Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Milli Şuranın mitinqinə razılıq verilməyib


Bakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirmək istəyinə müsbət cavab verməyib.

Bu barədə BŞİH-dən bu gün, yanvarın 24-də cavab aldıqlarını deyən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli bildirib.

Onun sözlərinə görə, görə İcra Hakimiyyəti məktubda qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bundan əvvəlki mitinqlə bağlı onlara müraciət gəlib.

Həmin müraciətə əsasən, mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.

İbrahim İbrahimlinin sözlərinə görə, həmin müraciəti əsas götürən BŞİH yanvarın 26-na nəzərdə tutulan mitinqi məqsədəuygun hesab etməyib.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn isə bunları bildirib:

“AXCP və Milli Şura rəhbərliyində müzakirələr gedir və yekun qərarlarla bağlı məlumat veriləcək”

Milli Şura “siyasi məhbuslara azadlıq” və bir sıra başqa tələblərlə yanvarın 26-da Bakıda mitinq keçirmək niyyətində idi. Bundan ötrü də BŞİH-ə müraciət edilmişdi.

Bundan əvvəl

Milli Şura, Müsavat Partiyası və bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “bloger Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.

Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Aksiyada hakimiyyət korrupsiyada da günahlandırıldı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Daha sonra nə oldu?

Mitinqdən dərhal sonra Bakı Şəhər Baş Polis İdarəsi açıqlama yaydı. Həmin açıqlamada “ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb” cümləsi də yer alırdı.

Amma sonrakı günlərdə Milli Şura və bəzi müxalifət qüvvələrinin yanvarın 19-da keçirilən aksiyasında iştirak edən bir çox insanlara polisin zəng vurduğu, bəzilərinin isə polis şöbələrinə çağırıldığı haqqında məlumatlar yayıldı.

Müxalifət partiyalarının rəhbərləri bəyan etdilər ki, hakimiyyət aksiyanın kütləviliyindən çəkinərək təzyiqləri artırıb.

Hətta, polisə çağırılanlardan inzibati qaydada həbs edilənin olduğu bildirildi.

Siyasi fəal Elvin Abdullazadə mitinqdən sonra 25 sutka alıb
Siyasi fəal Elvin Abdullazadə mitinqdən sonra 25 sutka alıb

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu məsələ ilə bağlı suala birbaşa cavab vermədi. Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yanvarın 22-də Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumat yaydığını və suallara orda cavab verildiyini dedi.

Həmin məlumatda isə qeyd edilirdi ki, yanvarın 19-da keçirilən mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar küçə yürüşünə cəhd ediblər.

Birgə məlumatda aksiyanın təşkilatçılarının polisə dəvət edildikləri də bildirilirdi. Orada deyilirdi ki, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq, əhalinin rahatlığının, müəssisələrin fəaliyyətinin pozulması təkrarlanacaqsa, aksiya təşkilatçıları və iştirakçılarının məsuliyyətə cəlb ediləcəkləri ilə bağlı onlara xəbərdarlıq edilib.

BŞBPİ-nin rəisi Mirqafar Seyidov
BŞBPİ-nin rəisi Mirqafar Seyidov

“Report” agentliyinin məlumatına görə də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Mirqafar Seyidov deyib ki, son aksiyadan sonra bu məsələ ilə bağlı şəhər rəhbərliyinə müraciət etmək niyyətindədir: “... Belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”.

Xatırlatma

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Blogerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG