Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:39

MN: 'Təyyarə Xəzərə düşməzdən yad cisimlə toqquşub' [Reaksiya]


Pilotun nəşinin tapıldığı deyilir
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Pilotun nəşinin tapıldığı deyilir

MN-in açıqlamasına: «Axı rabitə də kəsilib...»

«Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin qəzaya uğraması səbəbləri barədə Müdafiə Nazirliyinin məlumatını mən də oxudum, amma, sözün düzü, bu, ağlabatan görünmür».

Bunu istefada olan keçmiş hərbçi Telman Əbilov deyib.

T.Əbilovun vurğulamasına görə, təyyarənin qara qutusunun belə tezliklə oxunması da onun təəccübünə səbəb olub: «Əvvəlcə qara qutu tapılanda dedilər ki, qutu zədələnib, onun oxunması üçün zədənin aradan qaldırılması lazım idi. Həm də onun oxunması uzun müddət istəyir. Sonra dedilər ki, Ukraynadan mütəxəssislər dəvət ediləcək. Yəni, ortada belə hallar var».

T.Əbilova görə, qəzanın yad cisimlə toqquşması nəticəsində baş verməsi də təəccüblüdür: «Tutaq ki, məlumatda yazıldığı kimi, yad cisim, quşlar mühərriki zədələyiblər. Axı, rabitə də kəsilib. Bu da araşdırılmalıdır ki, əlaqənin kəsilməsi texniki məsələdir, yoxsa buna müdaxilə olub? Bunlar müəyyən olunmalıdır. Bu baxımdan deyirəm ki, bu səbəblər inandırıcı gəlmir mənə. Lap mühərrik zədələnmişdisə, rabitə var idisə, pilot komanda heyətinə bu barədə bir-iki cümlə nəsə deyə bilərdi. Bir çox belə səbəblərə görə yad cisimlə toqquşma nəticəsində qəzanın baş verməsi mənə inandırıcı görünmədi».

+++

Bu gün, avqustun 22-də Müdafiə Nazirliyi (MN) Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin qəzaya düşməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama yayıb.

Məlumatda qeyd edilir ki, gecə təlim-məşq uçuşları zamanı qəzaya uğrayan MiQ-29 döyüş təyyarəsinin bort qeydiyyatçısındakı (qara qutu) məlumatlar və digər texniki sənədlər təhlil edilərək öyrənilib:

«...Aviasiya hadisəsinin araşdırılması komissiyasının gəldiyi son rəyə görə, təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb».

Açıqlamada qara qutuya istinadən bildirilir ki, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib: «Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb».

Nazirlik bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında olan məlumatların oxunması üçün Azərbaycanda mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə iddiaları «əsassız» adlandırıb: «... Hər uçuşdan sonra qara qutudakı məlumatlar... xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır. Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik».

Xatırlatma

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib.

Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib. Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılmışdı. Onun qara qutusunun avqustun 19-da, pilot Rəşad Atakişiyevin nəşinin isə ondan bir gün sonra tapılaraq dənizdən çıxarıldığı açıqlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG