Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

Moldova bilmir üzünü Rusiyaya tutsun, yoxsa Avropa Birliyinə...


Moldova, prezident seçkiləri ərəfəsində
Moldova, prezident seçkiləri ərəfəsində

Moldovada prezident seçkilərində əsas mübarizə Avropa Birliyi tərəfdarlarıyla Rusiyaya meyllilər arasında olacaq

Moldova müstəqil olandan bəri xarici siyasət kursunda daim ikitirəlik yaşayıb. Avropayla bütünləşmək yolu seçən və Moskvaya üz tutan hakimiyyətlər bir-birini əvəzləsə də, Avropanın ən yoxsullarından sayılan bu ölkə yerindən çox da irəli gedə bilməyib. Elə siyasi partiyalar da bir-birlərindən yalnız Avropaya, ya da Rusiyaya meylli olmalarıyla fərqlənirlər. Qalan məsələlərdə, demək olar, hamısı eyni havanı çalır.

“Moldovanın gələcəyi Rusiya ilə dostluqdadır!”

Sosialist Partiyasının lideri İgor Dodon Moskva ilə yaxınlığı təbliğ edir.O deyir ki, Moldovanın rifahı və təhlükəsizliyini Avropa Birliyindənsə Rusiya ilə sıx əlaqələr daha yaxşı təmin edə bilər. Dodon seçkiyə “Moldovanın gələcəyi Rusiya ilə dostluqdadır!” şüarı ilə gedir. Son rəy sorğusu Dodon-un 40% səslə açıq-aşkar öndə olduğunu göstərir. Onun ən yaxın rəqibi seçicilərin, hələ ki, cəmi 13%-nin dəstəyini qazanıb.

Moldova - Igor Dodon
Moldova - Igor Dodon

Sosialist Partiyasının cəmiyyətdə belə yüksək inam doğurmasının bir neçə səbəbi var. Birincisi odur ki, insanlar son illər hakimiyyətdə bir-birini əvəzləmiş Avropameyilli koalisiyalardan gözlədiklərini ala bilməyiblər. Bu koalisiyaların hamısı seçkidən öncə ölkənin sürətlə Avropayla bütünləşəcəyini vəd ediblər. Ancaq reallıqda hiss olunacaq irəliləyiş baş verməyib. Heç şübhəsiz, bunda Avropa Birliyindəki iqtisadi böhran və “Brexit”lə bağlı Brüsselin özünün də şərqə doğru genişlənməyə marağının azalmasının bəlli rol oynayıb.

Adamlar nə gözləyirlər?

Ancaq Parisdə yerləşən Təhlükəsizlik Araşdırmaları İnstitutunun regional eksperti Nicu Popescu-nun fikrincə, moldovanlar arasında Avropa Birliyinə rəğbətin azalmasının başlıca səbəbi korrupsiya ilə effektiv mübarizə aparılmamasıdır. İnsanların Avropaya meyllilərdən əsas gözləntisi budur. Popescu-nun dediyinə görə, son beş ildə Moldovada Avropa Birliyinə rəğbət 65%-dən 40%-ə düşüb. Bu düşüş son bir ildir ki, dayanıb. Hazırda Avropa Birliyi və Rusiya tərəfdarları, hərəsi 40% olmaqla, başa-baş gedir.

Rusiya ilə sıx əlaqə tərəfdarlarının artmasındakı başqa bir amil - Moskvanın Kişinyova davamlı təzyiqi ilə bağlıdır. Rusiyanın 2006-cı ildən Moldovaya tətbiq etdiyi selektiv idxal qadağası bir vaxtlar böyük Rusiya bazarına şərab, meyvə və tərəvəz ixrac etməklə dolanmış Moldova fermerlərinə ağır zərbə vurur.

Bundan başqa, Kreml 1990-cı ildən Moldovadan ayrıldığını elan etmiş, amma beynəlxalq aləmdə tanınmamış Dnestryanı respublikasını hər vəchlə dəstəkləyir. Bir çox moldovan Moskva ilə “dost” münasibətlər qurularsa, bu problemin çözüləcəyinə ümid bəsləyir.

Moldova, Maia Sandu
Moldova, Maia Sandu

Avropameyllilər nə vəd edirlər?

Sosialist Partiyasından fərqli olaraq, Fəaliyyət və Həmrəylik Partiyası ölkənin gələcəyini Avropa Birliyində görür. Partiyanın lideri, sabiq təhsil naziri Maia Sandu 2014-cü ildə Avropa Birliyi ilə imzalanmış Assosiasiya Sazişinin həyata keçirilməsi üzrə, özəlliklə korrupsiya ilə mübarizədə radikal addımlar atılacağını bildirir. Sandu-nun, hələlik, 13% səsi var, ancaq nəzərə almaq lazımdır ki, Qərblə Şərq arasında balanslı siyasət təklif edən sabiq kommunist prezident Marian Lupu oktyabrın 26-da namizədliyini Sandu-nun xeyrinə geri götürüb. Lupu-nun tərəfdarları səs verənlərin təxminən 13 %-i qədərdir.

Rumıniyaya birləşməyi təklif edən (Moldova vaxtilə Rumıniya Krallığının tərkibində olub) başqa bir namizəd, Liberal Partiyasının rəhbəri Mihai Ghimpu isə 1%-dən də az reytinqə malikdir.

Moldovada bu vaxtadək prezidenti parlament seçib. İndi, ilk dəfə olaraq, prezidenti ümumxalq seçkisi müəyyənləşdirəcək. Birbaşa xalqdan mandat alacaq prezidentin ölkənin gələcək istiqamətinin müəyyənləşdirilməsində daha təsirli olacağı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG