Tikinti yoxdur, ona görə də ticarət yoxdur. İndi oturub alıcı gözləyirik ki, nə vaxt gələr» - deyə satıcılar gileylənirlər. Onların sözlərinə görə, ən qəribəsi budur ki, «üzən məzənnə»yə keçiddən sonra qiymətlər bahalaşıb. Satıcılar Bakının bütün tikinti bazarlarında sifarişlərin geri götürüldüyünü deyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG