Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Monqolustanda demokratiya necə işləyir


Çadırlarda prezident seçkisi
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Çadırlarda prezident seçkisi

Monqolustanı «demokratiya vadisi», demokratik inkişafın parlaq nümunəsi adlandırır, digər postkommunist ölkələrinə ondan örnək götürməyi tövsiyə edirlər. Korrupsiya, demokratik təsisatların dayanıqlı olmaması Monqolustanda demokratiyanın taleyindən narahatlığa əsas versə də, kommunizmdən demokratiyaya keçidi uğurlu saymaq olar.

Hazırda Almaniyanın Konrad Adenauer Fondunun Monqolustandakı təmsilçisi olan doktor Daniel Şmükinq siyasi kommunikasiyalar və beynəlxalq münasibətlər sahəsində ixtisaslaşıb. Adiyasuren Jamyandaqva isə Monqolustanda Siyasi Təhsil Akademiyasının icraçı direktorudur. Onun araşdırmaları Monqolustanın NATO və ATƏT-lə münasibətlərinə həsr olunub.

Onların ilkin olaraq Kanadanın Britaniya Kolumbiyası Universitetinin saytında dərc edilmiş məqaləsində Monqolustanı digər oxşar ölkələrdən fərqləndirən beş əsas səbəbi ortaya qoymağa cəhd edilib. Bu səbəblərdən hər biri ayrıca təhlil mövzusudur.

1. Sürətli demokratik hərəkat demokratiyaya qəti sadiqliyə yol açdı

Sovet İttifaqında aşkarlıq və yenidənqurmanın ayaq tutduğu vaxtda monqol gəncləri arasında sistemin dəyişməsini tələb edən hərəkat formalaşırdı. 1989-cu ilin sonunda başlayan bu daxili hərəkat 1990-cı ilin martında böyük nümayişlərlə nəticələndi. 100 mindən çox insanın bu nümayişlərə qatılması kommunist rejimini Politbüronu buraxmağa, həmin ilin iyununda azad və ədalətli seçki keçirməyə məcbur etdi. 1991-ci ildə SSRİ süqut edən zaman Monqolustan öz demokratik inqilabına nəinki başlamış, artıq onu bitirmişdi. Orta Asiya respublikaları SSRİ-dən müstəqil olanda Monqolustan artıq onlardan iki il irəlidə idi.

Paytaxt Ulan-Batorda Leninin sonuncu bürünc heykəlinin yıxırlar. 2012
Paytaxt Ulan-Batorda Leninin sonuncu bürünc heykəlinin yıxırlar. 2012

2. Ümumi etnos və din vahid milli kimliyin əsasını təşkil edir

Milli kimlik hissinin güclülüyü uğur qazanmağa çalışan istənilən milli hərəkatın məhək daşını təşkil edir. Çingizxan və monqol imperiyasının tarixi müasir Monqolustanda milli kimlik konsepsiyasının formalaşmasının açarı sayılır. Burada insanların birləşməsinə və ya parçalanmasına təsir göstərən başqa amillər olsa da, dini və etnik mənsubiyyət əsas amildir.

Monqolustanda buddizm, islam, xristianlıq və şamanizm kimi çox sayda din olsa da, köçəri həyat tərzi sayəsində din heç vaxt ictimai həyatın mərkəzində olmayıb. Ancaq üç əsr ərzində buddizm monqol kimliyinin əhəmiyyətli hissəsini formalaşdırıb. İnsanların daimi bu və ya digər məbədi ziyarət etməsinə imkan verməyən köçəri həyat tərzi, kommunizm, buddizmin özünün təbiəti bu ölkədə dinin hər hansı ictimai rola iddialı olmamasına gətirib çıxarıb.

3. Yarı-prezident sistemi və hakimiyyət bölgüsü sabitliyin kövrəkliyinə yol açacaq

1992-ci ildə qəbul edilən konstitusiyada ən böyük dəyişiklik prezident idarə-üsulunun təsbit edilməsidir. Monqolustan hökuməti parlamentdə səs çoxluğu əsasında formalaşır. Bu, parlament demokratiyalarına xas əlamətdir.

Ulan-Batorda parlament sədrinin istefası tələbilə nümayiş. 2018
Ulan-Batorda parlament sədrinin istefası tələbilə nümayiş. 2018

Ancaq ölkə prezidenti Monqolustan xalqı tərəfindən birbaşa seçilir. Bu sxem ölkənin siyasi həyatının xarakterinə ciddi təsir göstərib.

Birincisi, icraedici hakimiyyətin rəhbəri olan prezidentin olmaması bir fərdin hakimiyyətinin daha çox mərkəzsizləşməsini nəzərdə tutur. Bu dəyişiklik bütün qərarların bir şəxs tərəfindən qəbulu ənənəsindən uzaqlaşmaq baxımından vacib idi. Bu regionda kommunist irsi və idarəçilik tərzi prezidentləri avtoritar rejim yaratmağa həvəsləndirir. Hakimiyyətin mərkəzsizləşməsi isə bir çoxları üçün demokratiyanın qarantıdır.

İkincisi, yarı-prezident sisteminin parlament aspekti xalqın təmsilçiliyini təmin edir və hakimiyyətin qanadları arasında güc balansına yol açır. Qonşu ölkələrdən fərqli olaraq, Monqolustan qeyri-sabit, tez-tez təkmilləşmə tələb edən, ancaq effektiv güc balansı yarada bilib. Hakimiyyətin mərkəzləşdirildiyi sistemdə qərarlar daha tez qəbul olunur və onların icrası daha çox nəzarət altında olur. Monqolustanda isə hakimiyyətdən sui-istifadəni önləməyə yaradılmış bu mexanizm o qədər yaxşı işləyir ki, ayrı-ayrı siyasi partiya və təsisatlar heç nəyə baxmadan bir-birinin hərəkətini məhdudlaşdırırlar.

Üçüncüsü, çoxpartiyalı sistem, 2-3 iri partiyanın olması monqol siyasi həyatının nüvəsini təşkil edir. Belə bir siyasi həyat istər parlamentin daxilində, istərsə də xaricində güclü müxalif hərəkatın mövcudluğunu təmin edir. Bundan başqa, tərəflər, xüsusən də iki iri siyasi partiya arasında qüvvələr balansı sabitliyə və hakimiyyətin dinc yolla ötürülməsinə şərait yaradır.

Monqolustanda seçkilər. 2013
Monqolustanda seçkilər. 2013

4. Güclü vətəndaş cəmiyyəti və azad KİV

Güclü müxalifətlə birlikdə dinamik vətəndaş cəmiyyəti də monqol cəmiyyətinin keşikçisi rolunu oynayır. Vətəndaş cəmiyyəti hələ demokratik dəyişikliklərin ilkin dövründə formalaşmağa başlayıb.

Digər ölkələr və beynəlxalq təşkilatlardan fərqli olaraq, Monqolustanın qeyri-hökumət təşkilatlarına «xarici agent» damğası vurulmur və ölkəyə mənfi təsir göstərən amil kimi baxılmır. Bu, qismən ölkədə çox sayda beynəlxalq təşkilatın olması ilə bağlıdır.

5. Demokratik və sülh dəyərlərinə uyğun xarici siyasət

SSRİ-nin dağılmasından sonra Monqolustan bir neçə il özünü Avropa, Şimali Amerika və Şərqi Asiyanın demokratik ölkələri və demokratik dəyərləri ilə identifikasiya edib.

«Üçüncü qonşu» siyasəti çərçivəsində inkişaf etmiş demokratik ölkələrlə çox yaxşı münasibətlərə malik olan Monqolustan müntəzəm şəkildə öz silahlı qüvvələrinin xeyli hissəsini BMT-nin sülhyaratma missiyalarında iştirak üçün göndərir. Bununla o, dünya ictimaiyyətinin məsuliyyətli üzvü olduğunu göstərir. Bu prinsip, eyni zamanda, Monqolustanın inkişafına yardım etmək və ona investisiya qoymaq istəyən donor ölkələrə də cəlbedici görünür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG