Kalininqradda hərbi məhkəmə yerli monarxist təşkilatın üzvü olduqları güman edilən şəxslər barədə hökm çıxarıb.
Sözü gedən təşkilat Rus Müqavimətinin Baltika Avanqardı (rusca qısaldılmış adı BARS-dır) adlanır.
Müttəhimlərdən ikisi ekstremist birləşməyə üzv olmaqda təqsirli bilinib.
İstintaqın versiyasına görə təşkilatın üzvləri ərazicə Rusiyadan aralıda olan regionda hakimiyyəti ələ almağı və Kalininqrad vilayətini Avropa İttifaqına birləşdirməyi planlaşdırırdılar.
2-ci Qərb dairəsi hərbi məhkəməsinin səyyar iclası barədə məlumatı vəkil Mikhail Uvarova istinadən MediaZona internet xəbər portalı yayıb.
Təşkilatın lideri Aleksandr Orshulevich cəzasını ümumi rejimli koloniyada çəkməklə 8 il azadlıqdan məhrum edilib.
Igor Ivanov və ehtimal olunan iştirakçı Aleksandr Mamaevə 6 il iş verilib.
BARS-ın üzvü olduğu güman edilən Nikolay Sentsov üç il müddətinə məskunluq cəzasına məhkum edilib və təcridxanada qaldığı müddət nəzərə alınaraq məhkəmə zalından sərbəst buraxılıb.
Hakimiyyəti ələ almağın “straykbol məşqi”
Bu iş üzrə iki nəfər birləşmədə iştirak etməkdə təqsirli bilinib. Orshulevich ekstremist birlik yaratmaqda, Sentsov isə silah və partladıcıları saxlamaqda ittiham olunurdular.
Federal Təhlükəsizlik Xidməti bu qrupun straykbol məşqlərini “hakimiyyətin ələ alınmasının məşqi” kimi qiymətləndirmişdi.
İş üzrə təqsirli bilinənlərin hamısı günahlarını inkar edir və özlərinə qarşı cinayət ilşini qondarma sayırlar.
Təşkilatın lideri Orshulevich israr edirdi ki, Mamaev və Sentsov ümumiyyətlə BARS üzvü deyillər.
Vəkil Uvarov bildirib ki, məhkəmə hökmündən apellyasiya qaydasında şikayət veriləcək.
Rusiyanın insan haqları müdafiəsi mərkəzi – Memorial BARS işi üzrə ittiham olunanları siyasi məhbus hesab edir.
1945-ci ildə Sovet İttifaqı tərəfindən ilhaq edilənədək Almaniya şəhəri idi.
Keçmiş adı Köniqsberq olan şəhər hazırda Avropa İttifaqının üzvləri olan Polşa və Litva arasında yerləşir.