Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Son illərin ən gur mitinqi yeni başlanğıcdırmı?


İlham Əliyev Mehman Hüseynovla bağlı göstəriş verdi
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

İlham Əliyev Mehman Hüseynovla bağlı göstəriş verdi

Ötən şənbə, bloqqer Mehman Hüseynov da daxil, ictimai fəalların azadlığa buraxılması tələbi ilə müxalifətin mitinqində əvvəlkilərdən da çox iştirakçı gəldiyi müşahidə olundu.

Bəzi müşahidəçilər, məsələn, siyasi şərhçi, “Turan” agentliyinin direktoru Mehman Əliyev deyir ki, budəfəki mitinqə əvvəlkilərdən iki dəfəyə qədər çox adam gəlmişdi. Onun sözlərinə görə, ümumilikdə bu mitinq əvvəlkilərdən fərqli idi:

“Bu mitinq daha emosional idi. Bu mitinqdə yeni simalar çox idi”.

Mitinqin təşkilatçılarından biri, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli AzadlıqRadiosuna deyib ki, o mitinqdəki aktivlikdən razı qalıb:

“Azərbaycanda yeni bir mərhələnin başlanğıcı oldu bu mitinq. Əvvəla ona görə ki, bu son 13 ilin, 2005-ci il seçkilərindən sonra keçirilən ən coşqulu mitinq idi. Baxmayaraq ki, bizə çoxsaylı maneələr var idi- üzvlərimiz həbs olunmuşdu, rayonlardan gələn yolları bağlamışdılar, amma bu prosesə xalqın könüllü qoşulması hər şeyi kompensasiya elədi”.

Budəfəki mitinqdə tribunadakı yeni simalardan biri də İlqar Məmmədov idi. ReAl partiyasının sədri həbsdən çıxandan sonra ilk dəfə idi ki, kütləvi mitinqə qatılırdı:

“Azərbaycan xalqı üçün tarixi məsələlər qalıb bir kənarda, biz nəyi müzakirə edirik? Azərbaycan adında böyük bir dövlətin prezidenti gənc bir uşağı buraxmaq istəmir. Azərbaycan xalqının problemləri qalıb bir kənarda Azərbaycan xalqının diqqəti, bir neçə gənc uşağın prezidentlə dartışmasında qalıb”.

ReAl partiyasının icra katibi Natiq Cəfərli deyir ki, partiya üzvlərinə mitinqə qatılmaqla bağlı çağırış etməmişdi, bununla belə, İlqar Məmmədovun çıxış edəcəyini mətbuatdan bilən üzvlər, meydana gəlmişdilər.

Azər Rəşidoğlu: “Yeni klanın ilk ciddi məğlubiyyəti…”

Siyasi şərhçi Azər Rəşidoğlu öz Facebook səhifəsindəki şərhində sonuncu mitinqi hakimiyət daxilindəki hadisələrə bağlayır:

“Mehmanla bağlı hadisə hakimiyyətə qarşı yönəldi və yeni klanın ilk ciddi məğlubiyyəti oldu. Hakimiyyətin siyasi ideoloqlarının zəiflədilməsi və köhnə komandanın qoçularının narazılığı müxalifətin xeyrinə oldu və bu proses iqtidarı zəiflətməyə doğru inkişaf edəcək. Yeni klan ölkəni "Pashinian modeli"nə sürükləyir. 1998-ci ildə Qarabağ danışıqlarında sülh sazişi imzalanmaq üzrə idi. Onda məlum istefalar və müxalifətin ən izdihamlı mitinqi oldu. Saziş imzalanmadı…”

Bəs bnundan sonrakı siyasi proseslər necə inkişaf edə bilər? Etirazlar bəzilərinin dediyi kimi yeni mərhələnin başlanğıcıdırmı?

Şənbə günü mitinqinə gələn siyasi liderlər artıq “Məhsul” stadionunun darlıq etdiyini, hökumətin daha böyük meydanlarda müxalifət üçün yer ayırmalı olduğunu iddia etdilər.

“Turan” agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev deyir ki, yanvarın 19-da keçirilmiş mitinq daha da böyük miqyasda təkrarlana bilər:

“Əsas səbəb odur ki, ölkədə böhran var. Hökumətin vədləri özünü doğrultmadı, bu çox real səbəbdir. Mənim müşahidəmə görə mitinqdə iştirak edənlər aşağı gəlirli kütlə idi”.

Mehman Əliyev yaza doğru etirazların artacağını gözləyir.

Amma ReAl Partiyasından Natiq Cəfərli deyir ki, hələ böhran o həddə çatmayıb ki, ciddi dəyişiklik yaratsın, onun sözlərinə görə, insanların fəallığı müxalifətin bundan sonra öz strategiyasını necə qurmasından asılı olacaq.

Nizami Cəfərov mitinqlərin əleyhinədir

Hakim Yeni Azərbaycan Partiyasının liderləri isə ümumilikdə xalqın onları dəstəklədiyini deyir, ölkədə sabit siyasi və iqtisadi durumun olduğunu, etiraz üçün səbəb olmadığını bildirirlər.

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nizami Cəfərov isə bu sonuncu mitinqi də önəmli hadisə saymır, nəticələrinin olacağını düşünmür:

“Mitinqlərlə bağlı məsələ aydındır. Dövlətin öz qayda-qanunu var. Mitinqlə məsələ həll etmək dövrü keçdi artıq. İnanmıram ki, mitinqin əhəmiyyəti olsun, əksinə bu qanun-qaydaya tabe olmamaqdır. Bunun da nəticələri yaxşı olmur”.

Nizami Cəfərov deyir ki, müxalifət fərdi məsələlərlə məşğul olmaqdansa, özünü həqiqətən siyasi qüvvə hesab edirsə konstruktiv planı, proqramı olmalıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Etiraz aksiyalarının keçirilməsinə ciddi əsaslar varmı?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Ümumilikdə ictimai aktivlik keçən ilin sonunda, Mehman Hüseynovun aclıq aksiyası başlaması ilə nisbətən yüksəlməyə başladı. Daha sonra azadlıqda olan başqa fəallar aclığa başladılar. Beynəlxalq qurumlar Mehman Hüseynovu azadlığa buraxmağa səsləyən bəyanatlar verdilər, Avropa Parlamenti isə ötən həftə bununla bağlı qətnamə qəbul etdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG