Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:35

Moskva: ‘ABŞ-la münasibətlər pisdən də pis olacaq’


Sergey Ryabkov
Sergey Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dekbarın 23-də ABŞ-da prezident seçilmiş Co Baydenin administrasiyasını “rusofobiyada” ittiham edib və deyib ki, o Birləşmiş Ştatlarla münasibətlərin “pisdən də betər” olacağını gözləyir:

"Çoxu karyerasını rusofobiya üzərində quranlardan və mənim ölkəmə qara yaxanlardan yaxşı şeylər gözləmək qəribə görünərdi”.

Moskva və Vaşinqton arasında münasibətlər Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra pisləşib.

Bu münasibətlər Rusiyanın ABŞ və Avropada keçirilən seçkilərə iddia olunan müdaxiləsinə, Suriya və Liviyadakı siyasətlərinə, habelə Rusiyaya bağlı hakerlərin kiberhücumlarına görə daha da gərginləşib.

Gələn il, yanvarın 20-da inaqurasiyası keçiriləcək Baydenin Kremlə münasibətdə sərt mövqe tutacağı gözlənilir.

Müsbət heç nə

Hazırkı prezident Donald Tramp Rusiya ilə yaxın münasibətlər istədiyini deyir və prezident Vladimir Putindən heyranlığını gizlətmir.

Prezident Tramp bəziləri tərəfindən Rusiyaya münasibətdə yumşaq mövqe tutmaqda günahlandırılır.

Rusiya prezidenti Putin Baydeni noyabr seçkisindən 6 həftə sonra təbrik edib və bildirib ki, ABŞ-la “əməkdaşlığa” hazırdır.

Lakin Kremlin sözçüsü Dmitri Peskov dekabrın 23-də xəbərdarlıq edib ki, Moskva Birləşmiş Ştatlarla münasibətlərdən “müsbət heç nə” gözləmir.

Ryabkov Rusiyanın Interfax agentliyinə müsahibəsində buna bənzər fikirlər səsləndirib.

O deyib ki, Rusiya ABŞ-la münasibətdə “tam saxlama” yanaşması nümayiş etdirməli və yalnız Moskvanın marağında olan məsələlərə dair “seçimli dialoqu” rəhbər tutmalıdır.

Ryabkov bunu da deyib ki, Rusiya Baydenin keçid komandası ilə heç bir əlaqənin təşəbbüsçüsü olmamalı və “birtərəfli güzəştlərə” getməməlidir.

Onun sözlərinə görə əgər Birləşmiş Ştatlar Rusiya ilə “strateji rəqib” kimi davranmaqda davam etsə, onda Moskva da onlarla “eyni tərzdə davranacaq”.

Qapını Moskvanın üzünə bərk çırpmaq

Bu həftə Rusiya hərbiyyəsi ilə bağları olan 45 Rusiya şirkəti üzərinə ABŞ sanksiyalarının qoyulması məsələsini şərh edərkən Ryabkov deyib ki, görünür getməkdə olan administrasiya Moskvanın üzünə “qapını mümkün qədər bərk çırpmaq” istəyir.

Onun fikrincə, bundan məqsəd bu siyasətin Bayden administrasiyası tərəfindən davam etdirilməsinə nail olmaqdır:

"Biz pisdən daha betərinə doğru gedirik. Bu, son dörd il üçün xarakterik olub və bu meylin əndazəsini aşmayacağını gözləmək olmaz”.

Dmitri Peskov isə müxbirlərə deyib ki, “Rusiya üzərinə durmadan yeni sanksiyalar qoyulur və indiyədək Rusiya-ABŞ münasibətlərində pozitiv nəsə baş verməyib”.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın yeni sanksiyalarına cavab veriləcək.

O bildirib ki, ABŞ çoxdan bəridir, Rusiyaya münasibətdə düşmənçilik siyasəti yürüdür”.

Tramp yenə də Rusiyanı yox, Çini günahlandırır

Rusiya rəsmilərinin bu bəyanatlarından bir gün əvvəl Bayden Trampı ABŞ nazirliklərinə genişmiqyaslı haker hücumunun arxasında kimin durduğunu açıq şəkildə elan etməyə çağırmışdı.

Trampın bir sıra yüsək vəzifəli müttəfiqləri bu hücumun arxasında Moskvanın dayandığına inanırlar.

Delaver ştatında etdiyi çıxışda Bayden Tramp administrasiyasını ABŞ-ı kiberhücumlar qarşısında müdafiəsiz qoymaqda günahlandrımışdı.

Bayden demişdi ki, hakerlər onların hərəkətinə çox sərt cavab veriləcəyini bilməlidirlər.

ABŞ administrasiyası hücumun arxasında kimin dayana biləcəyinə dair rəsmi qiymətləndirmə aparmayıb, amma dövlət katibi Mayk Pompeo və baş prokuror Uilyam Barr demişdilər ki, bütün əlamətlər bunun Moskva ola biləcəyini göstərir.

Tramp ötən həftə baş vermis haker hücumunun ciddiliyini kiçiltməyə çalışmış və Çindən şübhələndiyini bildirmişdi.

Kreml haker hücumuna görə hər hansı məsuliyyət daşımadığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG