Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:18

Milli Şuranin mitinqinə yenə razılıq verilmədi


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə yenə müsbət cavab verməyib

Bu barədə AzadlıqRadiosuna aksiyanın təşkilatçılarından, qurumun Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti fevralın 23-nə təyin edilən mitinqə razılıq verilməməsini yenə Bakı Şəhər Baş Polis İdarəsinin yanvarın 21-də onlara göndərdiyi müraciətlə əsaslandırıb.

Söhbət hansı müraciətdən gedir?

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın bu il bundan əvvəl yanvarın 26-na təyin edilən aksiyasına da eyni müraciəti əsas göstərərək icazə verməmişdi.

İcra Hakimiyyəti məktubda qeyd edilirdi ki, Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) yanvarın 19-da keçirilən mitinqlə bağlı onlara müraciət gəlib.

Həmin müraciətə əsasən, mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.

Bu müraciəti əsas götürən BŞİH yanvarın 26-na nəzərdə tutulan mitinqi də məqsədəuygun hesab etməmişdi.

Milli Şura isə bunu bəhanə sayaraq, mitinqə icazə verilməməsini hakimiyyətin bundan əvvəl yanvarın 19-da keçirilən aksiyanın kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

Milli Şura problemli kreditlər məsələsini gündəmə getirmişdi

Milli Şuranın fevralın 23-nə təyin edilən aksiyasında siyasi tələblərlə yanaşı bir sira sosial məsələlərin də gündəmə gətiriləcəyi gözlənirdi.

Aksiyanın təşkilatçıları bildirmişdilər ki, onlardan biri də problemli kreditlər məsələsidir. Milli Şura vaxtı keçmiş kreditlər məsələsində əhaliyə güzəşt edilməsini istəyir. Hakimiyyət rəsmiləri idə bugünlərdə deyiblər ki, bu məsələ ötən ildən hökumətin gündəmindədir.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib, manat dollar qarşısında iki dəfə dəyər itirib. Rəsmi məlumatlara görə, bu ilin əvvəlində vaxtı keçmiş kreditlərin həcimi 1.6 milyard manata yaxın olub. Bu müddət ərzində Konstitusiya Məhkəməsi iki dəfə problemli kreditlər məsələsi ilə bağlı müraciətə baxıb. Amma devalvasiyalardan əvvəl xarici valyutada götürülən kreditlərin mövcud məzənnə ilə qaytarılmasını əsaslı sayıb.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “bloger Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.

Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Aksiyada hakimiyyət korrupsiyada da günahlandırılmışdı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb.

XS
SM
MD
LG